Bu gün Azərbaycanda “Molla Nəsrəddin” jurnalının 109-cu ildönümünü qeyd olunur. Publisistikamızda satirik realizmin əsasını qoyan bu jurnal Cəlil Məmmədquluzadənin səyi nəticəsində Azərbaycan ictimai fikrində özünəməxsus yer tutub. Ədibin və jurnalın ən məhsuldar araşdırmaçılarından olan AMEA-ın vitse-prezidenti akademik İsa Həbibbəyli Modern.az saytına açıqlamasında bildirib ki, əslində “Molla Nəsrəddin” jurnalının yaranma tarixi 7 aprel yox, 20 apreldir. Alim öz arqumentini bu cür əsaslandırır:
““Molla Nəsrəddin” jurnalının meydana çıxma tarixini bu cür yazırlar: Tiflis, 7 aprel 1906-cı il. Ona görə də cəmiyyətimiz onu bu gün qeyd edir. Amma XX əsrin əvvəllərində tarixlərin üzərinə 13 gün də gəlmək lazımdır. Çünki 1917-ci il inqilabından sonra hökumət köhnə stillə il hesablamanı 1 iyulda çıxardığı qərara əsasən dəyişdi və həmin 13 gün ləğv edildi. Belə olan halda tarixin 7 aprel yazılmasına baxmayaraq üzərinə 13 gələndə yəni, yeni miladi tarixə çevirəndə “Molla Nəsrəddin”in yaranma günü 20 aprelə təsadüf edir. Biz Naxçıvanda 10 il dalbadal 20 apreldən başlayaraq Cəlil Məmmədquluzadə günləri qeyd edirdik. Amma bu da yaxşı haldır. Elə qoy iki tarixdə keçirilsin. Amma dəqiq bilinməsi üçün qeyd etməliyik ki, “Molla Nəsrəddin”in doğum tarixi, fikrimcə, 20 apreldir“.
Elmin Nuri