Modern.az

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? - XƏBƏRDARLIQ

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? - XƏBƏRDARLIQ

Aktual

24 Dekabr 2025, 14:32

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının pul müqabilində Rusiya-Ukrayna müharibəsinə cəlb olunması haqda məlumatlar yayılır. Artıq hər iki ölkədə döyüşən yüzlərlə azərbaycanlı haqda məlumatlar mövcuddur.

Modern.az məsələ ilə bağlı hüquq-mühafizə orqanları və ekspertlərdən açıqlama əldə edib.

Milli Məclisin üzvü Elman Məmmədov uzun illərdir ki, dünyanın bir çox ölkələrində münaqişə zonalarında pul müqabilində insanların müharibəyə cəlb edildiyini bildirib. O bu kontekstdə Rusiya-Ukrayna müharibəsində çoxsaylı azərbaycanlıların döyüş əməliyyatlarına cəlb olunduqlarını vurğulayıb.

“Belə məlumatlar var ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf - həm Ukrayna, həm Rusiya hərbi təcrübəsi olan, könüllü döyüşmək istəyənlərə müxtəlif təkliflər verir. Sosial şəbəkələrdə çağırışlar yayılır, elanlar verilir. Dövlətin müvafiq qurumları bu məsələlərin qarşısını almaq üçün tədbirlər görür və görməkdə də davam edir.

Deputatın sözlərinə görə, əsas problem Rusiya və Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlara cəlb olunmasıdır.

“Burada iki variantı nəzərə almalıyıq. Məsələn, Ukraynada yaşayan və ya Rusiyada yaşayan, eyni zamanda həmin ölkələrin vətəndaşlığını almış soydaşlarımız var. Yəni onlar Rusiya vətəndaşıdır və Ukrayna vətəndaşıdır, çağırış zamanı hərbi xidmətə çağırılır və döyüşə göndərilirlər. Bu, məsələnin bir tərəfidir.

Digər tərəfdən isə Ukraynada və ya Rusiyada yaşayan soydaşlarımız var ki, onlar bizim vətəndaşlardır, bu ölkələrin vətəndaşları deyillər. Onlar ya pul müqabilində, ya da zorla bu müharibəyə göndərilə, cəlb oluna bilirlər. Bax, bunun qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.

Eyni zamanda döyüş təcrübəsi olan Azərbaycan vətəndaşlarını, hətta ölkəmizdə - Azərbaycanda yaşayan insanları da çağıranlar var. Bu, ən təhlükəli məqamdır və mən hesab edirəm ki, vətəndaşlarımız diqqətli olmalıdır. Vətənimiz uğrunda, torpaqlarımız uğrunda döyüşmək hər bir vətəndaşın şərəfli borcudur. Ancaq pul müqabilində gedib kiminsə ölkəsində, kiminsə tərəfinə döyüşmək, məncə, qəbuledilməzdir və bunun qarşısı alınmalıdır.

Deputat azərbaycanlıların müharibəyə təşviqatının fiziki olaraq yox, daha çox onlayn resurslar üzərindən aparıldığını deyib.

“Azərbaycanda insanları müharibəyə cəlb edən bir dəstənin faktiki mövcud olması barədə fikir bildirmək çətindir. Sosial şəbəkələrdə müxtəlif vasitələrlə bu çağırışları edənlərin müəyyənləşdirilməsi, məsuliyyətə cəlb olunması və ciddi tədbirlərin görülməsi vacibdir.”

Hüquqşünas Ramil Süleymanov isə qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı dövlətin ordusunda və silahlı birləşmələrdə iştirak qanunsuzdur. O bu kimi halların cinayət əməli olduğunu diqqətə çatdırıb.

“Adətən, bu tip məlumatlar dövlət orqanlarının nəzarətində olur. Xarici dövlətlərin müvafiq strukturları tərəfindən Azərbaycan tərəfinə məlumatlar daxil olur ki, filan Azərbaycan vətəndaşı döyüşlərdə öldürülüb, əsir götürülüb və ya barəsində cinayət işi başlanılıb.

Vətəndaşlarımız bilməlidir ki, bu hallar cinayət əməli hesab olunur. Xatırlayırsınızsa, 2010–2020-ci illər aralığında Azərbaycan Respublikasından xeyli sayda şəxs Suriyaya və İraqa gedərək müxtəlif silahlı qruplaşmalara qoşulmuşdu. Bu proseslər əsasən dini pərdə altında həyata keçirilirdi. Bununla bağlı Azərbaycan Respublikasının müvafiq hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən cinayət işləri başlanıldı, şəxslərin ölkəyə qaytarılması ilə bağlı hüquqi prosedurlar həyata keçirildi.”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır