Modern.az

Kadrarxası -"“Uşaqlığın son gecəsi”nin çəkilişində rejissor məni təhqir etdi” - Layihə

Kadrarxası -"“Uşaqlığın son gecəsi”nin çəkilişində rejissor məni təhqir etdi” - Layihə

Mədəni̇yyət

12 Aprel 2014, 17:59


Modern.az
saytı “Kadrarxası” layihəsini davam etdirir. Bu dəfə “Uşaqlığın son gecəsi” filminin kadrarxasından danışacağıq. Qonağımız filmdə baş rollardan birini – Muradı  oynamış  əməkdar artist Ənvər Həsənovdur.

Arayış: Ənvər Həsənov 1950-ci il avqustun 17-də Bakı şəhərində  anadan olub.1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olan Ə.Həsənov oranı 1969-cu ildə bitirib. 1969-1973-cü illərdə M.A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.

“Uşaqlığın son gecəsi” filmi 1968-ci ildə çəkilib. Ssenari müəllifi Maqsud İbrahimbəyov, quruluşçu rejissor  Arif  Babayev, quruluşçu operator Zaur Məhərrəmov, quruluşçu rəssam  Elbəy Rzaquliyev, bəstəkar  Polad Bülbüloğlu, direktoru Yusif Yusifzadədir. Filmdə David Ştilmanın dirijorluğu ilə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin Orkestri ifa edir.  Filmdə “Bitlz” qrupunun məşhur "In My Life", "Michelle" mahnılarından istifadə edilib. Rollarda Ənvər Həsənov, Siyavuş Şəfiyev, Ətayə Əliyeva, Törəxanım Zeynalova, Ələkbər Seyfi, Xosrov Abdullayev, Tofiq Mirzəyev, Megi Kejeradze, Qorxmaz Atakişiyev, Məmmədsadıq Nuriyev, İnsaf Məmmədova çəkiliblər.



“Filmə çəkiləndə 17 yaşım vardı”

O zaman Bədii Şuranın icazəsi olmadan rejissor istədiyi aktyoru hər hansı rola çəkə biməzdi.

Ənvər Həsənov: “Mən mərhum rejissor Arif Babayevlə  İçərişəhərdə bir məhlədə yaşayırdım. Filmə gələndə artıq mənim haqqımda məlumatı vardı, tanıyırdı məni.

O mənə bildirdi ki, “hazırlaş səni filmə çəkəcəyəm”. Cavan oğlan idim, studiyaya təzə daxil olmuşdum. Bu sözə o qədər də əhəmiyyət vermədim. Dedim sözdür də deyir. O vaxt bir tendensiya vardı. Rejissor aktyoru seçsə də, onu Bədi Şura təsdiq etməli idi. Sınaq çəkilişləri başladı. Əvvəl fotosınaqlar, sonra isə kinosınaqlar oldu. Təkcə Murad roluna  görə, 20-30 nəfər gənc sınaq çəkilişlərində iştirak etdi. Tale elə gətirdi ki, bu rola mən seçildim və çəkilişə start verildi. O zaman 17 yaşım vardı”.

“Tikinti səhnəsi indiki Milli Məclisin binası yerləşən yerdir”

Ənvər Həsənov: “Film sırf  Bakıya həsr edilmişdi. Çəkilişlər əsasən İçərişəhər, “Çəmbərəkənd”də (Prezident Administrasiyası tərəf) aparılırdı. Tikinti səhnəsi Milli Məclisin indiki binasının yerində idi. Daha sonra ət kombinatında, “Yaşıl teatr”da, bulvarda, şəhərin küçələrində, binaların girişlərində çəkilişlər aparılıb.  Hər filmdə olduğu kimi bu filmdə də çəkilən, lakin efirə getməyən səhnələr var. Çəkiliş zamanı pis alınan səhnələr var, ekspromtlar var. Bütün bunlar da nəzərə alınır”.

Namaz qılan nənə - Törəxanım Zeynalova



Filmdə yaddaqalan obrazlardan biri də Muradın nənəsidir. Ə.Həsənov qeyd edir ki,  rejissor bu obrazı oynayan nənəni Musiqili Komediya Teatrından tapmışdı. Nənə rolunu oynayan Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı.

Ənvər Həsənov: “Nənə professional aktrisa deyildi. Onu rəhmətlik Arif müəllim tapdı. Bu filmdə nənədən başqa bütün aktyorlar tanınmış simalar idi.  Nənə Musiqili Komediya Teatrında kostumer vəzifəsində çalışırdı. Səhv etmirəmsə təqaüdə də çıxmışdı. Arif müəllim onu dəvət etdi, razılaşdı və gözəl də alındı.

Çəkiliş başlamazdan əvvəl rejissor namazqılma ilə bağlı bir səhnənin çəkiləcəyini dedi. Muradın çılğınlığı mənim özümdə də vardı. Xasiyyətimiz tam oxşamasa da, oxşarlıq çox idi. Həmin səhnədən də Muradın dələduzluğu bilinir. Tapşırıq necə verilmişdisə, rolumu elə də oynadım. Bu ssenaridə olan bir səhnə idi, improvizasiya yox idi. Nənə də çox gözəl oynayır”.

“Rejissor hirslə mənə “axmaq”, “kütbeyin” dedi”

Ənvər Həsənov: “Ən çətin yaratdığım səhnə anbardakı ət oğurluğu ilə bağlı   səhnə idi. Həmin gün çox yüksək əhvali-ruhiyyədə idim. Amma mənə verilən tapşırığı icra edə  bilmirdim. Sən demə Arif müəllim bunu hiss edib. Qəfildən məni söyməyə, üstümə qışqırmağa başladı. Mənə “qanmaz, kütbeyin, bacarıqsız, axmaq” deyərək hirslə  “bilsəydim səni kinoya çəkməzdim. Bu nə aktyorluqdur? Mən sənə o boyda rol tapşırmışam, gör mən kimə etibar etmişəm” deyə üstümə qışqırmağa başladı. Hirsimdən sir-sifətim əyilmişdi.  Heç vaxt belə sözlər eşitməyən adam... Dəli kimi oldum. Özümdən asılı olmayaraq ona qəzəblə baxdım. Bütün hisslərim gözlərimdə oynayırdı. Bir də gördüm Arif qışqırdı “stop!, stop!”. Qaçaraq pilləkənlərlə yuxarı qalxdı, məni qucaqladı, öpdü və dedi: “Ənvər bağışla, mən sənə o sözləri deməsəydim səhnə alınmayacaqdı. İstədiyim halı səndən ala bilməyəcəkdim”. Filmdə belə şeylər də olur. Bu rejissor məharətindən irəli gələn bir şeydir”.

“Elyanı tapa bilmirəm”



Ənvər Həsənov
: “Siyavuş Şəfiyevlə mən demək olar ki, hər gün bir yerdə idik. O vaxt o, Sirkin bədii rəhbəri idi. Həyat yoldaşı, qızı ilə birgə Sirkin mehmanxanasında qalırdı. Hələ ev verməmişdilər ona. Sonra ev vermədilər deyə,  Moskvaya köçdü. Gecə növbəsinin çəkilişləri olacaqdı. Rejissor Arif Babyev, Siyavuş, mən getdik bir yerdə yemək yeməyə. Dedik, güldük. Arif müəllim bizdən ayrılanda tapşırdı ki, “bax yatmayın haa. Mənə sizin yorğun halınız lazımdır”. Biz də səhərə qədər nərd, domino oynadıq, söhbət etdik. Həmin çəkiliş də uğurlu alındı”.
Filmdə Elya rolunu oynamış gürcü aktrisasının taleyindən heç bir xəbər tutmaq olmur.

Ənvər Həsənov
: “Elyadan xəbərim yoxdur. İki il bundan əvvəl Gürcüstanda idim. Xeyli axtardım onu. Hələ 1995-ci ildən mən onu axtarıram. Təəssüf ki, bir xəbər ala bilmirəm”.

“Fanta-m-aa-sss...”



Filmin yaddaqalan epizodlarından biri də Davudun sərxoş halda quş uçurmaq üçün dama qalxdığı səhnədir.

Ənvər Həsənov: “Davudun dama çıxdığı səhnənin həyət çəkilişi Çəmbərəkənddə, dam səhnəsi isə İçərişəhərdə aparıldı. İndi həmin yerlərdən əsər-əlamət qalmayıb.

Bu epizodda bir yer var: mən ona deyirəm: “Sən öləsən”. O da cavabında qayıdır ki, “özzün öləsən”. Bu ekspromt idi. Filmdə damın altından keçdiyi səhnə ki var,  indi oranı bağlayıblar. Məmmədsadıq Nuriyev Azərbaycanın ən gözəl aktyorlarından biri idi. Oğlu Yaşar Nuri də onun kimi gözəl sənətkar idi. Allah hər ikisinə rəhmət etsin. Onunla tərəf müqabili olmaq, onunla eyni bir filmdə rol almaq özü böyük bir xoşbəxtlik oldu mənimçün”. 

Maraqlı dialoqların yer aldığı yeməkxana səhnəsi kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib.

Ənvər Həsənov:
“SSRİ vaxtında belə idi ki, hər bir idarənin yeməkxanası vardı. Yeməkxana səhnəsi kinostudiyanın birinci mərtəbəsindəki yeməkxanada çəkilmişdi. Doğurdan da nahar vaxtı idi, 50% adam da kinostudiyanın işçiləri idi. Çəkiliş nahar vaxtına salındı ki, orada təsvir olunan canlılıq təbii alınsın. Filmdə də baxarkən aydın görünür ki, yeməkxana qaynayır, insanlar gəlir-gedir, canfəşanlıq var”.

“Şofer rolunu oynayan Rafiq Tağıyevin şalvarı partladı”



Ənvər Həsənov
: “Flmin sonunda anbarda sürücü rolunu oynayan Rafiqlə mənim dava səhnəm çəkilridi. Arif müəlliim tapşırdı ki, “Rafiq səni götürüb yeşiklərin üstünə atanda sən ona müqavimət göstər”. Əslində bu epizod bir hərəkətə çəkilməli idi. Yəni o məndən yapışıb atmalıydı kənara... O zamanlar idmanla məşğul olurdum. Rafiq də canlı, nataraz idi. Çəkiliş başlandı. Rafq ha eləsə də, məni tullaya bilmirdi. Bir dubl, iki dubl, üçüncü dubl... Üçüncü dublda Rafiq mənə dedi: “Bəsdir dəə, daha gücüm qalmayıb, kömək elə kadr çəkilsin”. Gördüm doğurdan halı yoxdur. Ayağımla qəfil təkan verib yuxarı tullandım.. Bunu gözləməyən Rafiq az qaldı üzü üstə dəysin yerə. Amma bütün hayıfını məndən çıxdı. Məni yeşiklərin üstünə necə atdısa, bütün bədənim əməlli-başlı ağrıdı. Çəkiliş gedirdi deyə, tərpənə də bimirdim. Çəkiliş bitdikdən sonra “Rafiq, belə şey olar?” deyə şikayətləndim. O da cavbında “sənə görə şalvarım da partladl” dedi. Biləndə ki, bunu Arif müəllim tapşırıb narazılqıla “ay Arif müəllim belə olmaz axı, məndə can qalmadı, səhərdən Murad mənim atamı yandırıb” dedi.

“Muradın sevdiyi qız 189 saylı məktəbin şagirdi idi”

Filmdə Muradın sevdiyi qızı orta məktəbdən seçmişdilər. Bu qızı seçmək üçün Ənvər Həsənovu da siniflərə aparırmışlar.

Ənvər Həsənov: “Muradın sevdiyi qızı axtarmağa gedəndə Arif müəllim məni də özüylə aparmışdı. Tutuşdururdular ki, qız mənə yaraşır yoxsa yox. O vaxt “Pasaj bazarı”nın üstündə 189 saylı məktəb vardı. Qızı həmin məktəbdən seçdik. Lakin valideynlərindən icazə almalı idik. Qız onda 8-ci sinifdə oxuyurdu. Tolstoy küçəsində yaşayırdılar. Bir dəfə getdik. Atası icazə vermədi. İkinci dəfə evlərinə Arif müəllim, mən və bir də filmin direktoru getdik. Uzun sorğu-sualdan sonra razılıq alındı. Çəkiliş zamanı özüm aparıb-gətirdim. Filmə görə qonarar da aldı”.



“Saat səhnəsində bıçaq çıxartdım”

Filmdə Muradla qızın yanında zarafat edən gənclərin “saatı aç” deməsinə Ə.Həsənov maraqlı jest edib.

Ənvər Həsənov: “Saat məsələsi ssenaridə vardı. Mən də bir az çılğın olmuşam. Zarafat deyil, İçərişəhərdə böyümüş cavan. O səhnənin çəkilişi zamanı cibimə bıçaq qoydum ki, çəklişi qrupu ilə zarafat edim. Epizodun çəkilşi başlandı: Qarşıma çıxan cavanlar qızın yanında saatı tələb edirlər, verirəm, sonra sviteri istəyəndə bıçağı cibimdən çıxartdım. Çəkiliş qrupundan necə qışqırdılarsa, dedim “əşşi zarafat edirəm”.  

Film 1969-cu ildə  Kiyevdə keçirilən Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalının “Gənclik üçün ən yaxşı film” mükafatını alıb. Bəstəkar Polad Bülbüloğlu ən yaxşı musiqiyə görə xüsusi diplom alıb. Baş rolu oynayan Ənvər Həsənov isə “ən yaxşı kişi rolu” na görə diploma layiq görülüb.















Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi