Modern.az

Heydər Əliyev Mərkəzi "Designs of the Year-2014" mükafatının sahibi olub

Heydər Əliyev Mərkəzi "Designs of the Year-2014" mükafatının sahibi olub

24 Aprel 2014, 14:35


Müasir dizayn və arxitektura sahəsində ən nüfuzlu institutlardan biri olan London Dizayn Muzeyi (Design Museum) illik "Designs of the Year-2014" mükafatının qaliblərini açıqlayıb.

Trend xəbər verir ki, Britaniyanın BBC telekanalının saytında verilən məlumata görə, "Arxitektura" nominasiyasında qalib Bakıdakı Heydər Əliyev Mərkəzi olub. Münsiflər heyəti Heydər Əliyev Mərkəzini belə qiymətləndirib: "Bu, gözəldir, ilhamvericidir. Bu, xüsusi dahiliyin aydın görüntüsüdür və biz düşünürük ki, bu, çox gözəl binadır". Muzey dizaynda yeni tendensiya və mövzuları daha yaxşı şəkildə nümayiş etdirən "Arxitektura", "Digital", "Dəb", "İnteryer dizaynı", "Qrafika", "Məhsullar" və "Nəqliyyat" nominasiyalarında yeddi qalib müəyyən edib.

Yeddi qalib "Design of the Year-2014"-ün əsas mükafatı uğrunda yarışacaq.

Qalib iyunun 30-da Londonda "St Martins Lane" hotelində elan ediləcək. 1989-cu ildə Londonda yaradılmış Dizayn Muzeyi dünyada aparıcı muzeydir. Onun ekspozisiyaları arxitektura və dizayna həsr edilib. Muzey dizaynın bütün sahələrini, o cümlədən qrafika, dəb və digərlərini əhatə edir. İllik "Designs of the Year" dizayn mükafatı "Arxitektura", "Digital", "Dəb", "İnteryer dizaynı", "Qrafika", "Məhsullar" və "Nəqliyyat" nominasiyalarında ən yaxşı innovasiya layihələrini də seçir.

Heydər Əliyev Mərkəzi Azərbaycanın paytaxtı Bakıda Heydər Əliyev prospektində inşa edilən mədəni mərkəzdir. Mərkəzin layihəsi 2007-ci ildə Zaha Hadid tərəfindən hazırlanıb. Heydər Əliyev Mərkəzi müasir Bakının simvollarından biri hesab edilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?