Modern.az

Azərbaycanın tanıdığı fizik

Azərbaycanın tanıdığı fizik

14 Aprel 2014, 10:23


Bu
 gün – aprelin 14-də 
Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin fizika fakültəsi nəzəri fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Sərhəddin Qubaddin oğlu Abdullayevin anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin isə 55 ili tamam olur.

S.Abdullayev respublikanın ən ucqar regionlarının məktəblərindən tutmuş Bakı  şəhərinin aparıcı məktəb  liseylərində çalışan fizika müəllimlərinin, abituriyentlərin stolüstü kitablarının, onlarla dəyərli dərslik, dərs  metodik vəsaitlərin müəllifi, məktəblilərin fizika üzrə respublika fənn olimpiada komissiyasının aparıcı üzvü, zəhmətkeş alim, ən nəhayət gözəl ailə başçısıdır.

Abdullayev Sərhəddin Qubaddin oğlu 1939-cu il aprel ayının 14-də Qusar rayonunun Piral kəndində dünyaya göz açıb. Bu ailədə dünyaya göz açmış altı körpədən üçü faciəvi surətdə həyatını itirmişdi. Anasının işlədiyi fermadan məktəbə olan yolun uzaqlığı və yaşayış şəraitinin çətinliyi üzündən Sərhəddin məktəbə yalnız 9 yaşında gedə bilib. Məktəb dərsliklərini ala bilmək üçün Sərhəddin uşaqlara qoşulub öz kəndlərində olmadığından, qonşu kəndin sahələrindən 10-15 vedrə moruq yığıb satmalı olurdu.

Bütün fənləri eyni səviyyədə öyrənən Sərhəddin xalq şairi Səməd Vurğunun məktəblərinə qonaq gəlməsini çətinlikdə keçən uşaqlıq-məktəb illərinin ən xoş xatirəsi kimi yadda saxlayır, bundan sonra onun şerlərini həvəslə oxuduğunu və bir çoxlarını isə əzbərdən bildiyini söyləyir. Taleyin qismətinə də bax ki, Azərbaycan Dövlət Universitetinə qəbul imtahanı verərkən də qismətinə Səməd Vurğun yaradıcılığından inşa yazmaq düşür.

Sərhəddin müəllimin çətin keçən həyatına nəzər saldıqda bir cəhəti sezmək olar ki, onun həmişə haqqı tapdalanıb, çəkdiyi əziyyətin layiqli qiymətini almaq üçün mübarizə aparmalı olub. Bəzi hallarda bu mübarizə səmərəsiz olmuş, bəzi hallarda isə onun sözləri ilə desək «ona qədər tanımadığı yaxşı insanlar» onun köməyinə çatmışlar. Sərhəddin müəllim bu insanları, xüsusilə Mehdi Əliyevi, Abdulla Muxtarovu həmişə böyük minnətdarlıq hissi ilə xatırlayır. İndi Sərhəddin müəllimin özü bu «yaxşı insan» adını şərəflə doğruldur.

Fizika fakültəsinə bir elana görə düşüb

Sərhəddin müəllimdə fizika fənninə maraq hələ məktəb illərində oyanmışdı. Bu elmə olan böyük məhəbbət onu Azərbaycan Dövlət Universitetinə gətirib çıxarır. Tərəddüd etmədən sənədlərini 1958-ci ildən müstəqil bir fakültə kimi fəaliyyətə başlamış fizika fakültəsinə verir. Boyca balaca, görünüşcə zəif, əslində isə sağlam olan Sərhəddin müəllimin fizika fakültəsində oxumasını məsləhət bilməyən tibb komissiyası onun arayışının üzərinə rusca “literatura” sözünü yazır, yəni o fizika fakültəsində yox, dil-ədəbiyyat fakültəsində oxuya bilərdi. Üç gündən sonra Politexnik texnikumunu bitirmiş və gözəl əl qabiliyyətinə malik rəhmətlik qardaşı Fərhadın fizika fakültəsinə sənəd götürən xanımın xahişi ilə gözəl bir elan yazması Sərhəddin müəllimin köməyinə çatır. Bu gözəl işin nəticəsində onun sənədlərini fizika fakültəsinə qəbul edirlər.

O dövrdə əlaçı tələbələrə yüksək adlı təqaüd – «Lenin təqaüdü» verilirdi; rus pulu ilə 80 rubl.

Son kursda universiteti əla qiymətlərlə oxuyan, əlaçı, Lenin təqaüdçüsü tələbəni o ildə Azərbaycan Dövlət Universitetinə, Azərbaycan Respublikası Elmlər Akademiyasının nəzdindəki Fizika institutuna və bir sıra digər ali məktəblərə təyinatlar ola-ola işləmək üçün Quba rayon təhsil şöbəsinə göndərirlər.

Həvəsdən düşməyən Sərhəddin müəllim 1963-cü ilin sentyabr ayından 1964-cü ilin noyabr ayına kimi Quba rayonunun Qımıl kənd orta məktəbində fizika müəllimi işləyir. Həmin ildə şagirdlərdən bir neçəsi orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin riyaziyyat və fizika fakültələrinə daxil olurlar.

1964-cü ildə bu gün respublika elmi ictimaiyyətinin xüsusi hörmət və ehtiram ilə xatırladığı, görkəmli alim, tanınmış ziyalı, Azərbaycanda nəzəri fizika məktəbinin yaradıcısı rəhmətlik Abdulla Muxtarov aspiranturada nəzəri fizika ixtisası üçün yer ayıraraq Sərhəddin müəllimi imtahanlarda iştirak etməyə çağırır. Yüksək  hazırlıqlı olan Sərhəddin müəllim imtahanlardan yüksək qiymətlər alaraq Universitetin aspiranturasına qəbul olur. Bu hadisə onun həyatında əhəmiyyətli bir dönüş nöqtəsi olur.

Aspiranturada oxuyarkən Abdulla Muxtarovun rəhbərliyi ilə ardıcıl elmi iş aparan  S.Q. Abdullayev «Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi» mövzusunda namizədlik dissertasiyasını yazıb başa çatdırsa da, işi yalnız üç il sonra – 1970-ci il sentyabr ayının 30-da müdafiə edə bilir.

Aspiranturanı bitirdikdən sonra Sərhəddin müəllim təyinat üzrə maddə quruluşu kafedrasında assistent vəzifəsində əmək fəaliyyətinə başlayır. 1969-cu il noyabr ayında arzusu nəzərə alınaraq Abdulla müəllimin dəstəyi ilə müsabiqə yolu ilə nəzəri fizika kafedrasında baş müəllim vəzifəsinə seçilir. Yaradıcı pedaqoji fəaliyyətə başlayan S,Q. Abdullayev həm də paralel olaraq intensiv elmi iş də aparır, buraxılış işlərinə, namizədlik dissertasiyalarına rəhbərlik edir, Azərbaycan və keçmiş sovet respublikaları üçün elmi və pedaqoji fizik kadrların hazırlanmasında yaxından iştirak edir.



Dillərə dastan olmuş doktorluq dissertasiyası

Nəzəri fizika kafedrasının baş müəllimi S.Q. Abdullayev 1970-83-cü illərdə apardığı elmi-tədqiqat işlərinin nəticələri əsasında «Lepton-lepton və lepton-hadron qarşılıqlı təsirlərində zəif cərəyan effektləri» mövzusunda doktorluq dissertasiyasını yazır. Dissertasiya tədqiqatları nəticəsində dünyanın LEP, SLC və TRISTAN kimi iri tədqiqat mərkəzlərində aparılmış təcrübələrlə təsdiqlənən mühüm elmi nəticələr alınmışdı. İş Moskva Dövlət Universitetində, Belorusiya EA-nın Fizika İnstitutunda və Dubnada bu sahənin tanınmış görkəmli alimləri A.A. Sokolov, D.Y. Bardin, İ.A. Savin, V. Kadışevski və s.-nin iştirakı ilə keçirilən geniş müzakirələrdən keçir. S.Q. Abdullayev bu müzakirələrdə mütəxəssislərin verdiyi suallar və söylədiyi fikirlər əsasında artıq sonrakı elmi fəaliyyət çərçivəsini tam müəyyən edir. Onun mütəxəssislər tərəfindən qəbul olunmayan elmi mülahizələri isə sonradan təcrübələrdə öz dolğun təsdiqini tapır. Bunun nəticəsi idi ki, yorulmaq bilmədən çalışan S.Q. Abdulayev Rusiyanın nüfuzlu elmi jurnalı sayılan «Nüvə fizikası» jurnalında 10-a yaxın sanballı məqalə çap etdirir.

1995-ci ildə «Elementar zərrəciklər və atom nüvəsi fizikası» jurnalında dərc olunmuş « -annihilyasiyasında supersim -bozonu» adlı 60 səhifəlik icmal məqalə isə artıq doktorluq dissertasiyasının müdafiəsinə gedən yolları tam açıq edir. Dissertasiya işinin müdafiəsi 1996-cı il sentyabr ayının 18-də olur və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 20 dekabr 1996-cı il tarixli qərarı ilə ona fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi verilir. Bir ildən sonra isə elmlər doktoru S.Q. Abdullayev müsabiqə yolu ilə nəzəri fizika kafedrasının professoru vəzifəsinə seçilir və hal-hazıra kimi həmin vəzifədə çalışır.

Sonradan prof. S.Q. Abdullayev doktorluq dissertasiyasının əsas elmi ideyalarının inkişafı istiqamətində ardıcıl tədqiqat işi aparır, P.Rəcəbov, V.Z.Mustafayev, T.İ.Qarmatenko, L.P.Əliyev, N.İ.Nəcəfov, M.Ş.Qocayevin elmlər namizədi kimi yetişməsinə xüsusi əmək sərf edir. Onun yetirmələri ilə apardığı tədqiqat işlərinin nəticələri dəfələrlə respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və seminarlarda elmi məruzə edilir.

Respublikamız müstəqillik əldə etdikdən sonra yeni proqramların tərtibi, milli dildə və sonralar isə latın qrafikası ilə yazılmış dərsliklərə ehtiyacın yaranması da Sərhəddin müəllimin diqqətindən yan keçmir. Öz sahəsində istər orta məktəblər, istərsə də ali məktəblər üzrə bu problemin həllinə fundamental yanaşan bəlkə də ilk mütəxəssis prof. S.Q. Abdullayev olur. Hələ sovet dövründə rus dilində olan dərsliklərin və dərs vəsaitlərinin Azərbaycan dilinə tərcümə edilməsi işinə uzun müddət rəhbərlik edən prof. A.İ. Muxtarovun kadrların yetişdirilməsinə orta məktəbdən başlanması kimi gözəl ənənələrini davam etdirmək onun ürəyincə idi.

6 saylı məktəbin şagirdləri ilə görüş

Sərhəddin müəllimin orta ümumtəhsil məktəbləri və liseylər üçün yazdığı müxtəlif səpkili dərslik, dərs vəsaiti və metodik vəsaitlər Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi gündən milli dildə, sonralar latın qrafikasında yazılmış dərsliklərə yaranmış tələbatı yetərincə ödəyir. Bu hələ məsələnin bir tərəfidir. Həm də bu kitablar fizikanın tədrisində tətbiq olunan yeni proqramlarla bağlı yaranan problemi vaxtında aradan qaldıra bilmişdir. Artıq sayı 70-i ötmüş bu kitablarda müəllimlərin, ali məktəblərə hazırlaşan abituriyentlərin bütün istək və arzuları öz əksini tapmışdır. Bu gün də fizikaya aid müxtəlif suallarla bağlı Sərhəddin müəllimin telefon nömrələrinə gələn zənglərin ardı-arası kəsilmir. Sərhəddin müəllim isə bu işi özünə sanki bir insanlıq borcu bilərək dəqiqələrlə telefonda bu sualları dinləyir, onları yetərincə cavablandırır və bu işdən yorulub-bezdiyini bir dəfə də olsun dilinə gətirmir.

