Modern.az

İranda vəziyyət nəzarət altına alınıb - Nazir

İranda vəziyyət nəzarət altına alınıb - Nazir

Dünya

12 Yanvar 2026, 14:05

“Terrorçular hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə atəş açaraq İranda dinc etirazları silahlı iğtişaşlara çevirdilər”.

Modern.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi yanvarın 12-də Tehranda xarici səfirliklərin rəhbərləri ilə görüşdə bildirib. Yayım İranın radio şirkəti tərəfindən aparılıb.

"8 yanvardan etibarən etirazlarda yeni bir mərhələ ilə qarşılaşdıq və 8-10 yanvar tarixlərində nümayişçilər arasında terrorçular və silahlar peyda oldu. Aydındır ki, bu, planlaşdırılmışdı. Etirazlar məqsədindən yayınaraq ölkə daxilində ümumi zorakılığa, qan tökülməsinə, qırğınlara çevrildi. Etirazçılar arasında silahlı elementlər peyda oldu və onlar təkcə polisə deyil, həm də ən əsası adi insanlara atəş açdılar", - deyə o vurğulayıb.

Diplomatın sözlərinə görə, 8 yanvar tarixinə qədər hökumət və biznes nümayəndələri münaqişələrin əksəriyyətini həll ediblər və etirazların fəallığı azalmağa başlayıb, lakin sonra İsrail və ABŞ ilə əlaqəli terrorçular vəziyyətə müdaxilə ediblər.

Arakçi əlavə edib ki, Trampın Tehrana etirazlarda qan töküləcəyi halda xəbərdarlığı "terrorçular"ı etirazçılara və təhlükəsizlik qüvvələrinə hücuma sövq edib, yəni, onlar bununla xarici müdaxiləyə zəmin yaratmaq istəyiblər.

Araqçi bildirib ki, iğtişaşçılar ölkə daxilində 53 məscidi yandırıblar, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə atəş açıblar: "Yaralılara belə aman verməyiblər və onları boş yerə güllələyiblər".

Arakçinin sözlərinə görə, İran hakimiyyəti ölkədəki etirazlarla bağlı vəziyyəti artıq nəzarət altına alıb.

"Vəziyyət nəzarət altındadır", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, İran ABŞ-dan gələn təhdidlər nəzərə alınmaqla qabaqlayıcı tədbirlər planlaşdırmır, müharibəyə də can atmır, amma buna hazırdır.

Abbas Arakçi bildirib ki, Tehran ABŞ ilə danışıqlara hazırdır, lakin onlar qarşılıqlı hörmətə əsaslanmalıdır.

"Dəfələrlə qeyd etdiyim kimi, biz də bərabər şərtlərlə və qarşılıqlı hörmətlə, diktə və təlimat şəklində deyil, real və ciddi olacaq dürüst danışıqlara hazırıq", - deyə Arakçi bildirib.

XİN başçısı qeyd edib ki, internet xidməti təhlükəsizlik qurumları ilə koordinasiya şəklində bərpa olunacaq.

Onun xarici dövlətlərin səfirləri qarşısında çıxışından bir parça İran televiziyasında yayımlanıb.

İranda etirazlar 2025-ci ilin dekabr ayının sonunda yerli valyuta - İran rialının devalvasiyası səbəbindən başlayıb. Etirazların əsas mövzusu əvvəlcə valyuta məzənnəsindəki kəskin dalğalanmalar və onların topdan və pərakəndə satış qiymətlərinə təsiri olub. Etirazlar daha sonra iğtişaşlara çevrilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?