Modern.az

Yeni jurnalist müsabiqəsi elan olunub

Yeni jurnalist müsabiqəsi elan olunub

Media

8 İyun 2010, 13:23
Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Təhsil Nazirliyi və Mətbuat Şurasının birgə təşəbbüsü ilə Azərbaycan mətbuatının 135 illiyi ilə əlaqədar "Təhsil və media: peşəkarlığın artırılmasına dəstək" adlı jurnalist yazılarının müsabiqəsi elan olunub.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun məlumata görə, müsabiqənin məqsədi Azərbaycan təhsilində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan, təhsil sahəsində yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərməkdən, kütləvi informasiya vasitələrinin təhsil orqanları ilə səmərəli əməkdaşlıq prinsiplərini təbliğ etməkdən, təhsil mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.

Müsabiqə aşağıdakı mövzularda keçirilir:
- Azərbaycan təhsili: keçmiş və bu gün;
- təhsildə novatorluq: yeni müasir nailiyyətlərin tətbiqi;
- Azərbaycan təhsilinin problemləri və onlardan çıxış yolları;
- təhsil və media: qarşılıqlı əlaqələrdə ictimai fayda;
- Azərbaycan təhsilində dərslik siyasətinin təbliği;
- təhsilə investisiya qoyuluşu: zəruri sahələrin fəaliyyət intensivliyinin artırılmasının təbliği;
- məktəbəqədər təhsil, təlim və tərbiyə media müstəvisində;
- təhsil sahəsində beynəlxalq əməkdaşlığın təbliği;
- təhsildə İKT-nin tətbiqi;
- təhsilin idarə olunması;
- təhsildə qiymətləndirmə;
- təhsildə kadr siyasəti;
- peşə təhsili;
- ali təhsildə Boloniya prosesi;
- ali təhsilin maliyyələşdirilməsi.

Müsabiqə elan olunan günədək, ən azı, bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Yazı son ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Yazılarda dil məhdudiyyəti nəzərdə tutulmur.

Yazıda "Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Müsabiqədə I yer  üçün 1500 manat (1 qalib), II yer üçün 1000 manat (2 qalib), III yer üçün 500 manat (3 qalib) və həvəsləndirici mükafat 300 manat (10 qalib) ayrılıb.


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir