Modern.az

Cənubi Qafqazda yeni nizam: Azərbaycanın diktə etdiyi ədalətli sülh şərtləri 

Cənubi Qafqazda yeni nizam: Azərbaycanın diktə etdiyi ədalətli sülh şərtləri 

Analitika

26 Dekabr 2025, 09:17

Azərbaycan 2020-ci il Zəfərindən və 2023-cü ilin antiterror əməliyyatlarından sonra regionda yeni reallıqlar yaratsa da, Ermənistan və onun xaricdəki havadarları hələ də geosiyasi gərginlik iddialardan əl çəkmək niyyətində deyil. Prezident İlham Əliyevin Ağdama səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Bakı baş verən prosesləri diqqətlə izləyir və hər hansı təhdidə qarşı ayıq-sayıqdır.

Məsələn, Ermənistan rəhbərliyi və erməni lobbisi hazırda Bakıda məhkəməsi davam edən müharibə cinayətkarlarını, separatçı xunta rejiminin qalıqlarını dünya ictimaiyyətinə hələ də "hərbi əsir" kimi təqdim etməyə çalışır. Reallıqda isə bu şəxslər beynəlxalq humanitar hüquqa görə əsir deyil, terrorçuluq, mülki əhaliyə qarşı qırğınlar və dövlət çevrilişinə cəhd maddələri ilə ittiham olunan cinayətkarlardır.

Bu məsələdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocampo xüsusi canfəşanlıq göstərirdi. Korrupsiya qalmaqallarında adı hallanan keçmiş prokurorların “hərbi əsir” şou”suna cəlb edilməsi ən bariz nümunəsi, Ermənistanın çıxılmaz duruma düşməsinin bir göstəricisidir. Uzun illər ABŞ Senatında Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, aşkar ermənipərəst Robert Menendes də bu siyahıya əlavə olunmalıdır. Rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunan senator erməni lobbisinin rüşvətxor, korrupsiyaya meylli siyasətçilərlə əməkdaşlığa üstünlük verdiyini ortaya qoyur.

Paralel olaraq, bəzi Qərb dairələri Qarabağı könüllü tərk edən ermənilərlə bağlı saxta "etnik təmizləmə" tezisini ortaya atır. Halbuki, bu mövzuda Azərbaycan dövləti ilk gündən Qarabağın erməni sakinlərinə reinteqrasiya planını təqdim etdi, lakin separatçıların təzyiqi və Ermənistanın siyasi oyunları nəticəsində əhali regiondan köç etdi. İndi isə həmin dairələr "geri qayıdış" məsələsini siyasi təzyiq alətinə çevirmək istəyirlər. Bu, İrəvanın beynəlxalq platformalarda apardığı qurban obrazı yaratmaq siyasətinin bir hissəsidir. Rəsmi İərvan anlamalıdır ki, Qarabağ məsələsi artıq həll olunub və bu mövzuda süni gündəm yaratmaq normallaşma prosesinə zərbə vurur.

Ermənistanın daha bir qeyri-səmimiliyi Azərbaycanla sərhəddə yerləşdirdiyi Avropa İttifaqının "mülki missiyası"nın faktiki olaraq kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olmasındadır. Sərhəddəki həmin "binokl siyasəti" sülhə deyil, Ermənistanın hərbi cəsarətini artırmağa, revanşistləri ruhlandırmağa xidmət edir. ATƏT-in Minsk Qrupunun ləğv olunması ilə bağlı Azərbaycanın və Ermənistanın birgə müraciəti müsbət hal olsa da, avropalı missiya nümayəndələrinin regiondan çıxarılmaması hələ də narahatlıq mövzusudur.

Ermənistan hücum silahları, Azərbaycanla sərhəddə yeraltı tunel tipli istehkamlar inşa etməsi, Hindistan və Fransadan aldığı silahlar da sülh sazişi istiqamətindəki addımları zəiflədən faktorlardandır. Həmin silahlar regionda hərbi balansı təbii ki, dəyişə bilməz, amma İrəvan rəhbərliyinin sülhə sadiqliyi üçün əsaslı şübhələr yaradır.

Rəsmi Bakını diqqətli olmağa vadar edən amil Nikol Paşinyanın bundan əvvəl də, danışıqlardan qaçması, qeyri-ardıcıl siyasət yürütməsi ilə bağlıdır. Bunu 2020-ci ildə Qarabağ Zəfərimizdən sonra Üçtərəfli bəyanatın bəndlərindən yayınma, silahlı dəstələrin Qarabağdan tam çıxarılmaması və Laçın yolu ilə silah daşınması göstərdi. Hər vəchlə Qarabağ məsələsini gündəmdə saxlamağa çalışan rəsmi İrəvan, yalnız ölkə başçısının və diplomatiyamızın ardıcıl və prinsipial mövqe sərgilməsindən sonra geri addım atdı.

Davamlı təxribatlar 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatı və separatçı rejimin tarixin arxivinə göndərilməsi ilə nəticələndi.

Növbəti illərdə Ermənistan tərəfinin sülh sazişinin imzalanmasını süni şəkildə uzatmaq, Qərbin hərbi dəstəyinə arxalanaraq yeni "status-kvo" yaratmaq cəhdlərini müşahidə etmək olardı. Effektiv diplomatik addımlarla rəsmi Bakı bu niyyətləri də neytrallaşdırdı.

Bu kontekstdə Prezidentin Ağdamdakı çıxışı gələcəyə hesablanmışdı: 

"Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik".

Odur ki, sülh müqaviləsi üçün rəsmi Bakının ədalətli tələblərini icra etmək, Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı müddəanı çıxarmaq Paşinyan administrasiyasının əsas hədəfi olmalıdır.

Regiona müdaxilə edən, Ermənistanı şirnikləndirən beynəlxalq dairələr anlamalıdır ki,  Azərbaycan Ordusu və diplomatiyası hər an istənilən revanş cəhdinin qarşısını almağa hazırdır.

Sülh prosesi yuxarıda qeyd olunan tələblərin icrası ilə birbaşa əlaqəlidir.

Modern Təhlil və Araşdırma Qrupu

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi