Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib.
Modern.az xəbər verir ki, Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, C. Həsənli dindirilmək üçün DTX-yə çağırılmışdı. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib.
***
15:01
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib.
Modern.az xəbər verir ki, o sosial şəbəkədə bildirib ki, bu gün “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş.
Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.
Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.
Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-də dindiriliblər.
Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.
Digər məlumata görə, dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb.
Xatırladaq ki, bir müddət öncə media Gültəkin Hacıbəylinin də ölkədən qaçdığını yazmışdı. Gültəkin Hacıbəyli bunu təkzib etsə də, qısa müddətdə onun “təkzib”i Türkiyədən verdiyi məlum olmuşdu.
Həmçinin məlumdur ki, AXCP sədri Əli Kərimlinin evində axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapıldığı barədə informasiya yayılıb.