Beynəlxalq Ticarət Təşkilatının Gürcüstandakı rəhbəri Fadi Asli Azərbaycana qarşı iddialı bəyanatla çıxış edib. Modern.az Gürcüstanın “Apsny” agentliyinə istinadən xəbər verir ki, Fadi Asli iddia edir ki, Azərbaycanda gürcü şirkətlərindən ölkənin daxili bazarında təmsil olunmaq üçün rüşvət tələb olunur. “Biznes-Gürcüstan” saytı xəbər verir ki, Fadi Asli gürcü mineral su və pivə içkisi ilə bağlı misal çəkib. Fadi qeyd edir ki, Azərbaycan tərəfi bir vaqon mineral su üçün əlavə olaraq 50 min dollar, pivənin hər bir litri üçün isə 1 dollar tələb edir.
Fadi Asli bir sıra qurumların təmsil olunduğu Assosiasiyaya rəhbərlik etdiyini və buna görə də sözügedən məsələ barədə tam açıq danışmaq hüququna malik olduğunu deyib. O bu məsələni ötən həftə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri ilə müzakirə etdiyini də əlavə edib. Azərbaycan tərəfi isə Aslinin iddialarını qəti şəkildə rədd edib. Səfirliyimiz bildirib ki, Azərbaycan Gürcüstan da daxil bütün ölkələr üçün açıqdır. Səfirlikdən onu da bildiriblər ki, gürcü mineral suyu ilə bağlı problemlər dialoq yolu ilə həll olunmalıdır.