Dərsliklərin müəllifi

«Universitet-məktəbə» ənənəsini layiqincə inkişaf etdirən Sərhəddin müəllim Respublikamızın ümumtəhsil məktəblərinin 7-11-ci sinifləri üçün fizikadan məsələ kitablarının və «Fizika» dərsliklərinin yazılması və işıq üzü görməsi üçün dərin elmi bilik və gərgin əmək sərf etmişdir. Günün çox hissəsini yazı masası arxasında keçirən professor Sərhəddin Abdullayevin qələmində fizika kimi çətin bir fənn asan başa düşülən və oxunaqlı dilə düşür. Bununla o, şagirdlərin, abituriyentlərin, tələbələrin və Azərbaycan elmi-pedaqoji ictimaiyyətinin dərin rəğbətini qazanmışdır.

Prof. S.Q. Abdullayev 40 ildən çox bir müddət ərzində şagirdlər arasında keçirilən fizika üzrə Respublika fənn olimpiadalarının təşkilində və keçirilməsində fəal iştirak edir. Olimpiada həvəskarlarına kömək məqsədilə iki dəfə «Fizikadan olimpiada məsələləri» adlı dərs vəsaiti çap etdirmişdir. Ayrı-ayrı məktəb və litseylərin dəvəti ilə məktəblərdə olur, şagirdlərin respublika və beynəlxalq səviyyəli olimpiadalara hazırlanmasında yaxından iştirak edir. Onun hazırlığına böyük əmək sərf etdiyi şagirdlər 2002-ci ildə Bakı türk litseyinin 4 şagirdi İndoneziyada keçirilən beynəlxalq olimpiadanın, 2012 və 2013-cü illərdə BDU-nun nəzdindəki «Gənc istedadlar» litseyinin 2 şagirdi isə Respublika olimpiadasının qalibi olub.

İşgüzar alim prof. S.Q. Abdullayevin 220-dən çox elmi əsəri, o cümlədən 70-ə yaxın dərslik və dərs vəsaiti çapdan çıxıb.

Prof. S.Q.Abdullayev həm də gözəl ailə başçısıdır. 3 qız övladı böyüdüb boya-başa çatdırmış Sərhəddin müəllim öz cənnətini bu dünyada qazanmış mehriban və qayğıkeş atadır. Onun yazdığı kitabların ilk oxucuları və tərtib etdiyi məsələləri həll edən ilk şagirdlər qızlarının onlara bəxş etdiyi 6 nəvəsidir.

Bu qədər uğurların içərisində təəssüflənməyə də nə isə əsas var. Sərhəddin müəllimin gənc nəslin təlim-tərbiyəsində və Respublikamızda orta və ali təhsil sahəsində göstərdiyi xidmətlərə görə aldığı ən böyük mükafat onun oxucularının razılığı və minnətdarlıq hissidir.

Əgər deyilənləri Sərhəddin müəllimi tanımayan, onu gözləri ilə görməyən bir adama danışsaq, yəqin ki, o fikrində hündürboy, cüssəli, zəhmli bir adam canlandıracaq. Ancaq həqiqətdə, söhbət bu göstəricilərin tam əksinə uyğun, lakin öz zəhməti, mənəvi saflığı, möhkəm iradəsi, dözümü və səbri hesabına alnıaçıq yaşayan müəllimlərin müəllimi, professor Sərhəddin Qubaddin oğlu Abdullayevdən gedir.

Sərhəddin müəllimi anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinizin 55-illiyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli olan elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.



Məmməd Rəcəbov, Məcid Qocayev
BDU-nun nəzəri fizika kafedrasının əməkdaşları

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!