Modern.az

Milli Qəhrəman haqqında "Qasımın andi" filmi təqdim olunub

Milli Qəhrəman haqqında "Qasımın andi" filmi təqdim olunub

10 İyun 2010, 15:52

Bu gün Hökumət evində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən növbəti filmi təqdim edib. Modern.az xəbər verir ki, Milli Qəhrəman Qasım Rzayevin həyatı və döyüş yoluna həsr olunmuş “Qasımın andı” adlı filmin təqdimat mərasimində millət vəkilləri, ictimai xadimlər və KİV nümayəndələri iştirak ediblər.

Filmdə Qasım Rzayevin taleyindən, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs olunur.  Bununla yanaşı, ekran əsərində 1991-1992-ci illərdə Qasım Rzayevin yaşadığı kənd ətrafında yaranmış hərbi vəziyyət, erməni terrorçularının törətdikləri vəhşiliklər də lentə alınıb. Filmdə milli qəhrəman Qasım Rzayevin ailə üzvləri, erməni qəsbkarları ilə döyüşlərdə onunla çiyin-çiyin vuruşan döyüş yoldaşlarının xatirələri öz əksini tapıb.

Filmin ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov, baş məsləhətçisi Qənirə Paşayevadır.

Filmin təqdimatından sonra çıxış edən millət vəkili Qənirə Paşayeva filmin qəhrəmanı qarşısında baş əydiyini deyib: “Qasım Rzayev göstərdiyi bu qəhrəmanlıqla Tovuzun Əlibəyli kəndinin adını tarixə yazdı. Xoşbəxt o insandır ki, hər kəsin halalığını alsın. Bu xoşbəxlik də Qasıma qismət oldu. Torpaqlarımızı işğaldan azad etmək üçün Qasım qədər potensial qəhrəmanlarımız olmalıdır. Mən çox istərdim gənclərimiz Qasım Rzayevdən ibrət dərsi götürsünlər. Onlar şou-biznesin bayağı qəhrəmanlarına deyil, bu qəhrəmanlara oxşamalıdırlar”.

Ombudsman Elmira Süleymanova çıxışında bildirib ki, Azərbaycan xalqı bu cür qəhrəmanlara borcludur: “Halal olsun belə oğula ki, torpaq uğrunda canını qurban verib. Qasım Rzayev şəxsiyyət zirvəsini fəth edib”.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü  Rövşən Rzayev digər milli qəhrəmanlar haqqında da bu cür filmlərin çəkilməsinin vacibliyini vurğulayıb. Millət vəkili Həvva Məmmədova bildirib ki, bu cür filmlərin ərsəyə gəlməsində hər kəs öz köməyini əsirgəməməlidir: “Yəqin ki, bu filmdən sonra çoxlu kitablar yazılacaq. Çox güman ki, digər qəhrəmanlara da həsr olunmuş filmlər çəkiləcək. Bəlkə də Qənirə xanım olmasaydı, biz bu qəhrəmanı tanımayacaqdıq”.

Millət vəkili Gülər Əhmədova filmi ərsəyə gətirən kollektivə təşəkkür edib: “Bu cür qəhrəmanlarımız olmasaydı, Azərbaycanın bu günü olmazdı”.

Tədbirin davamında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Təhsil Nazirliyinin şöbə çüdiri Ağababa İbrahimov, professor Qəzənfər Paşayev və başqa ictimai xadimlər çıxış ediblər.

Günay Musayeva

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi