Modern.az

Jurnalistlər İsa Muğannadan nə oxuyub? – SORĞU

Jurnalistlər İsa Muğannadan nə oxuyub? – SORĞU

Ədəbi̇yyat

2 Aprel 2014, 15:28

 

İsa Muğanna Azərbaycan ədəbiyyatında bir çox dəyərli əsərlərlə yadda qaldı. Onun istər “İsa Hüseynov” imzası ilə yazdığı lirik-psixoloji povest və hekayələr, istərsə də Muğanna silsiləsindən olan fəlsəfi romanları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Maraqlıdır, görəsən modern Azərbaycan mediasının nümayəndələri İsa Muğannanı necə tanıyır, onun hansı əsərləri ilə tanışdırlar.

Modern.az bu istiqamətdə hazırladığı sorğunu sizlərə təqdim edir:

Azər Rəşidoğlu (Müsavat.com): “Bütün əsərlərini oxumuşam. Azərbaycanda iki yazar var ki, sevə-sevə oxuyuram. İsa Hüseynov - Muğanna və Çingiz Hüseynov. Muğannanın “İdeal”,  “Məşhər”, “Şəppəli”, “Cənənnəm”, “Yanar ürək”, “Tütək səsi”povest-romanlarını  və bütün hekayələrini oxumuşam. Dünya miqyaslı nəhəng bir yazar idi. Hətta Çingiz Aytmatovdan daha nəhəng idi. Allah rəhmət eləsin

Azər Sarıyev (jurnalist): “Məhşər", "İdeal" romanlarını, bir də hekayələrini oxumuşam”

Ramilə Qardaşxanqızı (müstəqil yazar): “İsa Hüseynov elə bir yazardı  ki, ola bilməz ədəbiyyata gələn gənc yazarların, ciddi oxucuların diqqətini cəlb etməsin. Mənim də diqqətimi cəlb edib. "İdeal" "Doğma və yad adamlar",  "Yanar ürək" ve bir neçə hekayələri ilə tanışam. Biz Bakı Slavyan Universiteti, yaradıcılıq fakültəsi olaraq bu yaxınlarda  Muğannayla görüşə getməliydik. Çox təəssüf ki, gecikdik…

Azər Qaramanlı (Pia.az): “Bütün kitablarını oxumuşdum. İlk gənclik illərində o mənim kumirim olub. Xüsusilə "İdeal"ın ilkin variantı Azərbaycan ədəbiyyatının ən böyük romanlarından biri, bəlkə də birincisi idi. İsa Hüseynov Azərbaycan nəsrinə yeni ideya, yeni stil və yeni texnika gətirən bir yazarımızdı. Allah rəhmət eləsin. Hesab Edirəm ki, İsa Hüseynov yaşadığımız dönəmin ən böyük yazıçısı idi və bu itki Azərbaycan ədəbiyyatının son 50 ildə ən böyük itkisidir”.

Elməddin Muradlı (“Üç nöqtə” qəzeti): “Onun əsərləri çox ağır, fəlsəfi yükü olan əsərlərdir. Ona görə çox böyük əziyyət tələb edir.  Mən “Məşhər” romanını oxumuşam”.

Günel Əbilova (Qafqazinfo.az): “Mən bakalavr üzrə Bakı Slavyan Universitetində təhsil almışam. Bizdə belə bir qayda var idi ki, hər semestr boyu 10 əsər oxuyub, qısa təhlilini danışmalıyıdıq. İdeal əsəri də həmin siyahıda yer alırdı. Daha sonra "Tütək səsi"ni isə online şəkildə oxumuşam”.

Cəmaləddin Həsənoğlu (publika.az): “Kollu koxa”, “Yanar ürək” və “İdeal”ın ilk variantını oxumuşam. "Tütək səsi", "Nəsimi", "26-lar" , "Ulduzlar sönmür” və "Nizam"i kinofilmləri ilə isə hamımız tanışıq. Bu filmlərin ssenari müəllifi də İsa Hüseynov idi”.

Elnarə Sultan (müstəqil yazar): “Hələ ki, təkcə "İdeal". Özünün məsləhət bildiyi kimi ardıcıllıqla oxuyacam, "Məhşər" və o biri əsərlərini. "İdeal" düzü çox çətin dili olan bir əsərdi, öncə onunla yola getmək asan olmadı. Amma oxuduqca da ayrıla bilmədim. Şamil müəllimin "OdƏrlər" romanını oxuyanda İsa Hüseynovun qeyri-adi üslubu haqda məlumatlandım, o əsər Muğannaya gedən yolda mənə bələdçi oldu”.

Dilqəm Əhməd: (“Gündəlik teleqraf” qəzeti) “İdeal", "Məşhər", "Gur Ün", "Cəhənnəm", "İsahəq, Musahəq" əsərlərini oxumuşam.

Əziz Rzazadə (Modern.az): “İsa Hüseynov Azərbaycan nəsrini sovet klişelərindən çıxaran yazıçılardan biri idi. Onun "Məşhər"ə qədərki hekayə və povestləri milli ədəbiyyat üçün dəyərli əsərlərdi. “Bir az romantika” hekayəsini oxuyandan sonrasa Anarın İsa Hüseynovu niyə "onu öz ustadım bilirəm" açıqlamasını anlamaq çox rahatdır. Amma "Məşhər"dən başlayaraq İ. Hüseynovun sonradan yazdıqlarını düşünmədən zibil qutusuna atmaq olar. Çünki... tam cəfəngiyatdır. yadımda, o zaman "Azərbaycan" jurnalında "Məşhər"lə bağlı İ. Hüseynova tutarlı bir rəy yazılmışdı. dünyaya qapı açdığımız dövrdə də məlum oldu ki, hürufilər və s. bağlı Azərbaycan yazıçılarının yazdığı "külliyyatlar" kül topasından başqa bir şey deyil. O cümlədən "Məşhər" də!.. İsa Hüseynov bir çox Azərbaycan yazıçıları kimi, Azərbaycan tarixini çox pis bilirdi. Daha doğrusu heç bilmirdi. Buna görə də onun ən böyük tənqidçilərindən biri mərhum tarixçi-alim Ziya Bünyadov idi”.

 

Elmin Nuri

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır