ABŞ prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronu nəzarət altına alaraq hüzuruna gətirtməsinin görüntülər geniş müzakirələrə səbəb olub. Bu görüntülərdə diqqət çəkən əsas məqamlardan biri isə Maduronun geyim tərzidir.
Maduronun ayağında ağ corab və qara şap-şap... İlk baxışda adi görünən bu detal əslində ciddi siyasi və psixoloji mesaj daşıyır.
Mütəxəssislərin fikrincə, belə geyim kombinasiyası adətən həbsxana, saxlanma və ya təcili aparılma kontekstində rast gəlinir. Bu isə birbaşa onu göstərir ki, Maduro öz imicini özü formalaşdırmır. Onu sistem geyindirir.
Dövlət başçıları üçün geyim, xüsusilə ayaqqabı, corab detalları təsadüfi hesab edilmir. Burada isə nə kostyum var, nə lider obrazı, nə də protokol. Vizual mesaj açıqdır:
“Sən artıq prezident deyilsən, adi bir fiqursan”.
Qərb vizual və media dilində ağ corabla qara şap-şap kombinasiyası tez-tez saxlanılan, dindirilməyə aparılan və ya “cinayətkar” obrazında təqdim edilən şəxslərlə assosiasiya olunur. Bu cür görüntülər şüuraltı olaraq “dövlət başçısı” statusunu silir və “tutulan şəxs” imicini önə çıxarır.
Eyni zamanda bu detal Maduronun təcili şəkildə aparıldığını, hazırlığa və imic qurmağa vaxt verilmədiyini də göstərir. Bu isə açıq güc nümayişidir.
Analitiklər hesab edirlər ki, bu görüntü ABŞ-nin uzun illərdir istifadə etdiyi klassik psixoloji müharibə dilinin bir hissəsidir. Vaxtilə Səddam Hüseynin saqqallı, bitkin halda yayılan görüntüləri və ya Müəmmər Qəddafinin linç videosunun dünya ictimaiyyətinə servis edilməsi də eyni məqsədə xidmət edirdi.
Yekun olaraq demək olar ki, ağ corab və qara şap-şap bir cümləlik siyasi mesajdır: “Bu adam artıq öz ayaqları üzərində dayanmır”.

Sevinc MƏHƏRRƏMOVA