Modern.az

Azərbaycanda rusdilli ədəbiyyat niyə ölür? - SORĞU

Azərbaycanda rusdilli ədəbiyyat  niyə ölür? - SORĞU

24 Aprel 2014, 17:02


Sovet dövründə, xüsusən də 50-60-cı illərdə Azərbaycanda rusdilli ədəbiyyatın öz yazarları və oxucu kütləsi vardı. Bəs rusdilli ədəbiyyat bu gün necə inkişaf edir?

Modern.az-ın da keçirdiyi sorğuda ədəbiyyat adamları Azərbaycanda rusdilli ədəbiyyatın yoxa çıxması və oxucu kontingentinin azalmasının səbəblərini açıqlamağa çalışıblar:

Azad Qaradərəli:“Məncə, rusdilli əhalinin durumu necədirsə , ədəbiyyat da o cürdür. Yəni  bu gün ölkəmizdə rusdillilər çox oxunur deyə bir şey yoxdur. Sadəcə bu var: rusdillilər çox oxuyur. Bunun kökü dərindədir. Rusdillilər də elə bizimlə eyni kökdədir. Sadəcə onların meydanı bir qədər genişdir. Məsələn,  dostum Nicat Məmmədov rusdilli şairdir. Şerlərini müsabiqəyə göndərmişdi (" Russkaya premiya"), qaliblərdən biri oldu”.

Əsəd Cahangir: “Azərbaycanda sovet hakimiyyəti dağılandan sonra rus dilli ədəbiyyat özünün əsas oxucu kontingentini itirib. Amma rus dilində yazan yazıçılarımızın və oxuyan oxucularımızın sayı az deyil. İstər nəsr,  istərsə də poeziyada rus dilində dəyərli nümunələr yaranır. Məsələn, Natiq Rəsulzadənin romanları nəinki rusdilli ümumilikdə Azərbaycan nəsrinin gözəl nümunələrindən sayıla bilər. Asim Cəlilovun “Avqustu gözləyərkən” povestini qeyd etmək olar. Bundan başqa xaricdə yaşayan və  rus dilində yazıb yaradan  çoxlu sayda yazarlarımız var. Məsələn, Hollandiyada yaşayan Gülşən Lətifxanın “Azər və Aida” romanı da yaxşı bədii nümunədir. Burada erməni-azərbaycanlı qarşıdurmasından bəhs edilir. Roman erməni vandalizminin dünyaya  tanıdılması baxımından çox əhəmiyyətli iş görə bilər. Məmməd Oruc da romanı Azərbaycan dilinə tərcümə edib. Xaricdə yaşayan daha bir rus dilli yazarımız Elçin Səfərlinin də adını çəkmək lazımdır. Ədəbi gəncliyin nümayəndəsi olsa da ona yaxın romanı var. Onlardan bir-ikisini də mən oxumuşam. Malik Dursunov və onun “Qara dayı” əsərinin də adını xüsusin qeyd etmək lazımdır“.

Alpay Azər: “Azərbaycan müstəqil olandan sonra doğma dildə təhsil alanların sayı çoxaldı və buna uyğun olaraq ölkədə fəaliyyət göstərən rus sektorlarının sayı kəskin azaldı. Məsələn, mən özüm dərs dediyim Bakı Slavyan Universitetin Azərbaycan sektorunda bunu müşahidə etməkdəyəm. İndi rus dilinin bilməyən bir gənclik yetişir, hər halda yaxşı hal odur ki, həmin gəncliyin savad almaq istəyən hissəsi ingilis və türk dillərini öyrənir”.

Vüsal Nuru: “Rus dilli ədəbiyyat Azaərbaycan dilində yazılmış ədəbiyyatdan daha çox inkişaf etməkdədir. Rus dilli oxucu daha savadlı, daha intelektual və daha çox ədəbiyyat sevərdilər. Azərbaycan dilinin coğrafiyası kiçik olduğundan bu dildə yazılan ədəbiyyat ən uzağa getsə Kəpənəkçiyə qədər gedib çata bilər. Amma Rus dili dünyanı gəzməyə qadirdir. Ən bariz nümunəsi Çingiz Abdullayevdir. Rus dilində yazdığına görə əsərləri sərhədləri aşır. Odur ki, rusdilli ədəbiyyat həmişə Azərbaycan dilində yazılmış ədəbiyyatdan kilometrlərlə öndədir. Biz Xəqani, Nizamini dünyaya hələ də çıxarda bilmədiyimiz halda rusların Puşkininə az qala yüzdən çox ölkədə heykəl var. Bu dilin coğrafiyasının gücüdür. Hazırda Azərbaycanda rus dilli yazıçılar yazıb yaradır və kifayət qədər də oxucuları var. Məncə,  həmişə də belə  olacaq. Onlar dünya ədəbiyyatının qapısından girib stolun başında oturanda biz hələ uzaqdan o qapının astanasını görəcəyik”.

 

Elmin Nuri

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi