Ermənistan ABŞ-la Zəngəzurdan keçən "Tramp marşrutu"nun 49 və ya 99 il müddətinə icarəyə verilməsi üçün iki ssenarini müzakirə edir.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda regional təhlükəsizlik üzrə keçirilən konfransda açıqlayıb.
8 avqustda Vaşinqtonda müvafiq bəyannamə imzalanarkən 99 illik icarə müqaviləsi müzakirə olunub. İndi yeni ssenari də müzakirəyə çıxarılıb.
Ermənistan baş naziri deyib ki, şərtlər investisiya və onun gəlirliliyi ilə bağlıdır. İnvestor investisiyalarından gəlir əldə edəcəyinə dair zəmanətə malik olmalıdır.
“İnvestor əmin olmalıdır ki, investisiyasından gəlir əldə edəcək. Əgər biz torpaq sahəsini cəmi 5 il müddətinə versək, heç kim investisiya qoymağa cəsarət etməyəcək, çünki bu, maliyyə baxımından qeyri-realdır”, - deyə Baş nazir qeyd edib.
Qeyd edək ki, Nikol Paşinyanın dünən parlamentdəki çıxışı zamanı bildirib ki, "Tramp yolu"nun tikintisinə 2026-cı ilin ikinci yarısında başlanılacaq.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. ABŞ prezidentinin sözlərinə görə, Ermənistan ABŞ-a marşrutun (Ermənistan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən) inkişafı üçün eksklüziv uzunmüddətli hüquqlar verəcək və bu hüquqlar vasitəsilə Azərbaycan Naxçıvanla quru əlaqəsi yarada biləcək. Amerika tərəfi torpağı infrastruktur və idarəetmədən məsul olan konsorsiuma icarəyə verməyi planlaşdırır.
İki ölkənin xarici işlər nazirləri həmçinin ATƏT-in Minsk Qrupunu və onunla əlaqəli strukturları bağlamaq üçün birgə müraciət imzalayıblar. Nazirlər həmçinin gələcək sülh müqaviləsinin mətnini paraflayıb və daha sonra dərc ediblər.