Modern.az

Markesin tərcüməçiləri: “Kaş Azərbaycanda da yazıçıya belə dəyər veriləydi” - SORĞU

Markesin tərcüməçiləri: “Kaş Azərbaycanda da yazıçıya belə dəyər veriləydi” - SORĞU

18 Aprel 2014, 15:25

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes vəfat edib. “Yüz ilin tənhalığı”, “Gözlənilən bir qətlin qısa tarixçəsi”, “Polkovnikə məktub yoxdur”, “Patriarxın payızı”, “Vəba günlərində eşq” və s. əsərlərin bir çoxu Azərbaycanda da tərcümə edilib. Qarsiya Markesin ilk tərcüməçiləri Natiq Səfərov və Əkrəm Əylislidir. Sonradan bu işi Afaq Məsud, Nəriman Əbdürrəhmanlı, Günel Mövlud və Əziz Rzazadə davam etdirib.

Modern.az mərhum yazıçının tərcüməçiləri arasında keçirdiyi sorğunu sizlərə təqdim edir.

Əkrəm Əylisli: “Yazıçılar ölkənin mənəvi xəritəsini çəkir. Təbii ki Markes də o şəxslərdən idi ki, ölkəsinin mənəvi xəritəsini çəkib getdi. Beş yazıçını Azərbaycana ilk dəfə mən “gətirmişəm”. Yəni onları ilk dəfə mən tərcümə etmişəm. Markes də onların arasında idi. Ondan tərcümə etdiyim “Gözlənilən bir qətlin tarixçəsi” əsəri səhv eləmirəmsə, 1983-cü ildə “Azərbaycan” jurnalında çap olundu. Sonra bir neçə dəfə kitab halında çap olundu.

Markes ədəbiyyat üçün bədii sözün ən böyük arxitektorlarındandır. Mövzu onun üçün çox əhəmiyyətsiz bir şey idi. Elə adını çəkdiyim əsərdə də mövzu çox bəsitdir. Amma o bəsit mövzunu o qədər dərin, yüksək texnika ilə işləyib. Mən də o zaman bu əsəri məhz yüksək texnikasına görə tərcümə etdim. Qarsiya Markes böyük ədəbiyyat texniklərindəndir. O, bütün varlığı ilə ədəbiyyatı bağlıdır. Magiyalı realizmin ən nəhəng simalarındandır. Onun ölümü münasibətilə Kolumbiyada üç günlük matəm elan edilib. Heç yadınıza gəlirmi ki, hansısa Azərbaycan yazıçısı öləndə üç günlük matəm olsun? Mənim yadıma gəlir ki, Səməd Vurğunun dəfni böyük xalq hüznü oldu. Amma dəfn ediləndən bir az sonra unuduldu. Amma Markes üçün 3 günlük ümumxalq hüznü ona olan sevginin təzahürüdür. Mən arzu edərdim ki, Azərbaycanda da yazıçıya bu cür dəyər verilsin. Markesin ən böyük xidməti o oldu ki, ölkəsinin mənəvi ərazisini genişləndirdi”.

Əziz Rzazadə: “Qarsiya Markesin “Yüz ilin tənhalığı”nı hələ 80-ci illərdə oxumuşdum. Heç vaxt ağlıma gəlməzdi ki, Azərbaycanda onun ən böyük tərcüməçisi məhz mən olacağam. “Vəba günlərində eşq”, “Hüznlü fahişələrim”, “Qaçırılma” və “Eşq və başqa cinlər”, habelə iki hekayəsi mənim tərcümələrimdir. Düzü, onlarla o qədər də fəxr etmirəm. Çünki Qarsiysa Markesi magiyalı realizm janrının ən böyük zirvəsi hesab etmirəm. Çünki bu Nobel mükafatçısının postsovet məkanında tanıdılmasının müəyyən siyasi səbəbləri vardı. Buna görə də uzun illər Latın Amerikasının magiyalı realizminə bələnmiş digər, məncə, daha istedadlı və parlaq qələm sahibləri – Rulfo, Ernandes, Kortasar, çox bəyəndiyim Xuan Xose Arreola kölgədə qaldı. Amma indi Qarsiya Markeslə vidalaşıb həmin imzaları Azərbaycan oxucusuna çatdırmaq zamanıdır. Mütaliə dairəmiz genişləndikdə Qarsiya Markesi heç xatırlamayacağıq da...”.

Afaq Məsud: “Markes bu dünyada tapıb tanıdığım ən yaxın doğmalarımdan biridir. Onunla heç vaxt yaxın ünsiyyətdə olmamışam, amma, dünyanın genişliyini və azadlığını mənə, hansısa sirli yollarla təlqin edən bu adamı daim yaxınlığımda hiss eləmişəm. Markes onu tanıdığım gündən, hər zaman dadıma çatıb. Məni ən darısqal, ən çıxılmaz məqamlardan qansız-xatasız ötüşdürüb, ən keçilməz maneələrdən adladıb, yayındırıb. Bir sözlə, xırdalanıb kiçilməyə, əyilməyə qoymayıb. Yazıçı kimi yaşamağıma imkan yaradıb. Ayrı cür desəm, məni müqəddəs, şəfqətli Ədəbiyyat Ərazisində qoruyub saxlayanlardan biri də Markes olub.

Böyük yazıçılar ölmürlər. Onlar hələ sağ ikən, Böyük Ədəbiyyatın Əbədiyyət Ərazisinə daxil olur, dünyalarını dəyişsələr də, Orada yaşamağa davam edirlər. Markes də, beləcə. O, heç zaman yoxa çıxmayacaq

Nəriman Əbdürrəhmanlı: “Neçə illər idi ki, onu dünyanın ən məşhur yazıçısı adlandırırdılar. İndi haqqında keçmiş zamanda danışmaq çox çətindir. Böyük Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin qələmindən çıxmış əsərlər insan qəlbinin dərinliklərinə asanlıqla yol tapır. Markes əsl söz sehrbazıdır, hamının bildiyi, yazdığı, danışdığı kəlmələrlə əsrarəngiz duyğular oyatmağı, oxucunu Sözün qüdrətinə inandırmağı bacarır. Qabriel Qarsia Markes Latın Amerikası ədəbiyyatı fenomenini dünyaya tanıdan, onu XX yüzilliyin bədii möcüzəsinə çevirən söz sərraflarından biri idi. Onu Azərbaycan oxucusuna ustad tərcüməçi Natiq Səfərov və Əkrəm Əylisli tanıtdılar. Mən də bir povestini və hekayələrini dilimizə çevirmişəm. İndisə Markesin dilimizdə ən azı on kitabı nəşr olunub. İnanıram ki, əsərləri növbəti yüzilliklərdə də öz həyatını eyni uğurla davam etdirəcək”.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir