Modern.az

Qars bələdiyyə sədri Mürtəza Qaraçanta: “Qarsa tam şəkildə Azərbaycan mədəniyyəti hakimdir”

Qars bələdiyyə sədri Mürtəza Qaraçanta: “Qarsa tam şəkildə Azərbaycan mədəniyyəti hakimdir”

22 Aprel 2014, 17:58


Modern.az  Qarsın azərbaycanlı bələdiyyə sədri Mürtəza Karaçantanın APA TV-yə eksklüziv müsahibəsini oxuculara təqdim edir.

- Qarsda bələdiyyə seçkilərində azərbaycanlı namizədin qalib gəlməsi Azərbaycanda hər kəsi sevindirdi. Siz özünüz seçkilərin nəticələrini necə dəyərləndirirsiniz?

- İlk öncə sizə "xoş gəldiniz" deyirəm və sizi burada qonaq etməyə nə qədər şad olduğumu ifadə etmək istəyirəm. Qarsdan Azərbaycana, Azərbaycandakı dostlarımıza sizin vasitənizlə qucaq dolusu sevgilər, salamlar göndərirəm. Seçki bir yarışdır. İğdırdakı seçkiləri uduzmağımız bizi də üzdü. Təbii ki, istərdik ki, Milliyyətçi Hərəkat Partiyasının 3 hilallı bayrağı Türkiyənin hər yerində dalğalansın. Amma nə edə bilərik, bəzən insan belə bir yarışdan məğlub da çıxa bilir. Bu bir seçki atmosferidir. Allaha şükür ki, Qarsda 3 hillalı bayrağımızı ay ulduzlu al bayrağın yanında dalğalandırmaq şərəfinə nail olduq. Buna görə ilk olaraq Qarsdakı həmyerlilərimə, Qarsdan kənarda yaşayan qarslılara, Azərbaycanda olan dostlarımıza, mənəvi dəstəklərini bizdən əsirgəməyən hər kəsə səmimi qəlbdən təşəkkür edirəm. Bu gün biz bu sevinci, bu qüruru yaşayırıq, amma bu hissləri bizə yaşadan insanlar var. Mənəvi dəstəklərini bizdən heç zaman əsirgəməyən, telefonla zəng edib hal-əhvalımızı soruşanlar, Qarsdan kənarda yaşayan qarslı həmyerlilərimiz həmişə yanımızda oldu və nəticədə uğur qazandıq. Qarsın yerləşdiyi coğrafi mövqe, Qarsın önəmi, şəhərimizin Qafqaza, türk dünyasına açılan qapı olması, türklərin Anadoluya keçdiyi qapı olması baxımından Milliyyətçi Hərəkat Partiyasının bayrağı burada ya dalğalanmalı, ya da dalğalanmalı idi.

- Seçkiləri dəyərləndirənlər Qarsda MHP-nin qalib gəlməsini bir möcüzə sayırlar. Hər şey sizin əleyhinizə idi. Müxalif partiyadan namizəd olmağınız, şəhərin etnik tərkibi, əvvəlki seçkilərdə buraxılan səhvlərin təkrarlanması ehtimalı və sair. Bu çətinliklərə rəğmən qalib gəlməyi bacardınız. Sözsüz ki, bura da bir insan faktoru, Mürtəza Karaçanta kimliyi də var.

- Çalışmadan qalib gəlmək mümkün deyil. Bir şeyi əldə etmək üçün əvvəlcə onun üçün əmək sərf etmək lazımdır. Qarsdakı seçkilərdə ilk namizədliyi açıqlanan şəxs mən oldum. 2013-cü ilin 8 dekabrında namizədliyim açıqlandı. O zaman hələ heç bir namizədin adı açıqlanmamışdı. Bəlkə də bu, mənim üçün bir şans oldu. Təbliğat aparmaq üçün üç ay yarımlıq bir vaxt qazandıq ki, bu, çox böyük müddətdir. Həmyerlilərimin demək olar ki, hər birinin əlini sıxma şansım oldu. Döymədiyim qapı qalmadı. Hər kəsə özümüzü, partiyamızı tanıtdıq. Partiya təşkilatımız da, qadınlar təşkilatımız da eyni şəkildə çalışdı. Hətta bir evə səs almaq üçün 2-3 dəfə belə getdik. Şükür ki, bu əməyin bəhrəsini gördük. Dediyiniz kimi, Qarsda mənim qalib gəlmək şansım zəif görünürdü. Üstəlik etnik kimlik və digər məsələlər qaldırılırdı. Amma biz heç zaman etnik ayrı-seçkilik etmədik. Qalib gəlməyimiz də məhz buna görə oldu. Çünki biz insanı yaradandan ötrü sevirik.

- Yanılmıramsa, seçkilərdə 11 min 275 səs topladınız. Nə qədər səs toplayacağınızı düşünürdünüz və nə qədər səs aldınız? Təxminlərinizdən az, yoxsa çox səs topladınız?

- Açığı, biz qədər az oldu. Mən bir az artıq rəqəm gözləyirdim. Təxmini ala biləcəyim səs 14 minə yaxın idi. Seçki elə bir şeydir ki, çalışırsan, təxmini statistik rəqəmlərə görə, nə qədər səs toplaya biləcəyini ehtimal edirsən. Amma seçkilərə bir həftə qalmış, bir də görürsən ki, hər şey tərsinə dönüb. Bu müddət ərzində təbii ki, bizi zəif hesab edənlər də oldu. Amma mən gəzdiyim yerlərdə, təbliğat apardığım ərazilərdə hər kəsə əl uzatdım, amma əlimi sıxmayan bir adam görmədim. Bu da məni ruhlandırdı. Bu əhval-ruhiyyənin seçkilərin nəticələrinə təsir edəcəyini düşündüm. Və təsir etdi də. Doğrusu, aldığım səsin miqdarı gözlədiyimdən bir qədər aşağı oldu. Amma Allaha şükür ki, qalib gəldik.

- Seçkilərdən sonra verdiyiniz ilk açıqlama belə idi - Bələdiyyə sədri seçildikdən sonra MHP kimliyimi bir kənara qoyacağam. Bu təbii ki, partiyadan və ya ideologiyadan imtina etmək deyil. Amma bunu yeni seçilmiş bələdiyyə sədri üçün çox uğurlu açıqlama hesab edirəm. Yəni, Qarsın bələdiyyə başqanı hər kəsin bələdiyyə başqanı olmalıdır, tək ona səs vermiş 11 min 275 insanın deyil...

- Türkiyədə sistem belədir ki, seçkilərdə iştirak etmək üçün prosesə mütləq bir siyasi partiyanın adı altında qoşulmalısan. Mənim hələ gənclik illərindən gələn bir MHP-çilik ruhum var. Bu mövqeyim olub və bələdiyyə sədri olduğum müddətdə də həmişə qalacaq. Amma üzərimə götürdüyüm vəzifə elə bir işdir ki, burada xidməti yalnız MHP-lilərə deyil, bütün Qarsa göstərəcəyəm. Məsələn, bir yol salacağıq və bu yoldan yalnız Milliyyətçi Hərəkat Partiyasının üzvləri keçməyəcək, bütün Qars keçəcək. Beləliklə, mənim xidmət sahəm bütün Qarsı əhatə edəcək. Bu halda bir partiyanın kimliyi altında xidmət etməyin doğru olmadığını düşünürəm. Mən bu gün tək Milliyyətçi Hərəkat Partiyasının üzvü deyil, həm də Qars bələdiyyəsinin sədriyəm. Yəni, Qars insanına xidmət göstərmək üçün buradayam. Ona görə də partiya kimliyim vəzifəni yerinə yetirəcəyim 5 il müddətində mənimlə olmayacaq.

