İsrail Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəzzanın blokadasının təkbaşına aradan qaldırmaq cəhdinə kəskin münasibət bildirib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, İsrail ordusunun yüksəkrütbəli generallarından Uzi Dayan bəyan edib ki, əgər Ərdoğan hərbi gəmilərdə Qəzzaya gəlmək fikrinə düşsə, bu, İsrailə müharibə elan olunması kimi qiymətləndiriləcək. “Dənizdə müəyyən olunmuş sərhədi kim keçməyə çalışarsa, bunun qarşısı qətiyyətlə alınacaq və Ərdoğanın olduğu gəmi dənizdə batırılacaq”,-deyə Dayan bildirib.
İsrail Müdayiə Nazirliyinin siyasi məsələlər üzrə rəsmi nümayəndəsi Amos Gilad isə Dayan kimi yüksəkrütbəli generallara müraciət edərək onları Ərdoğana yönəlik sərt açıqlamalardan çəkinməyə çağırıb.
Xatırladaq ki, Türkiyənin baş naziri Ərdoğan humanitar yük daşıyan gəmiləri Qəzzaya müşayiət etməyə hazır olduğunu bildirib. Türkiyə KİV-də Ərdoğanın bu riskli təşəbbüsü onun Qəzzanın blokadasını təkbaşına aradan qaldırmaq səyi kimi şərh olunub.