Modern.az

Botanika bağında ağac “qırğını” - FOTO + VİDEO

Botanika bağında ağac “qırğını” - FOTO + VİDEO

5 Aprel 2014, 22:22


Bu günlərdə Facebook-da, sonra isə ANS-in “İç xəbər” proqramında AMEA-nın Botanika bağında ağacların kəsilməsini əks etdirən fotolar və reportaj yayılıb. Bakının hansısa məhəlləsində deyil, məhz Milli Elmlər Akademiyasının Botanika bağında ağacların kəsilməsi haqlı olaraq ciddi səs-küyə səbəb olub. Bunun ən başlıca səbəbi şübhəsiz ki, təbiətin qorunmasına cavabdeh olan, bu kimi faktları yeri gələndə qınamalı olan bir qurumun öz əhatə dairəsində təbiətə qənim kəsilməsi idi.

Bu hadisədən sonra Botanika bağının rıhbərliyi bəzi KİV-lərə açıqlamasında deyib ki, heç bir ağac kəsintisindən söhbət gedə bilməz. Bir sözlə, ciddi-cəhdlə faktı təkzib etməyə çalışıblar. Amma məhz Facebook-da yayılan fotolar və “İç xəbər”dəki repotaj bu bağda ağac kəsilməsini əks etdirib. Görünən yerə bələdçi lazım olmadığı kimi, təbii ki, nə fotolarda və “İç xəbər”dəki reportajda əks olunan ağac kəsintisini təkzib etmək mümkündür. Bu, məsələnin bir tərəfi.

Əlbəttə, müvafiq qurumlar bu faktı araşdırıb nəticəni açıqlayacaqlar. Botanika bağının rəhbəri Vahid Fərzəliyevin təkzibinə gəldikdə, görünür bu faktın ciddi səs-küyə səbəb olduğunu düşünərək belə tez reaksiya verib.

Modern.az saytının apardığı araşdırma zamanı da bir neçə gün öncə Botanika bağının ərazisində ağacların kəsilməsi faktı təsdiqlənib. Ona görə, belə sual yaranır: AMEA-nın prezidenti görəsən bu ağaclar kəsiləndə niyə reaksiya verməyib?

Suala cavab olaraq iddia etmək mümkündür ki, bu əraziyə göz dikənlərlə rəhbərliyin əvvəlcədən razılaşması olduğundan reaksiya verməyib. Digər tərəfdən, bəlkə də rəhbərliyin ağacların kəsilməsindən xəbəri olmayıb, yaxud bu qanunsuzluğu edənlər heç onunla məsləhətləşməyiblər də.

Onda digər sual ortaya çıxır: AMEA-nın prezidenti, Botanika bağının mühafizəsinə cavabdeh olanlar niyə bu qanunsuzluğa reaksiya verməyiblər? Söhbət hansısa yiyəsiz ərazidən getsəydi, ağacların səssiz-səmirsiz kəsilməsini başa düşmək olardı. Söhbət burada hasarlanmış böyük bir ərazidən - qapısında polis dayanan sahədən gedir.

Bir daha qeyd edirik: Botanika bağının mühafizəçiləri niyə ağacların kəsilməsinin qarşısını almayıblar? Yəqin həm AMEA-nın, həm Botanika bağının rəhbərliyi, həm də müvafiq qurumlar bu biganəliyin səbəbini tezliklə açıqlayacaqlar. Təbii ki, həm də Botanika bağının rəhbəri Vahid Fərzəliyevin iddia etdiyi kimi, ağacların kəsilməsi yox, çıxarılıb başqa yerə köçürülməsi faktının da nə dərəcədə həqiqət olduğu onda bilinəcək.





Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır