Modern.az

ABŞ-ın hücum etdiyi Venesuela hansı sərvətlərə malikdir? - SİYAHI 

ABŞ-ın hücum etdiyi Venesuela hansı sərvətlərə malikdir? - SİYAHI 

Dünya

3 Yanvar 2026, 12:58

Bu gün ABŞ aviasiyası Venesuelaya hava zərbələri endirdi. İki ölkə arasında uzun illərdir ki, mövcud olan gərginlik açıq hərbi toqquşma səviyyəsinə çatdı.

Modern.az Cənubi Amerikada strateji mövqedə yerləşən Venesuelanın malik olduğu təbii sərvətlər barədə yazını təqdim edir. 

Venesuela dünyada sübut olunmuş neft ehtiyatlarının həcminə görə birinci yerdə qərarlaşır.

2021-ci ilin məlumatlarına əsasən, ölkənin sübut olunmuş neft ehtiyatları təxminən 303,8 milyard barrel təşkil edir. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu göstərici 107,8 milyard barrel, Küveytdə isə 101,5 milyard barrel səviyyəsində qiymətləndirilir.

Bundan əlavə, Venesuelada neft hasilatı əsasən dörd iri hövzədə həyata keçirilir: Marakaybo, Falkon, Apure və Orinental. Son üç hövzə birlikdə ölkənin mərkəzi hissəsində, Orinoko düzənlikləri boyunca şərqdən qərbə uzanan “Orinoko neft kəməri (Orinoko kəməri)” adlanan zonanı təşkil edir. Bu ərazidə əsasən xüsusilə ağır neft hasil olunur ki, onun çıxarılması və emalı qeyri-ənənəvi texnologiyalar tələb edir.

ABŞ-nin Meksika körfəzi sahillərində yerləşən neftayırma zavodları məhz ağır neft növlərinin emalı üçün layihələndirildiyindən, bu region Orinoko zonasından ixrac olunan neftin əsas alıcılarından biridir. ABŞ-la yanaşı, Venesuela neftinin əsas ixrac istiqamətləri Cənubi Amerika, Avropa və Karib hövzəsi (xüsusilə Kuba) hesab olunur.

Həmçinin, 2021-ci ildə Venesuelada sübut olunmuş təbii qaz ehtiyatları 5,6 trilyon kubmetrdən çox olub. Qərb yarımkürəsində bu göstərici üzrə ölkəni yalnız ABŞ qabaqlayır. Venesuelada hasil olunan təbii qazın təxminən 90 faizi neft yataqları ilə əlaqəli sahələrdən əldə edilir.

Eyni zamanda, Venesuelanın ümumi dəmir filizi ehtiyatları 4,5 milyard ton səviyyəsində qiymətləndirilir ki, bunun 2 milyard tonu sübut olunmuş ehtiyatlardır. Region üzrə dəmir ehtiyatlarına görə Venesuela yalnız Braziliyadan geri qalır. Əsas dəmir filizi yataqları Bolivar ştatında yerləşir. Onların sırasında Serro-Bolivar, San-İsidro, Mariya-Luisa və El-Trueno yataqları xüsusi əhəmiyyət daşıyır.

Venesuela alüminium istehsalında istifadə olunan boksit ehtiyatlarına görə də dünyada aparıcı ölkələrdən biridir. Ölkənin ümumi boksit ehtiyatları 950 milyon ton, sübut olunmuş ehtiyatları isə 320 milyon ton təşkil edir.

Qeyd edək ki, Venesuelanın zəngin təbii resurs potensialı ölkənin iqtisadi inkişafında strateji rol oynasa da, bu imkanlardan səmərəli istifadə beynəlxalq bazarlar və texnoloji imkanlarla sıx bağlıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