Modern.az

“Avropalı dostlarımızı Türkiyənin daxili işləri ilə bağlı fikirlərdə təmkinli olmağa çağırırıq”-MÜSAHİBƏ

“Avropalı dostlarımızı Türkiyənin daxili işləri ilə bağlı fikirlərdə təmkinli olmağa çağırırıq”-MÜSAHİBƏ

Müsahibə

29 Aprel 2014, 09:09

Türkiyənin Avropa Birliyi naziri, hakim AKP-nin əsas füqurlarından olan Mövlud Çavuşoğlu Modern.az saytına müsahibə verib.

 

- Öncəliklə, fürsətdən istifadə edib Avropa Birliyi naziri olmanız münasibəti ilə sizi təbrik edirik. Cənab nazir,Türkiyənin Avropa Birliyinə üzv olması istiqamətində müsbət proqnozlarınız varmı?

- Təşəkkür edirəm! Cənab baş nazir Rəcəb Tayyib Ərdoğanın hər zaman vurğuladığı kimi, Türkiyənin Respublika elan olunmasından sonra ən önəmli müasirləşmə layihəsi Avropa Birliyinə üzvlükdür. Bu, Türkiyənin strateji bir hədəfi və dövlət siyasətinin tərkib hissəsidir. Türkiyə ilə Avropa Birliyi arasında 1959-cu ildən başlayan əlaqələr, 1963-cü il “Ankara Anlaşması” ilə hüquqi müstəviyə çıxarılıb. Türkiyə 1987-ci ilin 14 aprelində Avropa İqtisadi Birliyinə tam hüquqlu üzv olmaq üçün maraciət edib. Avropa Birliyinə Türkiyənin qatılması üçün daha geniş müzakirələr 2005-ci ilin oktyabrında başlayıb. Ancaq bu müzakirələr zamanı Türkiyəyə qarşı ədalətli davranıldığını söyləmək mümkün deyil. Başda Cənubi Kipr yunan hakimiyyəti olmaqla bəzi Avropa Birliyi ölkələri bizə siyasi əngəllər yaradır. Buna görə də danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunmur.

- Bəs, rəsmi Ankara Avropa Birliyinin siyasi qərəzliliyi fonunda hansı addımlar atmalıdır ki, bu təşkilatda Türkiyə üçün yaradılan maneələr aradan qalxsın?  

- Biz bu istiqamətdə davamlı islahatlarla yolumuza davam etməkdə israrlıyıq. İslahatlar prosesində edam cəzasının aradan qalxması, ordu-vətəndaş münasibətlərinin normallaşması, insan hüquq və azadlıqlarının təməlini təşkil edən faktorların formalaşması, ərzaq təhlükəsizliyi və s. kimi məsələlərdə Türkiyə əhəmiyyətli uğurlar əldə edib. Bu baxımdan yekun nəticəyə olan gözləntilərimiz hadisələrin gedişinə görə dəyişsə də, əzm və qərarlılığımız davam edir. Bundan başqa 2013-cü il Türkiyə ilə Avropa Birliyi arasında əlaqələrin müsbət xarakter aldığı bir il oldu. Təxminən 3 il yarımlıq bir fasilədən sonra Regional Siyasət və Struktur Vasitələrin Koordinasiyası fəslinin başlanması da müsbət dinamikadan xəbər verir. Avropa Birliyi ilə “Geri Qəbul Razılaşması”nın imzalanması türk vətndaşlarına vizasız Avropaya getmək imkanı yaradaraq Sərbəst Viza Dialoqunun başlanmasına zəmin olacaq. Bu cür xoş mühitin müzakirələr əsnasında daha sürətli irəliləməsini baş nazir Rəcəb Tayyib Ərdoğanın 5 ildən sonra 21 yanvar 2014-cü il tarixində Avropa Birliyinə gerçəkləşdirdiyi rəsmi səfəri də sübut edir. Başda Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompey olmaqla Avropa Komissiyasının prezidenti Jose Manuel Borozzoya və Avropa Parlamentinin sədri Martin Şultza  fikirlərimizi açıq və aydın şəkildə ifadə etdik. Son dərəcə səmimi bir atmosferdə baş tutan görüşdə Türkiyədəki inkişaf, islahatlar prosesini onlara çatdırdıq.

- Qeyd etdiniz ki, bəzi Avropa Birliyi ölkələri Türkiyənin siyasi hədəflərinə çatmasında əngəlləyici faktor kimi çıxış edirlər. Maraqlıdır, adlarını çəkdiyiniz təşkilat rəsmiləri bu barədə hansı aerqumentlərini sizinlə bölüşdülər?

 - Türkiyə ilə Avropa Birliyi münasibətlərinə yaradılan süni əngəllər və adı çəkilən beynəlxalq təşkilata bəzi üzv dövlətlərin siyasi təxribatlarından qurtularaq proseslərin axarına düşməsi məsələsi vurğulandı. Avropa Birliyi Şurası tərəfindən də təsdiqlənən “Müzakirə Çərçivə Sənədi”ində bildirildiyi kimi, tam üzvlük hədəfinin vacibliyini qeyd etdik. İstər üzv ölkələrə, istərsə də Brüsselə etdiyim səfərlərdə apardığım ikitərəfli görüşlərdə buna xüsusilə ştrixlər vurduq. Şəxsən mən bu çalxantılı dövr keçdikdən sonra, Avropa Birliyinin hazırda dünya iqtisadiyyatında 17-ci yeri tutan və 2023-cü ildə ilk onluğa düşməyi hədfləyən Türkiyəni daha yaxşı anlayacağı qənaətindəyəm. Bu müddət ərzində Avropa Birliyi Türkiyəni daha yaxşı anlayacaq. Əlaqələrimizin tam hüquqlü üzvlük hədəfi istiqamətində daha sağlam zəmində formalşması üçün lazım olanları edəcəklərinə inanıram. 

- Sözsüz ki, Türkiyə Avropa Birliyinə üzv olacağı təqdirdə rəsmi Ankaranın xarici və daxili siyasətində dəyişikliklər də olacaq. Sizcə, Türkiyənin bölgə, əsasən də Azərbaycan siyasətində hər hansı dəyişikliklər nədən ibarət ola bilər?

-Türkiyənin də məxsus olduğu coğrafiya son zamanlar davamlı bir dəyişiklik və dönüş içindədir. Bu, beynəlxalq şərtlərdə və şəraitdə Türkiyənin xarici siyasətinin əsas konturları, Atatürkün ideyası “yurdda sülh, cihanda sülh” prinsipinə əsaslanır. Biz bu prinsiplər altında qonşu ölkələrimiz də başda olmaqla regionda və dünyada sülhün hakim olmasını istəyirik. Türkiyə ilə Azərbaycan arasında qədim dostluq və qardaşlıq telləri mövcuddur. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. Azərbaycan və Türkiyə əlaqələri “bir millət, iki dövlət” analyışı üzərində qurularaq təyin edilib. Həqiqətən də iki ölkə arasındakı münasibətlər strateji bir müttəfiqlik olmaqdan da o yana keçib. Ortaq dəyərlərə, tarixə, mədəniyyətə, dinə, coğrafiyaya söykənən bir dostluq əlaqələridir. Türkiyə bu anlayışla Dağlıq Qarabağ məsələsində, Qafqazda stabilliyin, təhlükəsizliyin bərqərar olmasında, Azərbaycanın qonşuluq siyasəti çərçivəsində Avropa Birliyinə üzv olmaq niyyətindədir. Biz Avropa Birliyi ilə olan əlaqələrimizdə Azərbaycanla eyni hədəfə vurur, ortaq məqsədləri və idealları paylaşırıq. Beynəlxalq platformalarda iki ölkə arasında məhsuldar və dostyana işbirliyinin nə qədər önəmli olduğunu Avropa Şurası Parlament Assambleyasına sədrlik etdiyim müddətdə də vurğulamışam. Mən orada Azərbaycandan olan millət vəkillərinin dəstəyini hər zaman hiss etdim və birlikdə çox önəmli işlərə imza atdıq. Avropa Birliyi ilə əlaqələr kontekstində isə təşkilatın qonşuluq siyasətinə daxil olan, Ortaq Xarici və Təhlükəsizlik Siyasəti deklarasiyalarına qatılmağa başlayan, Avropa Birliyi ilə ortaqlıq razılaşması imzalayaraq siyasi və iqtisadi əlaqələrini daha da genişləndirməyi planlayan bir Azərbaycan görürük. Azərbaycan təkcə bu platformalara üzv olmaqla yaxın münasibətlər formalaşdırmır. O, həm də bu platformaların üzərində inşa olunan universal dəyərləri mənimsəyir, onu bölgəsində bir cazibə mərkəzi halına gətirir. Tale ortağımız olan Azərbaycanın inkişafı Türkiyənin, Türkiyənin inkişafı isə Azərbaycanın  inkişafı anlamına gəlir. Türkiyə həmişə Avropa Birliyi siyasəti başda olmaq üzrə xarici siyasət miqyasında Azərbaycanın maraqlarını öz mənafeyi kimi görüb mühafizə edib. Bundan sonra da belə davam edəcək.

- Türkiyədə 17 dekabrda keçirilən böyük rüşvət və korrupsiya əməliyyatları dünyas siyasi gündəmində şok effekti yaratdı. Ölkədə tviterrə, youtube sosial şəbəkəsinə qadağa qoyuldu. Bundan əvvəl isə “Gəzi parkı hadisələri” baş vermişdi. Bu hadisələr demokratiya və insan haqları baxımından Avropa Birliyi baxış bucağından necə dəyərləndirilə bilər?

- Avropa Birliyinə daxil olmaqla bağlı məqsədimiz, sadəcə hüquqi bir prosedur deyil. Bu, əsas etibarilə bir dəyərlər sisteminin parçası olmaq anlamına gəlir. Çağdaş demokratiyanın əsas meyarları olan şəffaflıq, azad fikirlilik və s. dəyərləri Türkiyə bacarıqla və səmimiyyətlə təmsil edir. Bu gün Türkiyənin demokratikləşmə, insan haqları və iqtisadi inkişaf baxımından çatdığı yer heç şübhəsiz Avropa Birliyi standartalarına olduqca yaxındır. Hakim Ədalət və İnkişaf Partiyasının iqtidarda olduğu 12 ilə diqqət edək. Bu dövrdə Türkiyədə həyata keçirilən bütün islahatlar demokratiyanın gücləndirilməsi və vətəndaşlarımızın ayrı-seçkiliyə məruz qalmadan hüquqlarını istifadə etməsinə xidmət edir. Türkiyə demokratik bir hüquq dövlətidir. Bu mövzuda bu günə qədər heç bir problem olmayıb və bundan sonran da olmayacaq. Avropa Komissiyası tərəfindən yayımlanan sonuncu hesabatda Türkiyənin məhkəmə islahatlarında, demokratikləşmə paketində, fərqli inanc qrupları ilə dialoqa qədər bir çox sahələrdə reallaşdırdığı işlər təqdirəlayiq hesab olunub. Böyük rüşvət və korrupsiya əməliyyatlarına gəlincə, edilən tənqidlərin böyük qisminin məqsədli və həqiqətdən uzaq olduğunu düşünürük. Demokratiyaya inanan bütün ölkələr kimi Türkiyə də qüvvələr tarazlığı məsələsində olduqca həssasdır. Əlbəttə əsaslı və arqumentli tənqidləri hər zaman məmnuniyyətlə qarşılayıb islahatlarda bu məsələləri də dəyərləndiririk. Məsələn,baş nazir Rəcəb Tayyib Ərdoğanın Brüssel səfərində bildirdiyi kimi, Avropa Birliyinin Türkiyədə Hakim Prokurorlar Ali Şurası ilə bağlı edilən dəyişikliklərlə bağlı tövsiyyələri bizim parlament komissiyalarında diqqətə alınıb. Təmaslarımızda avropalı dostlarımızı Türkiyənin daxili işləri ilə bağlı fikirlərdə təmkinli olmağa çağırırıq.

 - Türkiyə də bələdiyyə seçkiləri keçirildi və 10 avqustda prezident seçkiləri olacaq. Keçirilən islahatlar fonunda perspektivlər haqqında nə deyə bilərsiniz?

 -Türkiyə ilk dəfə prezidentini ümumxalq səsverməsi ilə seçəcək. Bu seçki atmosferində aparılan təbliğat kampaniyalarının bir parçası olaraq davam edən siyasi qalmaqal və müzakirələrə rəğmən hökumətimiz demokratiyanı daha da gücləndirəcək. Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən bəzi qanunlar da daxil olmaqla, son zamanlarda gerçəkləşdirdiyimiz “Beşinci Məhkəmə Reformları” və “Demokratikləşmə Paketi”, Nazirlər Kabinetinin tərəfindən qəbul edilən “Avropa İnsan Haqları Razılaşmasına Zidd Hərəkətlərin Önləmnəsinə dair Planı” konkret nümunə kimi göstərilə bilər.

- Siz bir müddət Avropa Şurası Parlament Assambleyasına sədrlik etmisiniz. Türkiyə və Azərbaycanın bu təşkilatdakı hazırkı yeri, mövqeyi haqqında fikirləriniz maraqlı olardı.

 - Azərbaycanın Avropa Şurasına üzvlüyü həm Avropa, həm Qafqaz, həm də Orta Asiya bölgəsi baxımından çox önəmli bir addım oldu. Azərbaycan Avropa Şurasının ucqar şərqidir, Avropanın Asiyaya açılan qapılarından biridir. Azərbayca və Türkiyə həm Şərqin, həm də Qərbin mədəni dəyərləri ilə yoğrulmuş ölkələridir. Hər ikisi də Avropa Şurasının üzvüdür. Azərbaycan müstəqillikdən sonra yürütdüyü xarici siyasət nəticəsində Avropa Birliyi və NATO ilə yaxın əlaqələr qurub. Bununla yanaşı ATƏT-in Minsk Qrupuna üzvlüyü də nəzərə alınmalıdır. Qeyd etdiklərim Azərbaycanın Qərb dünyası ilə bütünləşmə istəyinin bariz göstəricisidir. Azərbaycan bu mənada demokratikləşmə və Avropa dəyərlərinin mənimsəməsi nöqtəsində çox önəmli addımlar atıb. Türkiyə Azərbaycanın beynəlxalq təşkilatlarla qurduğu əlaqələri hər zaman dəstəkləyib. Digər tərəfdən, Avropa Şurası ilə Avropa Birliyi arasındakı yaxın münasibətlər Azərbaycan ilə Avropa Birliyi arasındakı əlaqələrə də sirayət edib. Avropa Birliyinin qonşuluq siyasətinin təməlini təşkil edən ortaq faydaların bölüşdürülməsi, qonşu ölkələrin daha sabit bir quruluşa qovuşması hədəfləri çərçivəsində Azərbaycan mövqeyi və gücü baxımından çox önəmli amildir. 

- Türkiyədə böyük bir mühafizəkar kəsim mövcuddur. Türkiyənin Avropa Birliyinə inteqrasiyası mühafizəkar cəmiyyətdə hər hansı narahatlıq amilini önə çəkmirmi?

- Avropa Birliyi azadlıq, demokratiklik, bərabərlik, hüququn üstünlüyü və insan haqlarına hörmət prinsipləri üzərində qurulub. Avropa Birliyinin əsas şüarı “fərqlilik içində birlikdir”. Avropalıların fərqli mədəniyyət, adət və dillərlə zənginləşmiş bir biçimdə rifah və demokratiyası, Avropa Birliyi çətiri altında bir araya gəlməsini ifadə edir. Biz də Türkiyənin Avropa Birliyinə qatılmağını bu ortaq dəyərlər kontekstində, millətimizin həyat standartını yüksəltmək şərtləri altında həyata keçirmək istəyirik. Anadolu insanının sahib olduğu dəyərlər ilə Avropa Birliyinin dəyərləri arasında bir təzad yoxdur. İnanclara hörmət, haqq və ədalət, sülh içində bir arada yaşamaq və s.

- Sizi Azərbaycanda da çox yaxşı tanıyırlar. İndiki məqamda Azərbaycana səfər etmək haqqında düşünürsünüzmü? 

- Avropa Bilriyi naziri və Baş müzakirəçi olaraq, Azərbaycanın həm Türkiyə, həm də Avropa Birliyi ilə olan əlaqələrini diqqətlə izləyirəm. Azərbaycan yalnız güclü siyasi əlaqələrə görə deyil, eyni zamanda qardaş ölkə olaraq da qəlbimizdə ayrı bir yerə sahibdir. Həm Avropa Birliyi ilə əlaqələr baxımından, həm də dostluq bağı çərçivəsində qardaş ölkəni ziyarət etmək mənim üçün böyük qürur və xoşbəxtlikdir.

 

 

Aqşin Kərimov  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?