Modern.az

Təbii fəlakətlə əlaqədar yaradılan Hökumət Komissiyasının iclası olub

Təbii fəlakətlə əlaqədar yaradılan Hökumət Komissiyasının iclası olub

Təhsil

8 İyun 2010, 10:16

Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Prezident İlham Əliyevin 2010-cu il 19 may tarixli Sərəncamı ilə yaradılmış Hökumət Komissiyasının iyunun 7-də Nazirlər Kabinetində iclası olub.
Tədbirdə Hökumət Komissiyasının üzvləri ilə birlikdə təbii fəlakətin əhatə etdiyi rayonların icra hakimiyyətləri başçıları da iştirak ediblər. (AzərTAc).

İclası giriş sözü ilə açan Hökumət Komissiyasının sədri, Baş nazir Artur Rasizadə bildirib ki, bu il son vaxtlar ölkədə görünməmiş yağış və leysanlar nəticəsində respublikanın demək olar ki, bütün çaylarında suyun səviyyəsi kəskin surətdə artıb. İllər boyu saniyədə 50 min kubmetr gələn su bu mövsümdə 200 min kubmetrə çatıb. Bunun nəticəsində çayların bəzi hissələrində bəndlər dağılmış və gərgin vəziyyət yaranıb.
A.Rasizadə gərgin, çətin vəziyyətdə görülmüş işlərə görə bütün nazirliklərə, təşkilatlara, yerli icra orqanlarının başçılarına Azərbaycan hökuməti adından minnətdarlığını bildirib.

Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” və “Azərenerji” ASC-lərin, yerli icra orqanlarının işini xüsusilə diqqətə çatdıran Baş nazir A.Rasizadə vurğulayıbr ki, əsas nailiyyət insan itkisinə yol verilməməsidir.

Hökumət Komissiyasının üzvü, Baş nazirin müavini Abid Şərifov təbii fəlakət zonasında görülmüş və gələcəkdə görülməsi vacib işlərdən ətraflı danışıb. Diqqətə çatdırılıb ki, təbii fəlakət nəticəsində 34-dən çox kəndi su basıb. Lakin hazırda görülən operativ tədbirlər nəticəsində onların yarısından çoxu artıq təmizlənıb, yollar bərpa olunub və əhali evlərinə qayıtmağa başlayıb. Bəndlərin dağıldığı yerlərə respublikanın demək olar ki, bütün bölgələrindən maşınlarla 65 min kubmetrdən çox daş, dəmir-beton məmulatı daşınıb.

"Bildiyiniz kimi, dövlətimizin başçısının göstərişi ilə Prezident Administrasiyasında regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin rəhbərliyi ilə xüsusi qərargah yaradılmışdır. Həmin qərargahın köməyi ilə fəlakət zonasına 9 minədək maşın göndərilmişdir. Birgə səylər nəticəsində biz hər bir bəndi 3-4 gündə bərpa etmişik"deyə A.Şərifov bildirib.

Abid Şərifov qarşıda duran əsas məsələlər barədə danışıb. Bildirib ki, birinci növbədə Araz çayının yeni qolunun Xəzər dənizinə qədər çatmasını təmin etmək lazımdır. Bunun üçün isə lazımi qurğuların və bəndlərin tikilməsi, ayrı-ayrı kəndlərin, qəsəbələrin su təchizatı məsələlərini həll etmək lazımdır. Qısa müddətdə, iki həftədə bu istiqamətdə artıq 25 min kubmetr daş, beton, 600 min kubmetrə yaxın torpaq işi görülüb. Lakin hələ görüləsi işlər də çoxdur. Neftçalada, Biləsuvarda və digər yerlərdə bəndlərin yaradılması, möhkəmləndirilməsi və s. işlər aparılmalıdır. Ən ciddi məsələ isə avtomobil körpüsünün tikintisi və bu körpüyə qədər 1,5 kilometr uzunluğunda yolun salınmasıdır.
"Diqqətinizə çatdırıram ki, bu körpü doqquz aşırımlı, 12 gözlü körpüdür. Başqa bir vaxtda həmin körpünün tikintisinə illər sərf olunardı. İndi isə, möcüzə də olsa, bu körpünün inşası 2-3 həftəyə başa çatmalıdır".

İkinci əsas məsələ təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın komissiya tərəfindən qiymətləndirilməsi, kompensasiyaların məbləğinin müəyyənləşdirilməsi və onların ödənilməsi ilə bağlı tədbirlərin görülməsidir. Bununla bağlı protokolun layihəsi Hökumət Komissiyasının bütün üzvləri ilə razılaşdırılıb. Komissiya tez bir zamanda bərpa işlərinə də başlamalıdır. İlk növbədə kəndlərdə sosial obyektlərin bərpası, dezinfeksiya məsələləri durur.
Üçüncü əsas məsələ isə, gələcəkdə mümkün ola biləcək təbii fəlakət hallarının qarşısının alınması üçün kompleks tədbirlərə dair təkliflərin hazırlanıb dövlət başçısına iki ay müddətində təqdim edilməsidir. Bununla bağlı 2-3 gün ərzində aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə Kür, Araz çayları boyunca, həmçinin digər su mənbələri nəzərə alınmaqla təhlükəli yerlər araşdırılacaq və müvafiq tədbirlər planı hazırlanacaq.

Hökumət Komissiyasının üzvü, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov diqqətə çatdırıb ki, təbii fəlakət nəticəsində 23 şəhər və rayonda 809 məcburi köçkün evi su altında qalıb. Bu günədək 2 min 304 məcburi köçkün yaşayan evlər qəzalı vəziyyətdədir. "Bizim yeni tikilmiş 64 qəsəbədə heç bir problem olmamışdır. Bu günə qədər 625 ailə, ümumilikdə 2 min 747 nəfər məcburi köçkün ayrı yerlərə - əsasən rayon mərkəzlərinə köçürülmüşdür. Diqqətə çatdırmaq istərdim ki, Azərbaycanda bu gün fəaliyyət göstərən 59 beynəlxalq humanitar təşkilatın hamısı kömək məqsədi ilə bizə müraciət etmişdir. Bizim onlara yazılı cavabımız belə olmuşdur ki, Azərbaycan dövləti, Azərbaycan hökuməti belə vəziyyətdən öz gücü hesabına çıxmağa qadirdir".

Müzakirələrdə iştirak edən Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digərləri təbii fəlakət zonasında rəhbərlik etdikləri qurumlar tərəfindən görülmüş işlərdən danışıb, həyata keçiriləcək planlara dair rəylərini bildirmiş, təkliflərini veriblər.

İclasa yekun vuran Baş nazir Artur Rasizadə diqqətə çatdırıb ki, qarşıda daha çətin, daha məsuliyyətli işlər durur. Bunlar – təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, enerji, nəqliyyat, rabitə və s. infrastrukturunun bərpası, əhaliyə dəymiş maddi ziyanın müəyyən edilməsi və ödənilməsi ilə bağlıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR