Modern.az

Eldar Namazov: “Dilarə Seyidzadə qohumumdur, amma onunla qəsdən əlaqə saxlamıram” – MÜSAHİBƏ

Eldar Namazov: “Dilarə Seyidzadə qohumumdur, amma onunla qəsdən əlaqə saxlamıram” – MÜSAHİBƏ

Müsahibə

28 Aprel 2014, 11:17

“Heydər Əliyev belə bir qayda qoymuşdu, məxfi sənədləri yalnız mən aça bilərdim”

Modern.az saytında “Pəncərə” layihəsinin bu dəfəki qonağı “El” Hərəkatının keçmiş sədri Eldar Namazovdur.

- Uzun illər mərhum prezident Heydər Əliyevin  katibliyinin rəhbəri olmusunuz. Maraqlıdır, Heydər Əliyevə bizim uzaqdan baxdığımız gözlə sizin yaxından baxdığınız göz arasında hansı  fərqi görübsünüz?

- Uzun illər işlədiyin bir insanla bağlı təsəvvür və bilgilər kənardan baxan insanların təsəvvüründən fərqli olur. Hansısa konkret məsələyə toxunmaqda çətinlik çəkirəm. Çalışdığım dövrdə Heydər Əliyevi kifayət qədər siyasətçi və insan kimi tanımışam. Düzdür, Heydər Əliyev elə bir siyasətçi idi ki, Azərbaycanda heç kim, hətta, onunla 20-30 il bir yerdə olan digər adamlar da geniş nəsə deyə bilməz. Sizin sualınızla bağlı bir hadisə yadıma düşdü. O vaxt Eduard Şevardnadzedən müsahibə alan rus jurnalisti Heydər Əliyevdən müsahibə alanda ondan soruşmuşdu: “Şevardnadze deyir ki, mənim dostlarım var. Sizin nə qədər dostunuz var?” Heydər Əliyev demişdi ki, siyasətçinin dostları olmur. Amma 6 il Heydər Əliyevlə işləyəndə gördüm ki, hətta uşaqlıq, tələbəlik illərində  tanıdığı adamları da yadından çıxartmır. Yəqin sözünün mənası o idi ki, siyasətlə məşğul olanda şəxsi münasibətlər üstün ola bilməz.

- O vaxtdan illər keçib. Hakimiyyətin pəncərəsindən Azərbaycan necə görünürdü?

- Maraqlıdır, sizin layihənizin də adı “Pəncərə”dir. Sualınızda da pəncərə söhbəti var. Bir dəfə hakimiyyətdə çalışdığım dövrlə bağlı sual verəndə pəncərə misalını gətirmişdim. 7-8 il bundan öncə ABŞ-da təhsil alan tələbələrin ictimai şəbəkəsi yaranırdı. Onun ilk iclasına qonaq kimi ABŞ səfiri cənab Harnışı və məni dəvət etmişdilər. Hər ikimiz gənclərin qarşısında çıxış edib onların çoxsaylı suallarına cavab verirdik. Mənə belə bir sual verilmişdi: “Sizin könüllü istefanızın arxasında nə durur? Konkret bir səbəb var idimi?” O zaman pəncərə misalı yadıma düşdü. Dedim təsəvvür edin ki, siz bir pəncərədən Azərbaycana, orda gedən proseslərə baxdığınız kimi, Heydər  Əliyev də baxırdı və düşünürdü ki, Azərbaycan necə inkişaf edib. Onun belə düşünməyə əsası var idi. Ona görə ki, o, öz əqidəsindən, keçdiyi yoldan çıxış edirdi. O düşünürdü ki, Brejnevin, Andropovun, Qorbaçovun dövrünə baxanda Azərbaycan müstəqildir, azad mətbuat var, hökuməti istədiyi vaxt tənqid edə bilir. Mən də Azərbaycanda gedən proseslərə həmin pəncərədən baxırdım. Düşünürdüm ki, Azərbaycan gör neçə illər geri qalıb. Təbii ki, bizim illərlə geridə qalmağımızın obyektiv səbəbləri var idi. Ona görə deyə bilərəm  ki, pəncərə pəncərədir. Eyni pəncərədən eyni mənzərəyə müxtəlif insanlar baxır və fərqli qiymətlər verirlər.

- Qarşıdan 2015-ci il parlament seçkiləri gəlir. “El” Hərəkatı hansısa partiya ilə əməkdaşlıq edəcəkmi?

- İndi qurultaya hazırlıq işləri gedir. Bu məsələlərlə bağlı təşkilat komitəsi yaradılıb. Biz işlərimizi tələsik qurmuruq. Sadəcə, ölkəyə yenilik gətirən qurum yaratmaq istəmişik. Vaxtilə ictimai forumun rəhbəri oldum. O da cəmiyyətdə kifayət qədər tanınan qurum idi. Ziyalılar Forumu 4 il ərzində nüfuzlu təşkilata çevrildi. Milli Şurada  seçkilərə qədər təşkilati işlər mənim üzərimdə idi. Sıfırdan başlayaraq çox böyük koalisiya yaranmışdı. “El” Hərəkatına da bizim münasibətimiz belədir. Ciddi müzakirələr aparırıq, ciddi işlər görürük. Qarşıdan gələn parlament seçkiləri ilə bağlı artıq qərarımız var. O vaxta  qədər qurultayımızı da keçirəcəyik, şəbəkələrimiz də qurulacaq. Növbəti parlament seçkilərində mütləq fəal iştirak edəcəyik.

 

- May ayının 12-də atəşkəsin 20 ili tamam olacaq. Əslində 20 ildə dəyişən heç nə yoxdur. Bu məsələdə sizin mövqeyiniz necədir?

- Qarabağ problemi bütün mərhələdə əsas rol oynadı. 1988-ci ildən Qarabağla bağlı çox ciddi fəaliyyətə başlamışdım. Ermənilərlə sərt müzakirələrimiz 1980-ci illərin əvvəllərində Moskvada oxumağa gedəndə başlayıb. Neçə dəfə sərt mövqeyimə görə bir neçə erməni namizədlik dissertasiyalarını müdafiə edə bilməyiblər. Həm də Qarabağın tarixi və regiondakı durumla bağlı yanlış mövqe ortaya qoyurdular. Qarabağ hadisələri başlayanda artıq təcrübəm var idi. 1988-ci ildə doktorluq dissertasiyamı yekunlaşdırırdım. Lakin həmin ilin yanvar ayında bizim institutun direktoru elm nəşriyyatına məktub yazmışdı ki, Eldar Namazovun doktorluq dissertasiyası növbədənkənar ilin sonuna çap proqramına salınsın. Fevral ayında bu hadisələr başlayanda dedim ki, hələlik işlərimi dayandırıram, Qarabağla bağlı təhlükəni aradan qaldırandan sonra qayıdaram. O iş elə də qaldı. O vaxtdan mənim üçün bir nömrəli mövzudur.

- Qarabağ münaqişəsinin həllində  xalq diplomatiyasının perspektivini necə dəyərləndirirsiniz?

- Xalq diplomatiyası ilə bağlı xüsusi illuziyam yoxdur. Rəsmi danışıqlarda da bir nəticə alınmayacaq. Bilirəm ki, xalq diplomatiyasının imkanları çox məhduddur. Xalq diplomatiyasının gücü onda hiss oluna bilər ki, rəsmi danışıqlar bir nəticə versin. O nəticələrin əsasında sülh müqaviləsi imzalansın. Sülh müqaviləsini də həyata keçirmək üçün cəmiyyəti buna inandırmaq lazımdır. Bu halda xalq diplomatiyası müəyyən rol oynaya bilər. Əgər rəsmi danışıqlarda heç bir nəticə yoxdursa, ayrı-ayrı şəxslər gedib rəsmi danışıqları əvəz edə bilməz, əldə olunmayan sülh sazişini imzalaya bilməzlər. Nüfuzlu beynəlxalq təşkilatların təşkil etdiyi Qarabağla bağlı hansısa görüşdə Azərbaycanın mövqeyi çox güclü olmalıdır. Rəsmi danışıqlarda Qarabağın Azərbaycandan ayrılmasının bir mexanizmi durur. Azərbaycanda çox şeyi monopoliyaya alıblar. İqtisadiyyatımız, parlament seçkiləri, məhkəmələr monopoliyadadır. İndi vətənpərvərliyi də monopoliyaya götürmək istəyirlər. Vətənə məhəbbəti heç kim monopoliyaya götürə bilməz. Belə məsələləri Milli Məclisdə həll etmək lazımdır. Əsas müxalifət qüvvələri Milli Məclisdə təmsil olunmur.  Heç olmasa iqtidarla müxalifət Qarabağ məsələsini bir yerdə müzakirə etməlidir. Milli Məclis Qarabağ məsələsi ilə bağlı müzakirələr aparıb mövqe ortalığa qoymalıdır. O da bu günə kimi reallaşmayıb. Azərbaycanda bu gün çox mürəkkəb bir dövr başlayıb. Ukraynada baş verən hadisələr  bütün qonşu ölkələrə təsir edir. Ukraynada baş verənlər həm regiona, həm də Azərbaycana təsir edəcək. Azərbaycanın suverenliyinə, müstəqiliyinə təhlükələr qat-qat artır. Belə vəziyyətdə yeganə çıxış yolu daxildə sabitliyi bərpa etməkdir. Sabitlik o demək deyil ki, kimlərisə tutub dama basasan. Son vaxtlar heç bir əsas olmadan insanlara cəzalar, hökmlər verirlər. İlqar Məmmıdov, Tofiq Yaqublu, Əli İnsanov hələ də həbsdədirlər. İnanın, sabah Azərbaycan təhlükə ilə üzləşsə, ilk növbədə bu insanlar ölkənin müdafiəsinə qalxacaqlar.

- Son vaxtlar müxtəlif dini cərəyanların nümayəndəsi olması iddia edilən şəxslərin dövlət postlarında təmsil olunması söylənilir. Sizcə, dünyəvi dövlətdə dini inanclı insanların dövlət postlarında olması necə tənzimlənməlidir?

- Nəzərə almaq lazımdır ki, Azərbaycandakı dini icmalar müxtəlif yönümlüdür. Əvvəla, Azərbaycan dünyəvi dövlətdir. Dünyəvi dövlət prinsipini qəbul edən inanclı insanlar var. Onlar da Azərbaycan vətəndaşlarıdır. Onların vicdan azadlıqları və digər hüquqları qorunmalıdır. Amma elə dini icmalar var ki, dünyəvi dövlət prinsipini qəbul etmir. Onlar Azərbaycanda şəriət qanunları ilə idarə olunan dövlət qurmaq istəyirlər. Bu da bizim konstitutiyamızla ziddiyyət təşkil edir. 

Məsələnin digər tərəfi də var.  Bir var sadə vətəndaş, bir də var dövlət qulluğunda çalışan adamlar. Dövlət qulluğunda çalışan adamların tutduğu vəzifələrə, statusa görə qanunla müəyyən edilmiş çərçivələri var. Müəyyən mənada onların çərçivələri daha ağırdır. Adi insanın şəxsi həyatının toxunulmazlığı var. Dövlət məmurunun isə adətən olmur. O mənada ki, dövlət məmuru əgər 500 manat maaş alırsa və onun oğlu yarım milyonluq maşınla avtoşluq edirsə, “şəxsi həyatımdır, məndən əl çəkin”, - deyə bilməz. Cəmiyyətə cavab verməlidir. Ona görə ki, dövlət məmurudur. Dövlət qurumunda çalışan insanların yeganə istinad  gətirdiyi mənbə Azərbaycan qanunları və Azərbaycan konstitutsiyası olmalıdır.

- Məmur övladlarının bahalı maşınlarının, villalarının, qiymətli əşyalarının  reklamına necə baxırsınız?

- Neçə illər bundan əvvəl Nazirlər Kabinetinə tapşırılıb ki, “Məmurların gəlir bəyannaməsi haqqında” qanunun formasını təsdiq etsin. 7-8 ildir Nazirlər Kabineti bunu təsdiq edə bilmir? Bu nə biabırçılıqdır? Azərbaycanda məmurların gəlirləri ilə bağlı bəyannamənin deklarasiyasının rəsmiləşdirilməməsi oradakı vəziyyətin göstəricisidir. Yəni bir blankı təsdiq edə bilmirlər.

- Hazırda sizin vaxtilə prezident katibliyində çalışdığınız vəzifəni Dilarə Seyidzadə davam etdirir. Sizin Dilarə Seyidzadə ilə qohum olduğunuz söylənilir. Bu doğrudurmu?

- Dilarə Seyidzadənin mənə qohumluğu çatır. Açığı deyim, istefaya gedəndən bu günə kimi onunla heç bir əlaqəmiz olmayıb. Şəxsən bilə-bilə çalışıram ki, əlaqələr olmasın. İndi kimin harda adamı varsa, ondan siyasi fiqur düzəltmək dəb halını alıb. 1999-cu ildə istefa ərizəmi yazıb gedəndə qərar vermişəm ki, hansısa vəzifədə çalışan uzaq-yaxın qohumlarım varsa, onlarla heç bir ünsiyyət qurmayım. Ən azı mənim tutduğum mövqeyə görə onlara xələl gəlməsini istəmirəm. Hər kəs seçimində sərbəstdir. Ailənin bir üzvü müxalifətçi, digəri YAP-ın üzvü olur. Bu, normaldır.


- Bir ara mətbuatda oğlunuzun Hafiz Paşayevin qız nəvəsi ilə yaxın münasibətlərinin olması yer almışdı. Bu münasibətlər həqiqəti nə dərəcədə əks etdirirdi?

- Yarım il bundan öncə oğlumla bağlı dezinformasiyanı mətbuatda yaymışdılar. Deməli, hadisə belə olmuşdu. Mənim və digər vəzifəli şəxslərin ailəsini tanıyan bir ağsaqqal zəng edib dedi ki, bir nəfər ona oğlumun Hafiz Paşayevin qızı ilə nişanlandığını deyib. Ağsaqqal isə deyib: “Ağlınızı başınıza yığın. Hafiz Paşayevin qızı 20 ilə yaxındır ailəlidir, Eldar Namazovun oğlu isə uşaqdır. Onların heç bir əlaqələri yoxdur”. Həmin ağsaqqalın sözlərinə görə, bir neçə saatdan sonra yenə zəng edib deyiblər ki, məsələni dəqiqləşdirdik, söhbət Paşayevin qızından yox, qız nəvəsindən gedir. Ağsaqqal yenə onlara deyib ki, ağlınızı başınıza yığın, Hafiz Paşayevin qız nəvəsi yoxdur. Deməli, yarım saatdan sonra ağsaqqala yenə zəng edib deyiblər ki, inciməyin, biz o materialı yerləşdirəcəyik. Bir daha deyirəm, oğlum haqqında səslənən informasiyalar yalandır. Oğlum subaydır. Bir həftədən çoxdur ki, Amerikadan qayıdıb. Yeri gəlmişkən, çoxdandır oğlumu görmürdüm.

- Oğlunuz ingilis xanımla ailə həyatı qursa, nə edərsiniz?

- Oğlumun ingilis qızı ilə evlənmək istəyi olsaydı, indiyə kimi bunu edərdi. DEməli, bundan sonra da etməyəcək. Yenə deyirəm, əcnəbi ilə evlənməkdə qəbahət görmürəm. Bizim ailədə həmişə uşaqları sərbəst böyüdüblər. Mən də belə böyümüşəm. Evlilik məsələsində gənclər özləri qərar qəbul etməlidirlər.

- Maraqlıdır, Eldar Namazov sevib ailə qurub, yoxsa?

- Demək olar ki, sevib ailə həyatı qurmuşam. Həyat yoldaşımla Leninqradda (indiki Sankt-Peterburq) tanış olmuşam. Leninqradda hər cür imkanım, evim, gözəl şəraitim  vardı. Yaşamaq da olardı. Lakin həyat yoldaşıma səmimi dedim ki, evlənəndən sonra yalnız Bakıda yaşaya bilərəm. Həyat yoldaşım da mənimlə Bakıya gəldi, buralarla tanış oldu və Bakını sevdi. Bu, deyəsən, çətin sual oldu (gülür). Peşəmi də özüm seçmişəm ki, tarixçi olacam. Sovetlər birliyinin ən güclü türkoloqları orda çalışırdılar. İl yarımdan sonra namizədlik dissertasiyamı götürüb Moskvadan Leninqrada getdim.

- Sizin simanız sirli insan təəssüratı yaradır. Hər halda, prezidentin katibliyi vəzifəsində çalışan insandan fərqli sima gözləmək də ağlabatan deyil. Sirli sima 6 illik fəaliyyətiniz bitəndə açılmadı ki?

- İnsanlarla çox mübahisə etməyi sevmirəm. Mənim üçün vacibdir ki, qarşı tərəf sağlam diskussiyaya malik olsun. Həm Bakıda, həm Moskvada, həm də Leninqradda çox böyük alimlərin çalışdığı mühitdə böyümüşəm. Orda elm hər şeyin şahı olub. Rafiq Əliyevin gözəl sözü var idi. Hər şeydə güzəşt ola bilər, elmdə əsla. Yəni həqiqət birdir, həqiqətdə güzəşt ola bilməz. Dövlət qurumlarında elə vəzifədə çalışırdım ki, dövlətin sirlərinin əksəriyyəti məndən keçirdi. Təsəvvür edin, bir tərəfdən öhdəlik götürüb sənəd imzalamışam ki, çalışdığım dövrdə olan dövlət sirlərini yaya bilmərəm. Bu, öz yerində. Digər tərəfdən, bütün məxfi danışıqlarda iştirak etmişəm. Heydər Əliyev belə bir qayda qoymuşdu, məxfi sənədləri yalnız mən aça bilərdim. Bizim xaricə 4-5 günlük səfərimiz olurdu. 4-5 gündə 100-150 sənəd yığılırdı və heç kim onu aça bilməzdi. Yalnız mən açıb, oxuyub prezidentə məruzə edirdim.

- Sualıma cavab vermədiniz. Hansı dövlət sirrini açmısınız?

- Ümumiyyətlə, heç bir dövlər sirrini açmamışam. Hətta, bu günə kimi məni qınayırlar ki, niyə istefanla bağlı dərhal çıxıb heç nəyi açıqlamadın? Bəli, bu ATƏT-in İstanbul sammiti ərəfəsində baş verdi. O vaxt xarici işlər naziri də istefa verdi, bizdən bir həftə əvvəl Vəfa Quluzadə də istefa ərizəsini yazmışdı. Əgər İstanbul sammitinə bir ay qalmış xarici siyasətlə, xüsusilə Qarabağla məşğul olan 3 vəzifəli şəxs istefa ərizələrini yazırlarsa, bunu təsadüfi saymaq qeyri-mümkündür. Jurnalistlər çox vaxt bu məsələ ilə bağlı irad tutanda nəzərə almalıdırlar ki, istefa məsələsində  Azərbaycanın maraqları, dövlət sirri məsələsi və başqa məsələlər var idi. Şəxsən mənim üçün ən rahatı o olardı ki, bütün bildiklərimi danışım. Amma mən siyasətçi kimi yox, dövlətçilik mövqeyindən çıxış edirəm.  Bunların arasında fərq var. Heç vaxt dövlətçilik baxımından düzgün olmayan şüarı bir siyasətçi kimi təbliğ edə bilmərəm. O şüar ola bilsin ki, siyasi divident gətirərdi, daha çox populyar olmağıma səbəb ola bilərdi. Siyasətçiliklə dövlətçilik arasında seçim etmək məcburiyyətində qalanda, məndə heç vaxt siyasətçilik dövlətçilikdən üstün olmayıb.

- Bu qədər dövlət sirrini bilən Eldar Namazovdan  yəqin ki, həyat yoldaşı çox  narazıdır?  

- Siyasi fəaliyyətimin gərginliyinə baxmayaraq, həýat yoldaşım heç vaxt narazılıq etməyib. Hər zaman ailəm, həyat yoldaşım tərəfindən mənəvi dəstək görmüşəm. Ailəm inanır ki, mən çətinliklərlə üz-üzə qalsam da, doğru yoldayam. Bilirsiz, mənim çox güclü müəllimlərim olub. İnstituta qəbul olunanda Tarix İnstitutunda işləyirdim. Cəmil Quliyev dedi: “Eldar, insan həyatda tez-tez yol seçməli olur. Çalış, həmişə yüngül yox, düzgün yolu seçəsən. Yollar 2 cür olur. Düzgün yanlış və yüngül ağır. Hərdən yanlış yol ən yüngül olur, düzgün yol isə ağır olur. Düzgün yol ağır olsa da həyatının sonunda hər şey asan olacaq”. Hər dəfə seçim qarşısında qalanda Cəmil müəllimin sözləri yadıma düşür.

- Ailənizlə tez-tez istirahət edə bilirsinizmi?

- Təəssüflər olsun ki, ailə ilə istirahətə çox az vaxt qalır. Söhbət açıldı, sizə deyim, bir müddət 3 aya yaxın müalicə kursu keçməli oldum. Təxminən, bu ilin yanvar ayından mart ayına qədər. Bir çox tədbirlərə qatılmadığıma görə məndən inciyirdilər. Müalicə aldığımı bir neçə partiya sədrindən başqa heç kim bilmirdi. Ona görə də xaricdə müalicə almaq məcburiyyətində qaldım. Bəlli oldu ki, səhhətimdə müəyyən problemlər olub, mən ayaq üstündə keçirmişəm. İnanın, həkim məndən soruşdu ki, sonuncu dəfə nə vaxt istirahət etmisiniz? Yadıma salanda

 məlum oldu ki, sonuncu dəfə 1987-ci ilin yayında bir ay dincəlmişəm. Ondan sonra isə 1988-ci ildə Qarabağ hadisələri başladı.

- Adətən, siyasətçilərin iş rejimi çox ağır olduğundan ailəyə yalan danışmaq məcburiyyətində qalırlar. Siz nə vaxtsa belə halla üz-üzə qalmısınızmı?

- Məndə də olub. 1990-cı illərin yay vaxtı olardı. Ailəmi rayonlarımızdan birinə göndərib özüm də Dağlıq Qarabağa getdim. Ailəmə də dedim ki, Zaqatalada istirahət edirəm. Həmin vaxtlar  “Azərbaycan gəncləri” qəzetində çalışan bir müxbir Xankəndinə gəlmişdi və reportaj hazırlayırdı. Həmin məqamda mən hərbçilər tərəfindən separatçılığa qarşı apardığım işə görə təltif olunmuşdum. Mənə bir saat bağışladılar. Sözüm onda deyil. Ara-sıra evə zəng edirdim. Bir axşam da evə-anama zəng etdim. Hiss etdim ki, anam telefonda ağlayır. Mənə dedi ki, “sən bizi aldatmısan. Guya Zaqatalada dincəlirsən, amma Qarabağdasan, Xankəndindəsən”. Soruşdum: “Onu kim deyir?” Dedi:  “Qohumlar evə zəng edib deyirlər ki, Eldarın Qarabağda olmasından qəzetlər yazır”. Anam dedi: “Onsuz da ürəyimə danmışdı ki, sən tez-tez itib-batırsan, Zaqatalada deyilsən”. İnsan ailəsinin rahatlığını təmin etməkdən ötrü yalan da danışır.

- Sizə hədiyyə edilən saatı indi də saxlayırsınız?

- Sovet dövründə elmi nailiyyətlərimə və digər işlərimə görə məni çox təltif ediblər. Amma sovet dövründə mənə verilən medalların hamısını atmışam. Bircə Dağlıq Qarabağda mənə hərbçilər tərəfindən verilən diplom və saatdan başqa. Diplomda mənə 4 cümləlik şeir də həsr  etmişdilər.

- Oğlunuzla dost olmağı bacarırsınızmı?

- Ailəmizdə atam həmişə mənə sərbəstlik verib. Eyni zamanda, məsləhətlərini də verirdi. Atam istəyirdi ki, şüurlu şəkildə düzgün yol seçim. Oğlumla münasibətdə məsləhət də verə bilərəm, amma onun seçim imkanını tanıyıram. Bu da yaxşı dost olmaq anlamına gəlir.

- İndi bahalı maşınlara, villalara sahib olmaq dəb halını alıb. Sizin ailədə bunlara münasibət necədir? Qonşudan dala qalmırsınız ki?

- Kiminsə nə qədər pul yığdığını anlaya bilmirəm. Bunlar mənasız şeylərdir. Bir milyonla bir milyardın fərqi nə ola bilər? Mənim üçün bunu anlamaq çox çətindir. İnsana rahat yaşamaq lazımdır. Oğlumu  da belə ruhda böyütmüşəm. Dəfələrlə demişəm ki, sürücülük vəsiqən var, maşını niyə sürmürsən? Deyir, yollar bərbad vəziyyətdədir, piyada gəzmək daha rahatdır. Nə məndə, nə də ailəmdə bahalı maşınlara diqqət olmayıb. Ağıl, savad, insanlıq var-dövlətlə  ölçülmür. İndi də bizim evdə daha çox kitablara rast gələ bilərsiz. Kitab baxımından varlıyıq.

- Onda bugünkü cəmiyyətdə kitab oxuyanların səviyyəsi sizi qane edirmi?

- Uşaq vaxtlarımdan daima kitabla təmasda olmuşam. Çox təəssüf ki, Azərbaycanda bu ənənələri də itiririk. Şəhərimizdə 2, 3 kitab mağazası qalıb. Bəziləri hesab edir ki, bu, müasir dünyanın tələbidir, yanılırlar. Avropada, Amerikda tez-tez oluram. Hər 2-3 nəfər insanın əlində kitab görmək olar. Əvvəllər kitab oxumağı sevən millət idik. İndi isə dəyişmişik. Hər uşağının altında bir milyonluq maşın, dünyanın ən bahalı əyləncə mərkəzlərində kef edənlərin çoxluğu onu göstərir ki,  cəmiyyətdə kitab alıb oxumaq  və başqa gözəl ənənələr məhv olub gedir.

- Həyat yoldaşınız Leninqraddan Bakıya gələndə hansı işdə çalışıb?

- Biz Bakıya köçəndə oğlum Saqif hələ uşaq idi. Elə alındı ki, yoldaşım uşağa baxmalı oldu. İstəyirdim ki, uşağa diqqət böyük olsun. Düzü, o vaxtlar həyat yoldaşımın işləməsinə ehtiyac da yox idi. Həyat yoldaşım o vaxta qədər Leninqradda elmi-tədqiqat institutunda işləyirdi, ali təhsilli idi. Çox gənc yaşımda Bakıda Elmlər Akademiyasında şöbə müdiri idim. Şöbə müdiri yaxşı maaş alırdı. İmkanım olduğu üçün həyat yoldaşıma dedim ki, uşağa baxsın. Belə də oldu. Beləliklə, heç vaxt işləmədi.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır