Modern.az

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov MODERN.AZ-a müsahibə verdi - EKSKLÜZİV

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov MODERN.AZ-a müsahibə verdi - EKSKLÜZİV

9 Aprel 2014, 09:27


Bir müddət öncə PAŞA Bank, British Council və Böyük Britaniyanın Tomson Fondunun dəstəyi ilə keçirilən «Biznes Jurnalistikası» layihəsində iştirak edən bir qrup jurnalist 16-23 mart tarixlərində London şəhərində olub.

Media nümayəndələri BBC, «The Daily Telegraph», «Financial Times» kimi dünya informasiya məkanında xüsusi çəkisi olan media qurumları ilə yanaşı, London Fond Birjası, Lordlar Palatası, Qrinviç Meridianı və bir sıra gəzməli, görməli yerlərə baş çəkib, eyni zamanda Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovla görüşüblər. Səfirlə müsahibəni təqdim edirik: 

- Cənab səfir, iqtisadi münasibətlərdən başlayaq...

- Hər birinizi salamlayır və «xoş gəlmisiniz» deyirəm. Bildirmək istəyirəm ki, Azərbaycanla Böyük Britaniya arasında hökumətlərarası iqtisadi komissiya yoxdur. Dörd il bundan əvvəl təsis edilən Britaniya-Azərbaycan Biznes Şurası mövcuddur. Şuranın Böyük Britaniya tərəfdən sədri nazir vəzifəsində çalışmış dövlət xadimi Borones Saymon, Azərbaycan tərəfdən isə Beynəlxalq Bankın sədri Cahangir Hacıyevdir. 

- Bildiyimizə görə bu yaxınlarda “Caspian Corridor” konfransı keçirildi. Bu və digər layihələr haqqında nə deyə bilərsiniz?

- Bəli. Bu günlərdə “Caspian Corridor” konfransı keçirildi. Həmin konfransın məqsədi iqtisadi əlaqələrin dərinləşdirilməsinə töhfə vermək idi. İşini uğurla yekunlaşdıran konfrans artıq ikinci dəfədir ki, keçirilir. Adından da göründüyü kimi burada təkcə Azərbaycanın deyil, Xəzər hövzəsində yerləşən digər ölkələrin də maraqları nəzərə alınmışdı. Azərbaycandan hökumət nümayəndələri və bir çox şirkətlərin təmsilçilərinin iştirak etdiyi konfransda Qazaxıstan, Türkmənistan, Rusiya və s. ölkələrin şirkətləri də iştirak edirdi. Forumun formatı çox maraqlı idi. Orada, eyni zamanda ölkə təmsilçiləri fərdi görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə edirdilər. Bundan əlavə deyə bilərəm ki, iki il öncə Böyük Britaniyanın işgüzar dairələrinin təmsilçilərindən ibarət ticarət missiyası Azərbaycana səfər etdi və müxtəlif şirkətlərin nümayəndələrinin qatıldığı görüşlərdə iki ölkənin biznes dairələri arasında əməkdaşlıq imkanları müzakirə edildi. Hətta yekunda kənd təsərrüfatı ilə bağlı layihə də imzalandı.

- Azərbaycanda təxminən neçə Böyük Britaniya şirkəti fəaliyyət göstərir?

  - Təxminən 300 civarında. Həmin şirkətlər əsasən, neft-qaz sahəsində çalışan BP-yə xidmət göstərən müxtəlif sub-podratçı şirkətlərdir. Bundan əlavə, tikinti, maliyyə, sığorta, turizm, konsaltinq, təhsil sahələrində fəaliyyət göstərən şirkətlər də var. Azərbaycanda 5 mindən artıq Böyük Britaniya vətəndaşı daimi yaşayır və işləyir.

- Britaniyada təhsil alan tələbələrlə əlaqələr necədir?

- Ümumiyyətlə, təhsil sahəsində vəziyyət ürəkaçandır. Hazırda Böyük Britaniyada dövlət proqramı çərçivəsində 456 azərbaycanlı tələbə təhsil alır. Tələbələrdən çox razıyıq. Onlarla mütəmadi olaraq görüşlər keçirir, problemlərini dinləyir və çözməyə çalışırıq. Tələbələr bütün tədbirlərimizə dəvət olunurlar.

- Tələbələrin təhsillərini başa vurduqdan sonra vətənə dönmə məsələləri necə həll edilir? 

- Biz ümumiyyətlə, tələbələrə nəzarət etmirik və məncə, bu, belə də olmalıdır. Tələbə özü daxil olub, təhsil haqqını ödəyir və s. Mən onlara «mütləq geri qayıdın» deyə bilmərəm. Amma onlarla görüşlərdə başa salmağa çalışıram ki, vətənə qayıtmaları çox vacibdir. Nəyə görə? Bir neçə il öncə parlamentdə keçirdiyimiz tədbirdə mənə belə bir sual verdilər ki, «hazırda iki nəsil arasında böyük bir boşluq əmələ gəlib. Bu boşluğu doldurmaq üçün Azərbaycan hökuməti hansı tədbirlər həyata keçirir?» Hesab edirəm ki, həmin boşluğu insanlar özləri doldurmalıdır. Çünki bu, insanların şüuru ilə bağlı məsələdir. Köhnə nəsil 70 il sovet sistemində yaşayıb və bu da onların dünyagörüşünə, fəlsəfəsinə təsir edib. Yeni nəsil xaricdə oxuyur, tamam başqa mühitdə yaşayır, formalaşır. Ola bilər ki, ailədə valideynlə övladın fikirləri də üst-üstə düşməsin. Tələbələrə deyirəm ki, başa düşürəm, 4 il Böyük Britaniyada oxumusunuz, bu mühitə öyrəşmisiniz, dostlarınız var, amma nəzərə almalısınız ki, biz də inkişaf etmək istəyirik. Burada artıq vətənpərvərlik məsələsi önə keçməlidir. Ona görə qayıtmalı, çətin olsa da, əziyyət çəkməlisiniz. Həmin boşluğu, məhz siz doldura bilərsiniz. Bilirsiniz, bizə yüksək səviyyəli iqtisadçılar, mütəxəssislər lazımdı. Bu artıq bir vətəndaşlıq borcudur.

- Tələbələr diaspora işində aktivdirlərmi?

- Düşünürəm ki, ölkəmizin ən fəal diasporalarından biri Böyük Britaniyadadır. Beş il əvvəl Londonda “Azərbaycan Evi” dostluq və mədəniyyət mərkəzini açdıq. Orada davamlı olaraq tədbirlər keçirilir. “Azərbaycan Evi”nin tərkibində kitabxana və musiqi, rəqs dərnəkləri fəaliyyət göstərir. Şübhəsiz, yaxşı oxuyan və ictimai baxımdan fəal olan tələbələrin burada qalıb işləməsini, ailə qurub vətəndaşlıq almasını və Azərbaycanı təmsil etməsini istəyirəm. Hər bir səfir bu məsələdə maraqlıdır. Amma milli mənafeni və yüksək ixtisaslı mütəxəssislərə ehtiyacı nəzərə alaraq, onların ölkəmizə qayıtmasında maraqlıyam.

- Azərbaycan həqiqətlərinə, xüsusilə də Qarabağ münaqişəsinə münasibət necədir?

  - Adətən bu suala cavab belə olur: biz bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Yəni diplomatik cavab. Böyük Britaniyanın konkret tərəf tutmasının şahidi olmamışam.

- Azərbaycana gələn ingilislər vizanın bahalığından şikayət edirlər. 2 ay üçün 200, bir illik 2000 manat…

- Konsul rüsumları səfirlik tərəfindən deyil, dövlət səviyyəsində müəyyən edilir. Viza rejiminin sadələşməsində isə bir yenilik gözlənilmir. Rüsumlar qarşılıqlılıq prinsipinə əsasən müəyyən olunur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, həmin məbləğin bir hissəsi dövlət rüsumudur, geridə qalanı isə xidmət haqqı. Çünki Böyük Britaniyada Azərbaycan vizaları viza mərkəzi vasitəsilə verilir ki, mərkəz də göstərdiyi xidmətin müqabilində xidmət haqqı müəyyən edir. Viza mərkəzlərinin xidmətindən istifadə etmək beynəlxalq praktikadır və biz də bu təcrübədən istifadə edirik. Məndə olan məlumata əsasən, eyni sistemə artıq bu ilin aprel ayından etibarən Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də keçəcək.

- İngilislərin Azərbaycan turizminə maraq göstərildiyi deyilir...

 - İngilislər tarixən səyahət etməyi seviblər. Bu mədəniyyət indi də qalıb.  Azərbaycana maraqlı ölkə kimi baxır və turist səfərləri edirlər. Təəssüratları da müsbətdir. Bizim qonaqpərvərliyimizi, mehribanlığımızı həmişə vurğulayırlar. Tolerantlıq onları çox cəlb edir. Ən əsası da təbiətini bəyənirlər. 2013-cü ildə 300 nəfər Böyük Britaniya vətəndaşına turist vizası verilib.

 

- Bəs, Siz Böyük Britaniyanın nəyini bəyənirsiniz?

- İngilis ədəbiyyatını və poeziyasını bəyənirəm. Ədəbiyyat imkan verir ki, həmin xalqın mədəniyyətini, xarakterini, tarixini, adət-ənənələrini yaxından tanış olasan. Təbii ki, ədəbiyyatla tanış olduğun xalqı ölkədə işləyərkən daha da yaxından tanımaq imkanı yaranır.

- Azərbaycan üçün darıxırsınız?

- Əlbəttə. Hətta burnumun ucu göynəyir. Orada yaşlı anam, bacım, qardaşım, qohum-əqrəbalarım və dostlarım var. Azərbaycanda olanda ölkənin hər bir bölgəsinə gedirəm. Cənuba, Şimal, Qərbə…Azərbaycanın təbiətinə vurğunam. Bir çox ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə hələ də tam təbiiliyini qoruyub-saxlamış yerlər var.

- Londondan Bakıda nə aparmaq istərdiniz?

- Xoş xatirələr. Təcrübə baxımdan, nəzərə alsaq ki, gələn il Bakıda Birinci Avropa Oyunlarının keçiriləcək və 2012-ci ildə London şəhəri Olimpiya Oyunlarını yüksək səviyyədə təşkil etdi, bu uğurlu təcrübənin Bakıdakı Avropa Oyunlarına tətbiq olunmasını da çox istərdim.

- Londonda Azərbaycanı necə tanıyırlar?

- Bu yaxınlara qədər bizi əsasən neft və qaza görə tanıyırdılar. Son illərdə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Səfirliyin iştirakı ilə bir çox yüksək səviyyəli mədəniyyət tədbirləri keçirilib ki, bunların da ölkəmizin tanınmasında böyük rolu olub. Eyni zamanda qeyd etmək istərdim ki, Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın qələbəsi və 2012-ci ildə Bakı keçirilmiş Avroviziya Mahnı Müsabiqəsindən sonra ölkəmizin tanıdılması bir qədər də artdı. Əminəm ki, gələn il keçirəcəyimiz Birinci Avropa Oyunları ölkəmizin təbliğinə və tanıdılmasına çox böyük töhfə verəcək.  



Pərvanə İbrahimova
    

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu