Arxiv
10 İyun 2010, 19:09 | İQTİSADİYYAT
Düşüncədə inqilab edən qadın

Millət vəkili Qənirə Paşayeva “Tarixə adını yazan Qadınlar” silsiləsini yazır 

“Xilasını başqa birində görmək, yıxılmağın ən kəsə yoludur” (Simona de Bovuar) 

Düz 102 il əvvəl iyunun 9-da dünyaya bir qızcığaz gəldi. Hələ kiçik yaşlarında ona “uşaq” deyənlərə hirslənirdi. Fəlsəfi nəzəriyyəsinin əsasını elə o vaxtdan ətrafındakılara göstərirdi: “Mən mənəm!”.

 

Onu sevənlərlə yanaşı lənətləyənlər də oldu, anlamayanlar da, anlamaq istəməyənlər də… Hətta bəzi kişilər iddia etdilər ki, əgər bəşəriyyət Simona de Bovuarın dediklərini qəbul edərsə, elə bu bəşəriyyətin sonu deməkdir. Bir çoxları isə bunun tam tərsini daha ciddi arqumentlərlə sübut etdilər və edirlər…

 

Ona qarşı səsləndirilən bütün iddialar, əleyhinə söylənilənlər Onun düşüncəsi, fəlsəfi baxışı, əsərləri ilə sözün əsil mənasında inqilab etdiyi həqiqətini dəyişə bilmədi. İllər keçdikcə onu anlayanların sayı ilə yanaşı davamçıları da siyahı artdı. İllər adını tarixə yazmış bu qadının düşüncələri ilə bağlı müzakirə və mübahisələri unutdura bilmədi. Bu qadın əsərlərini böyük maraqla oxuduğum Simona de Bovuardır. Feminizmin anası!

 

 

“Sartrla qarşılaşanda hər şeyi qazandığıma inanmışdım. Onun yanında özümü təsdiq etməyə çalışarkən, uğursuzluğa düçar olmaq ehtimalım yox idi. İndi isə öz-özümə belə deyirəm: Xilasını başqa birində görmək, yıxılmağın ən kəsə yoludur.”

 

Simona de Bovuar

 

... Onlar iki bacı idilər, atası isə həmişə oğlunun olmasını istəyirdi. Allah yəqin ki ona yaxşı bir dərs verdi. Qız övladı özü ilə yanaşı atasının da adını tarixə yazdı. Dünya Simone ilə yanaşı onun atasını da tanıdı.

 

Simonanı tanımaq üçün onun həyatından bir neçə epizoda diqqət yetirmək kifayət edir.

 

O, sevgilisi Sartrla birlikdə xüsusilə 1940-50-ci illərdə həm həyat, həm də düşüncə tərzində sərbəstlik cərəyanının lideri oldu.

 

O, “Seks, iş, sərbəstlik” kimi qavramların yetişkinlərin “cansıxıcı ehtiyacları” olduqlarını deyib, bu üç mövzuda tabuları yıxmağa çalışaraq “feminizmin anası” statusunu qazana bildi.

 

Onun 1949-cu ildə yazdığı “İkinci cins” (Le Deuxieme Sexe) kitabı beynəlxalq miqyasda bestsellerə çevrildi.

 

O, 1970-ci illərdəki qadın hərəkatının təşviqatçılarından idi.

 

O, 50 illik məhəbbəti və ən yaxın dostu Sartrı itirəndə belə demişdi: “Onun ölümü bizi bir-birimizdən ayırdı. Mən öləndən sonra yenidən birləşəcəyimizə də inanmıram. Amma onsuz da əsas məsələ bu həyatı mükəmməl bir ahəng daxilində yaşamağımız idi.”

 

“Mandarinlər” kimi metafizik mövzulu romanlarıyla şöhrət qazanmağa başlayan bu xanım “Mandarinlər” adlı əsəri ilə Fransanın ədəbiyyat sahəsində ən böyük mükafatı olan Prix Goncourt ödülünə layiq görüldü.

 

Onun 1949-cu ildə qələmə aldığı “İkinci cins” adlı tədqiqat əsəri, qadınların məruz qaldığı zülmün və təzyiqin təfərrüatlı analizindən ibarət idi. Bu əsər çağdaş feminizm cərəyanında önəmli bir addım oldu.

 

O dünyadan köçəndə Fransanın bütün televiziyaları və radiostansiyaları yayımlarını yarımçıq kəsərək, onun vəfat xəbərini verdilər. Ömrü boyu qeyri-adi bir məhəbbətlə bağlı olduğu Sartrın yanında dəfn edildi.

 

 

Onu anlamaq çox da asan deyil. Bunun üçün mütləq “İkinci cins”, “Qonaq qız”, “Başqalarının qanı”, “Kim öləcək”, “Hər kişi ölümlüdür”, “Bəlirsizlik əxlaqı üzərinə”, “Gün gün Amerika”, “Uzun yürüyüş”, “Bir gənc qızın xatirələri”, “Yaşlılıq”, “Səssiz bir ölüm”, “Hesab tamam”... Və vəfatından sonra işıq üzü görmüş “Sartra məktublar”ı (1990), bir də “Eşq məktubları (Nelson Algrenə)” (1998)... əsərlərindən heç olmasa bir neçəsini oxumaq lazımdır. Onu diqqətlə oxumadan, bir neçə cümlə və ifadəsinə əsaslanıb, ittiham edənlər də az olmayıb. Elələri bu gün də var. Əslində onların ittihamlarının bütün cavabları Simonenin əsərlərində öz əksini tapır.

 

2006-cı ildə memar Ditmar Fayxtinqer tərəfindən məşhur Sena çayı üzərində dizayn edilən, mürəkkəb quruluşa malik, qadın bədəninə xas qıvrımları olan və yeni fransız milli memarlıq üslubunun əsas örnəklərindən hesab edilən körpüyə onun adının verilməsi isə dünyanın onun düşüncə və fəlsəfəsini daha geniş anladığını və ya anlamağa çalışdığını göstərir. Bu, onun ən böyük qələbəsidir.

 

 

Qoşa çəkilən adlar

 

Simona de Bovuar!

 

Onu böyük məhəbbəti, dostu, sirdaşı, məhşur filosof Jan Pol Sartrdan ayrı fikirləşmək mümkün deyil. Onlar dünya mədəniyyəti, incəsənəti, siyasəti tarixində öz ictimai fəaliyyətləri ilə yanaşı sevgiləri ilə də iz buraxmış cütlüklərin ən maraqlıları arasındadırlar. O, Sartrla “vəhdət” təşkil etmiş və nəticədə yüzilliyə öz damğasını vuran Varoluşçuluq cərəyanı meydana çıxmışdı. Dərindən bağlandığı məhəbbətiylə burjua dəyərlərini zibilliyə ataraq yeni fəlsəfə yaratmağa girişən bu qadın, ömrü boyu geniş kütlələrin qəbul etməkdə çətinlik çəkdiyi “azadlıq” anlayışını müdafiə etdi. “Qadın doğulmaz, olunur!” kimi cümlələri, (“She Came to Stay”) “Qadın qalmaq üçün gəldi (Qadın olmağa gəldi)” və (“The Second Sex”) “İkinci cins” kimi fərdiliyi, qadınlığı ənənəvi dəyərlərdən daha uca tutan və Vatikan tərəfindən müəllifinin lənətlənməsinə səbəb olan kitablarıyla feminizm cərəyanının memarlarından oldu.

 

… Lənətləndi, ancaq cazibəsi, sevgisi də əskik olmadı… Qeyri-adi düşüncələr, qeyri-adi fikirlər, yanaşmalar, xarakter və tale... Bir nəslin düşüncə tərzində inqilab eləmək qabiliyyəti!

 

Simona de Bovuar fəlsəfi, siyasi və ictimai mövzularda romanlar, monoqrafiyalar, esselər, bioqrafik və avtobioqrafik əsərlər yazıb. Lakin o, özünü filosof və yazıçıdan daha çox Sartr ekzistensializminin doğulmasının köməkçisi kimi təqdim edirdi. Beavoir fəlsəfədəki yeri, son zamanlar daha geniş və dərindən dərk edilməyə, anlaşılmağa başlanılıb.

 

 

 

“Mən uşaq deyiləm, Mən Mənəm!”

 

 

Simone böyük bir bankın müdiri olan babanın ailəsində sabiq vəkil, həvəskar aktyor olan ata və Verdenli ananın qızı olaraq Parisdə dünyaya göz açmışdı. Simone sonralar xatirələrində yazırdı ki, atası həmişə oğlunun olmasını istəyirmiş, amma Allah ona iki qız bağışlamışdı. Simonanın bacısı Elena de Bovuar daha rəssam olmuşdu. Həmişə oğul arzulayan atası Simonaya “Səndə kişi beyni var” deyirmiş...

 

Xanım filosofun həyatı, yaradıcılığı ilə az-çox maraqlanan hər kəs təsdiq edər ki, ona bəslənən bu münasibət (bəlkə bəzən normal münasibət çizgisini keçən fərqli bir şey, məsələn, münasibətsizlik) ona qadın ola-ola kişi keyfiyyətləri daşımaq kimi özünəməxsusluq “qazandırmışdı”… Bu onun həm mənəviyyatına, həm də fizikasına çökmüşdü…

  

İnadkar, cəsur

 

 

Uşaqlıq illərindən çox fərqli və seçilən şagird olan Simona yaxşı məktəblərdə təhsil almışdı. On beş yaşına çatanda yazıçı olmağa qərar verdi. O, bir çox sahədə uğur qazana bilərdi, ancaq özəlliklə Paris Universitetindəki fəlsəfə məşğələləri onu özünə cəlb edirdi. Simona bu dövrdə Jan Pol Sartr kimi cavan ziyalılarla tanış olmuşdu. Riyaziyyat və fəlsəfə sahələrində imtahanlarda uğur qazanandan sonra Simona Katolik İnstitutunda riyaziyyat, Santa-Mariya İnstitutunda dil və ədəbiyyat, Sarbon Universitetində isə fəlsəfə sahəsində təhsil aldı.

 

Sarbonda oxuyanda Simona ömrü boyu istifadə edəcəyi ləqəbini qazanmışdı: “Kastor” (Castor). Fransızca “qunduz” anlamına gələn bu adı Simonaya qunduz kimi inadkarcasına işlədiyi və onunla eyni fikirdə olanlarla uyum içində çalışdığı üçün vermişdilər. Digər tərəfdən, Simonanın soyadı ilə ingilis dilindəki “beaver” (qunduz) sözü arasındakı oxşarlıq da ona belə bir ləqəbin verilməsinə səbəb olmuşdu.

 

1929-cu ildə Sarbon Universitetində olanda Leybnits haqqında bir təqdimat edən Simonanın Jan Pol Sartrla yaxın əlaqələri quruldu. Bu əlaqə, Simonanın daxilindəki “fəlsəfə qumbarasının fitilini çəkən” hadisəyə çevrildi.

 

İyirmi bir yaşına çatanda Simona fəlsəfə sahəsində bilgili adam olmuşdu. O, axırıncı imtahanda göstərdiyi nəticəyə görə ikinci yeri tutmuşdu, 24 yaşındakı Sartr isə birinci yerə çıxmışdı. Dirdri Beirinin Simone de Beavoirlə bağlı yazdığı əsərdə göstərilir ki, jüri üzvləri birinci yerə Sartrın, yoxsa Simonanın layiq görülməsi barədə xeyli mübahisə edəndən sonra birinciliyə Sartrı layiq görüblər. Çünki o kişiydi və bu imtahan onun ikinci imtahanıydı! Bununla belə jüri Bovuarın həqiqi bir filosof olduğunu da vurğulamışdı.

 

 

"Kişinin fərdiləşməsi nə qədər güclü olarsa, kişinin həmin fərdiləşməyə ehtiyacı da bir o qədər böyük olur və o, bir o qədər də tez öz qadınının fərdiləşmə və azadlıq hüququnu etiraf edir". Kişinin əsl müstəqilliyi o vaxt təmin olunur ki, həmin azadlıq, müstəqillik və imkanlar qadında da olsun.

 

Simona de Bovuar

  

Onun “Qadın: Əfsanə və Həqiqət” (“Woman: Myth and Reality”) adlı əsəri çapdan çıxan zaman böyük mübahisələrə səbəb olmuşdu. Simone de Bovuar iddia edirdi ki, kişilər qadınları, özlərini səhv, yanlış yola çəkən, yanlış havalara salan “sirli yad varlıqlar” kimi görürlər.

 

Bovuara görə, kişilərin qadınları və onların problemlərini başa düşə bilməmələrinin, onlara kömək etməmələrinin, hətta onların üzərində təzyiq mexanizmi fikirləşmələrinin səbəbi də elə bu “yad varlıqlar” barədə fikirdir. Bovuar, bütün cəmiyyətlərdə eyni sistemin özünə yer elədiyi, güclülərin həmişə gücsüzləri “yad varlıqlar” adlandıraraq onları ətraflarında fırlanan qaranlıq kölgələr kimi gördükləri fikrini müdafiə edirdi. Bovuar deyirdi ki, eyni vəziyyət siniflər arasındakı münasibətlərdə, dini və irqi fərqliliklərin mübarizəsində, yəni bütün ziddiyyətlərdə müşahidə edilir, fəqət bu ziddiyyətlərin heç birində “yad varlıqlar” qavramı və “yad varlıqlar”a qarşı münasibət qadın-kişi ziddiyyətindəki qədər qəlibləşməyib və həyatın mövcud düzəninə səbəbi kimi göstərilmir. 1949-cu ildə Bovuar, böyük əks-səda doğuran və feminizm tarixində müstəsna yeri olan “İkinci cins” adlı kitabını nəşr etdirdi. O «İkinci cins» əsəri ilə kişi hakim düzəninə qarşı savaş elən etdi. Bovuarın bu əsərində freydçi tərəfi ağır basan feminist bir Varoluşçuluq anlayışı diqqəti cəlb edirdi. Bovuar, ekzistensializmdə olduğu kimi, “var olmağ”ın “mahiyyət”dən (özdən) öncə gəldiyini təməl prinsip kimi qəbul edir və belə deyirdi: “Qadın doğulmaz, olunur!” Yeni bir cığır açan bu əsərində Bovuar özəlliklə “yad varlıqlar” qavramının üstündə dayanırdı. Onun fikrincə, qadınların “yad varlıqlar” kimi qəbul edilməsi və mövcud ictimai-sosial mövqeləri, onların qarşı-qarşıya qaldıqları təzyiqin əsasını təşkil etməkdədir.

 

Bovuar bununla da kifayətlənməyərək, tarix boyu qadının yolunu azmış və anormal bir canlı kimi görüldüyünü iddia etdi. O, Fransa inqilabı dövründən məşhur qadın hüquqları müdafiəçisi Meri Wollstonecraftın belə, “kişiləri, qadınların çatmağı gərəkən ideal örnək” kimi təqdim etdiyini deyirdi: “Bu hal, qadınların özlərini anormal, normaldan sapmış, normalın xaricində qalan, kənarda qalan və normala çatmağa çalışan canlılar kimi hiss etmələrinə səbəb olmuş və onların uğur qazanmaq şanslarını məhdudlaşdırmışdır.” Bovuar artıq bu fikirdən əl çəkmək lazım gəldiyini, bu düşüncələrin zibil qutusuna atılması gərəkdiyini deyir və mübahisəyə axırıncı nöqtəni belə qoyurdu: “Qadınlar da kişilər qədər seçmək və ayırd etmək istedadına malikdir. Beləliklə, onlar özlərini təkmilləşdirmək yolunu seçə bilər, olduqları vəziyyətdən daha yüksək səviyyəyə irəliləyə bilər, öz həyatlarının və dünyanın məsuliyyətini öz çiyinlərinə götürə bilərlər”. 

Bovuar yetmişinci illərdə Fransada qadınların sərbəstlik əldə etmək uğrunda mübarizələrində iştirak etdi. 1971-ci ildə o, “343 manifestini” imzaladı. Bu siyahıdakı məşhur qadınların əksəriyyəti qadınlara abort etmək hüququ verilməsini tələb edirdi. Əslində isə Bovuar heç bir vaxt aborta müraciət etməmişdi. Katrin Denev, Delfin Seyriq və Bovuarın bacısı Pupetin imzalarıyla 1974-cü ildə Fransada qadınlara abort hüququ verildi.

 

“Heç bir şeyin mənə ehtiyacı yoxdu, heç bir şeyin heç kimə ehtiyacı yoxdu, çünki heç bir şeyin var olmağa ehtiyacı yoxdu.”

 

Simona de Bovuar

 

Simona de Bovuar “Kinayənin əxlaqı” (“Pour Une Morale de L ambiguite”) adlı əsəri ilə bəlkə də fransız ekzistensializmində ən çox qəbul edilən nöqtəni tapdı. O, Sartrın “varlıq” və “heçlik” qavramları arasındakı təbii ziddiyyəti sadə və asan başa düşülən formada izah etdi, Sartr da daxil olmaqla, bəzi filosofların “varlıq” və “heçlik” qavramları arasındakı uyğunsuzluğu açıqca göstərdi. Onun 36 yaşında yazdığı "Pirr və Sineas” (Pyrrhus et Citeas) əsəri, Amerika və Çin səyahətlərindən sonra yazdığı populyar səyahət qeydləri bu gün də maraqla oxunur. Onun ən maraqlı kitablarından biri 1981-ci ildə qələmə aldığı və Sartrın həyatının əzab-əziyyətlərlə dolu olan axırıncı illərini təsvir edən “Vida mərasimi”dir. Kitabın giriş hissəsində müəllif bildirirdi ki, ilk dəfə hansısa böyük əsərini Sartra başdan-ayağa oxumamış nəşrə vermək məcburiyyətində qalır. Sartr və Bovuar bu iki filosof həmişə bir-birilərinin kitablarını öncədən – kitab nəşrə getməmiş oxuyur sonra nəşrə göndərirlərmiş. Bu Sartırın Simonanın fikirlərinə və düşüncələrinə, rəyinə nə qədər böyük bir önəm verdiyinin kiçik bir örnəyidir. Bu həm də Sartırın bir qadının gücünün, böyüklüyünün, intellektinin etirafının örnəyidir.

 

Sartrın ölümündən sonra Bovuar, onun məktublarını və Sartrın öz dünyalarında, öz daxili aləmlərində yaşayan adamlarla bağlı duyğularının əks olunduğu qeydlərini nəşr etdirdi. Bovuarın ölümündən sonra isə Sartrın övladlığa götürdüyü qızı və ədəbi varisi Arlet Elkaim, Sartrın çoxlu sayda məktublarını orijinalını oxuculara təqdim etdi. Bovuarın övladlığa götürdüyü qızı və ədəbi varisi Silviya le Bon isə Sartra və Alqrenə göndərilmiş məktubların orijinallarını gün üzünə çıxardı.

 

Hətta ənənəvi filosof imicinə heç cür uyğun gəlməyən bəzi adətləri, məsələn, rəngli maqazin jurnallarından və yüngül romanlardan xoşlanması, həmişə başına bağladığı rəngarəng ipək şərfləri ilə diqqət çəkən Simona de Bovuar 1986-cı ildə sətəlcəmdən vəfat etsə də, şöhrəti getdikcə daha da artmaqdadır. Xüsusilə akademik mühitdə feminizmin anası kimi qəbul edilən Bovuar qətiyyən yaddan çıxarılmır. O, hələ də böyük bir mütəfəkkir və ekzistensialist filosof kimi qəbul edilir.

 

Dünyadan köçənə qədər Sartrın küllərinin dəfn edildiyi Monparnas qəbiristanlığına baxan evdə yaşayan Semonanın adı böyük məhəbbətlə sevdiyi insanla eyni məzar daşında alt-alta yazılıb. O, Sartlı bir qəbirdə olmaq istədi… 

... Fransada XX əsrin ən müəmmalı, qalmaqallı və məşhur ədəbi cütlüyünün məzar daşını ziyarət edib, Simona De Bovuar və onun böyük sevgisi, fəlsəfəsi barədə düşüncələrə dalmışdım. Sart və Simona… Onlar həm də dünyanın dilindən düşməyəcək böyük bir məhəbbət dastanının müəllifləri kimi tarixə adlarını yazdılar.

 

Ölümündən sonra Simona de Bovuarın məşhurluğu daha da artdı. Sadəcə, 1968-lərin post-feminizminin qurucusu olduğu üçün deyil, eyni zamanda alim olaraq və varoluşcu düşüncə insanı olaraq da ünü geniş yayılır.

 

Bu gün qadın və fəlsəfə tarixində sarsılmaz bir yerə sahib olan Simona de Bovuar, qadınları çağdaş həyatın tərkib hissəsinə çevrilməklə, onların həyatında çox şeyin dəyişilməsinin səbəbkarlarından oldu. Onun ideyalarını bəyənsələr də, bəyənməsələr də, o bir VAR OLUŞdu, REALLIQDI və özünə təbii bir yanaşma, MÜNASİBƏT tələb edir.

 

Onun 22 əsərindən sadəcə bir neçəsini xatırlayaq: “Qonaq qız” (1943), “Başqalarının qanı” (1945), “Kim öləcək” (1945), “Hər kişi ölümlüdür” (1946), “Bəlirsizlik əxlaqı üzərinə” (1947), “Gün gün Amerika” (1954), “Uzun yürüyüş” (1957), “Bir gənc qızın xatirələri” (1958), “Yaşlılıq” (1960), “Səssiz bir ölüm” (1964), “Hesab tamam” (1972)... Və vəfatından sonra işıq üzü görmüş “Sartra məktublar”ı (1990), bir də “Eşq məktubları” (Nelson Algrenə)” (1998)... Baxın, Simona de Bovuar kimliyi onun əsərlərinin adı ilə, heç şübhəsiz böyük ölçüdə əsərlərin mahiyyəti ilə necə də şəkillənir, necə də açılır!.. Burada, belə demək mümkünsə, düzxətli, bərabərsürətli adlanma, yaxud adlandırılma, yanaşma yoxdur! Hər bir əsər müəllifin mürəkkəb şəxsiyyətini, unikal daxili aləmini, universal dünyagörüşünü əks etdirir. O dünyada öz yaratdıqlarına bu qədər çox bənzəyən nadir filosoflardandı. Bəzən adama elə gəlir, o, sanki ilham alaraq yox, intiqam alaraq yazıb...

 

... Və bütün bu külliyyatda Simonanın bircə cümləlik hökmü var: “Məni oxumadan keçə bilməzsən!”

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan idmançısı rekordunu təzələdi 26 Avqust 2019, 00:16 Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür 26 Avqust 2019, 00:11 Zəlzələ Ankaranı silkələdi 25 Avqust 2019, 23:58 "Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17 "Qarabağ"dan daha bir qələbə 25 Avqust 2019, 22:59 İmamoğlundan Ərdoğana cavab - VİDEO 25 Avqust 2019, 22:44 ATV-nin baş redaktoru ikinci dəfə evləndi 25 Avqust 2019, 22:19 Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məğlub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01