Modern.az

Başlıbel faciəsinin törədilməsindən 21 il ötür - FOTO

Başlıbel faciəsinin törədilməsindən 21 il ötür - FOTO

18 Aprel 2014, 15:40

Dünən Beynəlxalq Mətbuat Mərkəzində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı hadisələrindən daha biri ilə bağlı anım tədbiri keçirilib. Modern.az-ın məlumatına görə, bir qrup jurnalistin təşkilatçılığı ilə keçirilən Başlıbel faciəsinin 21-ci ildönümü ilə bağlı təşkil olunan anım tədbirində Kəlbəcər rayonundan olan ziyalılar, Başlıbel faciəsi qurbanları və onların yaxınları, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib. Tədbirdə çıxış keçmiş döyüşçü, jurnalist Elxan Salahov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılması istiqamətində görülməsi vacib olan xeyli iş var: «Dağlıq Qarabağ müharibəsi zamanı elə hadisələr, ermənilərin törətdikləri elə vəhşiliklər var ki, onlar nəinki beynəlxalq ictimaiyyətə çatdırılıb, heç Azərbaycan vətəndaşlarında da bununla bağlı kifayət qədər məlumat yoxdur. Belə hadisələrdən biri də 21 il öncə Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən faciədir. Bu həqiqətlərlə bağlı məlumatların kifayət qədər yayılmaması isə nəinki ölkə xaricində, elə Azərbaycan mediasında da həqiqətdən uzaq məlumatların yayılmasına səbəb olur».

Başlıbel kəndində törədilən faciə ilə bağlı məlumat verən Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov isə bildirdi ki, Başlıbel faciəsinin şahidlərinin hər biri ilə görüşərək onların fikirlərini öyrənib: « İndiyədək faciə ilə bağlı respublikamızda da yetərincə məlumatlandırma aparılmayıb. Yalnız ötən il Regional İnsan Hüquqları və Media Mərkəzi «Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» kitabını çap etdirib. Azərbaycan və ingilis dilində çap edilən kitabda Başlıbel kəndində törədilən soyqırımının canlı şahidlərinin dedikləri yer alıb. Kitab hazırlanarkən faciə qurbanlarının yaxınları və şahidlərin hər biri ilə ayrılıqda görüşdük. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər -  I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur». 

X.Kazımov vurğuladı ki, Başlıbel kəndi işğal olunarkən diri-diri yandırılan da, ağır işgəncələrlə öldürülən də, övladının, valideyninin, həyat yoldaşının gözləri qarşısında güllələnənlər də olub: «Girov götürülən Başlıbel sakinləri isə ermənilərin aylarla davam edən vəhşiliyinə dözməli olublar. İllərlə qazandıqlarından bir kibrit çöpü belə çıxara bilməyən, bütün var-dövlətləri qarət olunan, qurub-yaratdıqları kəndləri viran qoyulan başlıbellilər bu gün öz yaşayışlarını təmin edə biliblər. Amma Başlıbeldə törədilən faciənin onların ürəyinə vurduğu ağrılar uzun illər sağalmayacaq. Amma Başlıbel hadisəsi bütün bu ağırlıqlarına rəğmən düşmən arxasında yaşamağın, bir məqsəd uğrunda birləşən insanların hər şeyə qadir olduqlarını  göstərdi. Demək, hər daşı, hər qayası, hər dağı alınmaz bir səngər olan  Kəlbəcəri, Laçını düşməndən azad etmək o qədər də çətin deyil. Ömrünün böyük bir hissəsini orada yaşayan insanlar o torpaqların hər cığırına bələddir. Kəlbəcərin işğalından sonra da dəfələrlə öz torpaqlarını ziyarət etmək üçün düşmənin bütün mövqelərini keçib gedən oğullar həmin torpaqlarda aparılan partizan müharibəsində böyük uğur qazana, torpaqlarımızı qısa müddətdə düşməndən azad edə bilərlər. Amma üzücü hal odur ki, o insanların sayı hər ötən gün azalır və əksəriyyəti dünyasını dəyişib. Bu gün Kəlbəcərdən, böyük faciənin yaşandığı Başlıbeldən kənarda dünyaya gələn uşaqların isə artıq 21 yaşı var. Həmin  gənclərimizin qəlbində vətənpərvərlik ruhu nə qədər yüksək olsa da, ataları, babaları qədər o yerlərə bələd deyillər. Odur ki, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi işini övladlarımıza miras qoymamalıyıq». Jurnalist Zülfiqar Hüseynzadə isə Başlıbeldə 4 ay düşmən arxasında müqavimət göstərən insanların fədakarlığından bəhs etdi.

Son zamanlar mediada Kəlbəcərlə bağlı yayılan məlumatlara diqqət çəkən jurnalit Etibar Seyidağa hər bir kəlbəcərlinin torpaqlarının azad olunması üçün döyüşə hazır olduğunu vurğuladı: «Kəlbəcər 5 il mühasirə şəraitində düşmənə müqavimət göstərib. Müharibə başladığı təqdirdə isə hər bir kəlbəcərli  yenə silaha sarılıb ön cəbhədə döyüşəcək. Bəzi telekanallarda kəlbəcərliləri heç bir əmr gözləmədən torpaqların azad edilməsi uğrunda döyüşə çağırırlar. Kəlbəcərlilər hər zaman torpaqlarının azad edilməsi uğrunda döyüşə hazırdır. Amma hazırda Azərbaycan güclü dövlətdir və dövlətin güclü ordusu, qanunları var. Bizlər Ali Baş Komandanın əmrini gözləyir və bu əmrin tez bir zamanda verilməsinə ümid edirik».

Daha sonra çıxış edən keçmiş millət vəkili Əlövsət Ağalarov Kəlbəcərin müdafiəsi uğrunda göstərilən müqavimətə baxmayaraq, rayonun itirilməsinin böyük itki olduğunu bildirdi: «Kəlbəcər rayonunun düşmənə sonadək müqavimət göstərməsinin bir nümunəsi də Başlıbel kəndində törədilən faciədir. Rayonun işğalından bir neçə ay sonra da həmin kəndin sakinləri düşmənə müqavimət göstərib. Hazırda da Kəlbəcər sakinləri öz torpaqlarının azadlığı uğrunda döyüşə hazırdır. Amma bunu təkcə gözləmək yox, həm də həmin günün tez yaxınlaşmasına çalışmaq lazımdır». Tədbirdə çıxış edən Azərbacan Texniki Universitetinin müəllimi Saleh Mirzəyev, Hüseyn Mirzəyev, kəlbəcərli ziyalı Əkbər Sarıyev, Başlıbel kəndində 113-gün mühasirə həyatı yaşayan Səlim Mehdiyev, Elşad Əzizov hadisə ilə bağlı fikirlərini bildirdilər.

ANS kanalında Kəlbəcər sakinlərinə qarşı səsləndirilən fikirlərə də münasibət bildirən təşkilatçılar vurğulayıb ki, məsələ ilə bağlı bir neçə gün öncə Milli Televiziya və Radio Şurasına müraciət göndərilib.


 

 

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər