Xarici mətbuat «Eurovision 2010»un almaniyalı qalibi Lena Mayer-Landrutla bağlı yeni məlumat yayıb. Modern.az xəbər verir ki, Bolqarıstan mətbuatı Lenanı plagiatlıqda ittiham edib. Bolqarlar iddia edirlər ki, Lenanın oxuduğu «Satellite» mahnısı “Gecəniz xeyirə qalsın, uşaqlar” adlı bolqar cizgi serialında səslənən bir kompozisiyadan oğurlanıb.
Bolqarıstanın ən iri radiolarından olan Darik Radio-nun aparıcısı Draqomir Zimenov isə Lenanın plagiatlığına işarə edərək deyib: “Təbrik edirəm Bolqarıstan! Axır ki, bizim ölkəmizin mahnısı da «Eurovision”un qalibi oldu. Qeyd edək ki, bu, birinci hal deyil ki, «Eurovision” mahnı yarışmasının qalibi plagiatlıqda ittiham olunur. 2007-ci ildə keçirilən «Eurovision”da birinci yeri tutan serb ifaçı Mariya Şerifoviçi də “Molitva” mahnısını bir alban kompozisiyasından oğurlamaqda ittiham etmişdilər.
«Eurovision 2010»un almaniyalı qalibi Lena Mayer-Landrut 23 may 1991-ci ildə Hannover şəhərlərində doğulub. 19 yaşlı bu qız ailəsinin yeganə övladıdır. O, Almaniya Federativ Respublikasının keçmiş SSRİ-dəki sabiq səfirinin nəvəsidir. Lena 5 yaşından müasir və bal rəqslərilə məşğul olmağa başlayıb. Maraqlıdır ki, onun musiqi və aktyorluq təhsili yoxdur.
Modern.az