Prezident İlham Əliyevin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il 17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bu mövzuda Modern.az-a danışıb:
“Belə bir nazirliyin ölkəmizdə yaradılması özü tarixi hadisə olmaqla yanaşı, böyük əhəmiyyətə malikdir.
Mən 1980-ci illərin sonlarından etibarən Ermənistanın başladığı təxribatların ilk günlərindən bu proseslərin içində olmuş bir adamam. Həmin dövrlərdə özümüzü müdafiə etmək üçün silah məsələləri ilə məşğul olurduq. Silah-sursat tapmaq çox çətin idi. Hətta bir güllə tapa bilmirdik.
Bu gün isə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi vasitəsilə özünün silah-sursat və müasir istehsalla təminatının böyük hissəsini özü həyata keçirir. Artıq o gücə, o imkanlara malikik ki, bütün müasir silahların hamısını olmasa da, əksər hissəsini özümüz istehsal edirik və ordumuzu, Silahlı Qüvvələrimizi silah-sursatla təmin edirik.
Bundan başqa, Müdafiə Sənayesi Nazirliyi yüksək səviyyədə inkişaf etdiyi və geniş imkanlara malik olduğu üçün dünyanın bir sıra dövlətləri ilə bu sahədə əməkdaşlıq edir. Biz eyni zamanda silah istehsalı sahəsində uzun illərin təcrübəsinə malik olan güclü dövlətlərin təcrübəsindən də faydalanırıq, zəruri hallarda müasir silah-sursat alırıq. Bununla yanaşı, dünyanın bir sıra ölkələrinə silah-sursat ixrac edirik”.
Deputat qeyd edib ki, Azərbaycan bu istiqamətdə əlaqələrini gündən-günə daha da genişləndirir. Dünyanın müxtəlif ölkələrində keçirilən silah-sursat və müdafiə sənayesi sərgilərində iştirak edir:
“Hesab edirəm ki, bu nazirliyin fəaliyyəti daha da genişləndirilməlidir. Bu istiqamətdə cənab Ali Baş Komandan tərəfindən zəruri addımlar atılır. 2026-cı ilin dövlət büdcəsində hərbi xərclər 8 milyard manata çatdırılacaq. Bu, Azərbaycan dövləti üçün çox böyük rəqəmdir və həmin vəsaitin mühüm hissəsi silah-sursat istehsalına yönəldilir.
Bu gün artıq ordumuzu və Silahlı Qüvvələrimizi silah-sursatla təmin etmək üçün heç bir ölkəyə müraciət etməyə, kimdənsə asılı olmağa ehtiyac qalmayıb. Qürurla deyə bilərik ki, Azərbaycanın müdafiə sənayesi və silah istehsalı sahəsində yüksək imkanları var və bu imkanlar getdikcə daha da güclənir.
Bu sahədə çalışan bütün şəxsləri Peşə Bayramı münasibət ilə təbrik edirəm”.