- Siz bu seçkilərdə qalib gəlsəniz belə, etiraf edək ki, çətin bir bələdiyyəyə rəhbərlik edəcəksiniz. Yəni Qarsın problemləri saymaqla bitməz. Dərhal hiss olunur ki, Qarsın görüləcək işləri var və bu işləri həll etmək üçün 5 il azdır...

- Biz bu yola bir inamla çıxdıq. Bu inamımız daimidir. Biz həmişə deyirik ki, bizim vətən sevgimiz insana xidmətin gücü ilə eyni dəyərdədir. Bu niyyətin də həyata keçirilə biləcəyi ən gözəl yer yerli idarəçilikdir, yəni bələdiyyələrdir. Biz işimizin nə qədər çətin, məşəqqətli olduğunu anlayırıq. Amma çətin olduğu qədər də, müqəddəs olduğunu bilirik. Çünki insana xidmət etmək haqqa xidmət etmək kimi bir şeydir. Bu fikirlə yola çıxdığımız üçün Qarsda görüləsi işlərin çox olduğunu bilirdik. Bu daşın altına kimsə əlini qoymalı idi. Biz bu missiyanı öz üzərimizə götürdük. Bələdiyyə Məclisinə üzvlərimizi də bu prinsipə əsasən seçmişik. Çünki şəhərimizə xidmət göstərmək istəyirik. Buna görə də komandamızın üzvləri bilikli, dünyagörüşlü, ləyaqətli, güvənə biləcəyimiz insanlardır. Komanda yaxşı qurulduqdan sonra öhdəsindən gələ bilməyəcəyimiz iş yoxdur. Düz deyirsiniz, Qarsda problemlər var. Yol, su, təmizlik problemləri daha çox gözə çarpır. Amma biz özümüzdə bunların öhdəsindən gələ biləcək gücü görürük. Siz 5 il kifayət etməz deyirsiniz. Amma 5 il sonra gələndə fərqli bir Qarsla qarşılaşacağınıza əmin olun.

- Üç problemdən danışdınız. Amma bundan başqa bəzi şəhər problemləri də var. Amma yeni seçilmiş bələdiyyə sədrinin dilindən eşitmək istəyirəm – Qarsın ən böyük problemi nədir?

- Qarsda ən böyük problemimiz budur - əhalinin asudə vaxtını səmərəli keçirə biləcəyi, rahat yaşaya biləcəyi bir atmosferə ehtiyacı var. Bu ehtiyacı yaşıllıq sahəsi, park, bağça, insanların otura biləcəyi, alış-veriş edə biləcəyi yerlər qurmaqla təmin etmək olar. Şəhər idarəetməsi dedikdə ağla bu kimi şeylər gəlir. Qarsın inanc, qış, təbiət turizmi önə çıxarmalıyıq. Qarsın tanınmasını reallaşdırmaq üçün Türkiyənin deyil, dünyanın diqqətini buraya yönəltmək lazımdır. Bu həm iqtisadi cəhətdən şəhərimizə güc qazandıracaq, həm də məşğulluq baxımından daha yaxşı nəticələr əldə edəcəyik. Bunlar vacib işlərdir. Ciddi layihələrimiz var. Allah qismət etsə, həyata keçirəcəyik.

- Qars müxtəlif mədəniyyətlərin birgə yaşadığı şəhərdir. Hətta deyərdim ki, bu şəhərin xüsusi mədəniyyəti var. Həm siz, həm ailəniz bu mədəniyyətə bağlı insanlarsınız. Təəssüfedici məqam odur ki, Qarsda reportaj hazırladığım insanlarda sanki bu mədəniyyətdən bir qədər uzaqlaşma gördüm. Bələdiyyələrin də ən çox önəm verdiyi işlərdən biri mədəni fəaliyyət olmalıdır. Bu mədəniyyətin qorunması, təşviq olunması, həmçinin Qarsın bir mədəniyyət mərkəzi olaraq tanınması üçün hansı layihələriniz var?

- Bizim önəm verdiyimiz məsələlərdən biri də buradakı tarixi gözəllikləri qorumaq, köhnə Qarsı yenidən canlandırmaqdır. Bu ya olmalı, ya da olmalıdır. Sizin də bəhs etdiyiniz Qarsdakı mədəniyyət məsələsi belədir. Sizin dediyiniz şəkildə mədəniyyətin mövcudluğuna ən böyük səbəb burada yaşayan əhalinin böyük bir hissəsinin Azərbaycan köklü ailələrdən olmasıdır. Yəni, bu insanlar Azərbaycan mədəniyyətini eyni şəkildə buraya daşıyıblar. Azərbaycan musiqisi oradan buraya hansı formada gəlibsə, illərdir ki, burada eyni şəkildə yaşayır. Uzun illərdir Qarsdan insanlar köçür. Yəni Türkiyənin hansı şəhərinə getsəniz, bu mədəniyyət, bu musiqi ilə qarşılaşacaqsınız. Çünki uzun illərdir insanlar bu şəhərdən köçərək Türkiyənin başqa şəhərlərində məskunlaşırlar. Mədəniyyətimiz burada assimilyasiya olsa da, hələ də öz xüsusiliyini, özəlliyini qoruyur. Biz də yerli idarəetmə orqanı olaraq bu mədəniyyətin canlanması üçün görəcəyimiz işləri son dərəcə həssaslıqla yerinə yetirəcəyik. Bu mədəniyyət yox olmamalıdır. Çünki bu mədəniyyət özlüyündə bir türk mədəniyyətidir.

- Mədəniyyətdən danışarkən köç ifadəsi işlətdiniz. Özünüzün də dediyiniz kimi, Qars ən çox köçə məruz qalan vilayətdir. Bunun müsbət və mənfi tərəfləri var. Mənfi tərəfi insanların toplu şəkildə köçüb başqa şəhərə köçüb getməsidir. Müsbət tərəfi isə odur ki, insanlar sahib olduqları mədəniyyəti də özləri ilə köçdükləri yerə aparırlar. Amma Qarsda köçün dayanması, əksinə, geriyə köçün başladılması üçün önəmli işlər görülməlidir...

- Təbii ki, bu mümkündür. İnsanlar Qarsdan niyə köç edir? Burada iş sisteminin olmaması, gənc nəslin axtardığı şeyi burada tapmaması səbəbindən. Köçlər həmişə bu şəkildə olub. Bayaq dediyim kimi, bir də Qarsın coğrafi mövqeyi çox önəmlidir. Qars onsuz da sərhəd qapısı olması səbəbi ilə türklərin Anadoluya keçdiyi qapıdır. Bura İpək Yoludur. Yəni gələn burdan keçib gedər. Onsuz da əgər hamı Qarsda qalsaydı, Türkiyənin türk dünyasına töhfəsi deyə bir şey olmazdı. Şübhəniz olmasın ki, zaman keçdikcə burada yeni iş yerləri yaradılacaq və o zaman Qarsdan köçən həmyerlilərimiz getdikləri kimi də geri dönəcəklər.

- Azərbaycanın Qarsda Baş Konsulluğu fəaliyyət göstərir. Yəni Azərbaycanda həm də Qarsa xüsusi münasibət var. Bu da təbii ki, əlaqələrimizə çox müsbət təsir edir. Amma əlaqələrimiz istədiyimiz səviyyədə deyil. Siz bu münasibətləri nə cür görürsünüz? Münasibətləri inkişaf etdirmək üçün hansı addımları atmalıyıq? Azərbaycandan gözləntiləriniz nədir?

- Yaxın keçmişə qədər Qars əhalisinin 80 faizi Azərbaycan əslli ailələrdən ibarət idi. Bu səbəbdən Qarsa Azərbaycanın baxışı daha fərqli olmalıdır. Qarsın da Azərbaycana həmçinin. Təbii ki, Türkiyə üçün Azərbaycan çox önəmlidir. "İki dövlət bir millət" sözü həqiqətdir. Amma Qarsla Azərbaycan daha başqa bir şeydir. Türkiyə ilə münasibətlə bərabər Qarsla münasibət də var. Çünki Qarsa tam şəkildə Azərbaycan mədəniyyəti hakimdir. Aşıq sənəti, musiqisi Qarsda çox yayılıb. Azərbaycan konsulluğunun burada olması Qars üçün gözəl bir şeydir. Biz buna çox şadıq. Konsulluq Qarsla Azərbaycan arasında körpü rolunu oynayır. İnşallah yerli idarəçilik orqanı olaraq bu körpünün bir ayağı da biz olarıq. Qars Gəncə və Mingəçevirlə qardaşlaşmış şəhərdir. Biz qardaşlaşacağımız Azərbaycan şəhərlərinin sayını artıracağıq. Bu sözlər kağız üzərində qalmayacaq. Oradakı iş adamlarını buraya dəvət edəcəyik. Buradakı iş adamlarımızı oraya göndərəcəyik. Bizim Gürcüstan və Qazaxıstanla bağlı da eyni planlarımız var. Biz əslində bütün iş adamlarının Qarsa kapital yatırmasını gözləyirik. Burada Azərbaycan iş adamlarına əlimizdən gələn qədər dəstək verəcəyik.

- Seçkilərin nəticələri açıqlandı və Azərbaycanda hər kəs Qarsda azərbaycanlı bir namizədin qalib gəldiyini eşitdi. Amma sizi heç kim tanımırdı. 2-3 gün keçəndən sonra hamı düşünməyə başladı - görəsən, Mürtəza Karaçanta kimdir?

- Mürtəza Karaçanta Qarsda doğulub-böyüyən, ömrünün 53 ilini Qarsda keçirən biridir. Amma əsli hazırda Ermənistan sərhədləri çərçivəsində qalan Ağbabadan, Amasiya rayonunun Karaçanta kəndindəndir. Ulu babalarımız oradan gəlib Qarsda məskən salıblar. Babam 6 oğlu ilə birlikdə 1928-ci ildə Qarsa gəlib. Qardaşları isə Ermənistanda qalıb. Mürtəza Karaçanta Qarsa köçən o ailənin bir üzvüdür. Mən 1961-ci ildə Qarsda doğulmuşam. İlk orta lisey təhsilimi Qarsda tamamladım. Təhsilimi Anadolu Universitetində davam etdirdim və İdarəçilik fakültəsini bitirdim. Qarsda Sosial Sığorta İdarəsində məmur işlədim. Məmurluqdan baş mühasib vəzifəsinə kimi yüksəldim. 2008-ci ildə bu vəzifədən təqaüdə çıxdım. 2009-cu ildə bələdiyyə seçkilərində MHP-dən bələdiyyə məclisi üzvü seçildim. Və 5 illik üzvlük fəaliyyətimdən sonra bu il keçirilən seçkilərdə bələdiyyə sədri oldum.

- Azərbaycan xalqına, sizi sevənlərə, sizi tanıyan və tanımayanlara mesajınızı almaq istərdim...

- Təşəkkür edirəm. Mən sizin vasitənizlə Azərbaycana, dünya azərbaycanlılarına, böyük türk dünyasına bol-bol salam, sevgi və sayğılarımı göndərirəm. Dünya durduqca onların var olmasını istəyirəm. Xüsusilə Azərbaycandakı bütün dostlarıma, orada yaşayan qohumlarıma çoxlu salam göndərirəm. Sizləri də burada qonaq etməkdən çox şad oldum. Təkrar xoş gəldiniz deyirəm. Hər zaman başımın üzərində yerinizin olduğunu unutmayın.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?