Modern.az

Cənab NAZİRLƏR, təğyiri-libas olmağa necə, hazırsınızmı?!

Cənab NAZİRLƏR, təğyiri-libas olmağa necə,  hazırsınızmı?!

29 Aprel 2014, 11:29

Hakim elitanı təşkil edən yüksək çinli məmurlar böyük mövqe sahibləri ilə hər zaman təmasa can atan, dilsiz-ağızsız  xalqdan son illərdə məsafəcə və mənən o qədər aralı düşmüşdülər ki, ölkənin birinci şəxsi az qala Çin səddinə çevrilən bu divarı sökməyə, məmurun vətəndaşa, toplumun məmura yaxınlaşması üçün yaxşı bir ideya ortaya qoydu: mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bütün əyalətlərə gedib, insanların qayğılarını dinləsin və onlara lazım  olan  köməyi etsin.

Bu görüşlərə verilən start artıq bir ilə yaxınlaşır. Görüşlərin qrafikinə məsuliyyətli yanaşma, ümumiyyətlə, ideyanın baş tutması və səfərlərin ardıcıl həyata keçməsi  müsbət tendensiya kimi qabarsa da, görüşlərin leytmotivi, ümumi məzmun və nəticə tam nikbinlik üçün əsas vermir. Söhbət ondan gedir ki, bu görüşlərin əhəmiyyəti lokal səciyyəli olur, bir neçə fərdin şikayətinin müsbət həlli ilə sonuc verir,vəssalam. Yerdə qalan insanlara, ya nazirlərin  vaxtı çatmır, ya mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daha artıq  şikayət avazı dinləməyə tablaşa bilmir, ya da vaxt bir tərəfə, kömək imkanını həmin personalar özləri məhdudlaşdırır. Beləliklə, kiminsə qabağa düşüb, kiminsə dala qalması, kiminsə nazirdən bir şey qoparıb, kiminsə bəxti gətirməməsi  başqa bir formada narazılıq yaradır ki, nəticədə bu təmasların əhəmiyyətinə kölgə düşür, həm də məmur-vətəndaş arasındakı sədd tam aradan qaldırılmır. Xalqın nə istəməsi önduyumla anlaşılması qeyri-çətin məsələ olsa da, vəzifələr daha dərinə gedən məsələləri əhatə etmir, bir qrupa comərdlik göstərilməsi ilə bitir. Əslində isə bu görüşlərin formatı geniş olmalı, problemlər müzakirə səviyyəsinə qaldırılmalı, elə addımlarla yekunlaşmalıdır ki, əhalini müşküllərdən daimi olaraq atlada bilsin. Əks halda başdangetdi iş prinsipinin nə aşağı təbəqəyə faydası var, nə də zahirən canıyanan görünməyin hər hansı bir  məmura divident qazandırması mümkündür.

Amma sözsüz ki, nəticənin necə olmasından asılı olmayaraq, öz fəaliyyətini televiziya kameralarında sübut faktına çevirən dövlət səlahiyyətliləri birinci şəxsin qarşısına alnı açıq, üzüağ çıxa bilir. Baxmayaraq,  onların əksəriyyəti tapşırılan vəzifəni formal olaraq yerinə yetirir. Bəzilərinə  göruntü lazımdır deyə, öz işini çərçivə əsasında qurur, vətəndaşın problemlərinəyanaşmada vicdan sərhədlərinə yaxınlaşmır. Nazirlərə elə gəlir ki, müəyyən bir qəlib var, o qəlibə sığan şəkildə işləməlidir, heç bir improvizasiya ola bilməz. Halbuki, ideyanı ortaya qoyan prezidentdən  nə bütün detalların verilməsini gözləmək düzgündür, nə də prezident hansısa böyük məmurun ürəyiyumşaq olmasına, əyalət insanlarının rastlaşdığı problemlərin  zərərli köklərini biryolluq qoparıb çıxarmasına müxalifdir. Nazirin, komitə sədrinin spontan davranışları, seçdiyi ədalət prizması, müdrik jestləri həmin görüşlərin formatında iştirak edənləri necə cazibədə saxlaya bilərsə, kənardan izləyici olan prezidenti də eyni şəkildə məmnun edə bilər. Lakin son müşahidələrimiz  deməyə əsas verir ki, hələlik Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov çərçivələri aşır.Sonuncu Ağdam səfərində mənzil alacaq şəxslərin hamısının yerli məmurlar tərəfindən tədbirə çağrılmaması  onu tədbiri iki saatlıq təxirə salmağavadar etdi, çünki nazir evlərin açarlarının hər bir əlilə şəxsən təqdim olunmasını istəyirdi. Və yaxud, görüşlərinin birində arabadakı əlili qucaqlayıb üzündən öpməsi, kövrəlib ağlayan qıza ayağa qalxıb su verməsi, onun məsələsini nazirliyin aidiyyatı idarəsinə tapşırması,  elə həmin görüş zamanı  Qarabağ müharibəsində tibb bacısı kimi iştirak edən  üzü yanmış gənc qadını min kişidən qeyrətli saydığını deyərək, plastik əməliyyatına operativ göstəriş verməsi faktları cəmiyyətdə munis duyğulara yol açır. Əhali ilə görüşlərin mətbuat və cəmiyyət üçün tam açıq keçirilməsi, epizodik senzuranın belə, tətbiq olunmaması hələlik  bu nazirin iş üslubu kimi  qabarır. Təsadüfi deyil ki, son zamanlar müstəqil televiziyalarda gedən ictimai polemikalarda, mətbuat müstəvisindəki ekspert rəylərində onun  ismi müsbət hallanır.  

Amma mərkəzi icra hakimiyyəti orqanlarının hər səfərdə bir qrup insanlara yardımçı olması məsələlərə  düzgün yanaşmanı özündə ehtiva etmir.  Məsələ burasındadır ki, bürokratik süründürməçilik, ədalətsizlik, rüşvət hallarının aradan götürülməsi və kompleks halda vətəndaşın dövlət qurumlarına inamının güclənməsi üçün etibarlı idarəçilik sistemi formalaşdırmaq lazımdır. Yoxsa ki, bu görüşlər təfsilatlara getdikdə, çox gülməli xarakterdə görünür. Məsələn, nazirlər öz işçilərinin  incitdiyi, laqeyd yanaşdığı insanlara dəstək verir, sonda öz işçilərini cəzalandırmır, amma dolayısi ilə  onları yerli əhalinin nəzərində yarıtmaz və öz vəzifəsini yerinə yetirməyən bir dövlət qulluqçusu kimi təqdim edir. O zaman sual olunur: əgər vətəndaşa şəxsən nazirlər  kömək etməlidirsə, onda yerli şöbələr nə üçündür və yaxud, düzgün nazirlərin işçiləri niyə doğru-dürüst çalışa bilmirlər? Nəticə etibarılə nazirlər hər dəfəsində öz işçilərindən  şikayət ünvanına və təmənna mənbəyinə çevrilmirmi? Bu baxımdan rayon səfərləri nazirlər üçün problemlərin araşdırılması və həlli yollarının müəyyənləşməsi prioritetlərini yaratmalıdır. Əgər səfərlərin sonucunda kimsə, kimlərsə, töhmət, yaxud, işindən kənarlaşma cəzası alardıca, bu görüşlərin əhəmiyyəti o zaman artmış olardı. Eləcə də aparılan araşdırmalar nəticəsində verilən qərarlardan hamının paritet şəkildə faydalanması bu səfərlərin ciddi  səmərəlilik göstəricisi ola bilərdi.

Əgər yerli qurumlardan öz işinə qanunla rədd cavabı alan vətəndaş eyni cavabı nazirdən eşidəndən sonra problemin həlli mümkünsüzlüyünə dərindən inana bilirsə, bu, o deməkdir ki, əhali yerli qurumlara tamamən etimadını itirib və bu görüşlər inam mühitinin formalaşmasını vasib məsələ kimi önə çıxarır.

Son günlər haqqında ciddi korrupsiya faktları ortaya qoyulan  Səhiyyə və Gənclər və İdman nazirlikləri rəhbərlərinin əhali ilə təmaslarda dürüst tərəf kimi iştirak etməsi sual altına düşür. Vərəm, şəkər, xroniki böyrək çatışmazlığı, ciddi infeksion xəstəliklərin müalicəsinə dövlət tərəfindən verilən pulsuz dərmanların satılması, 100 min manatlıq büdcə vəsaitinin talanması, Elmi-Tədqiqat, Mamalıq, Ginekologiya İnstitutunda 65 min manatlıq dövlət vəsaitinin yoxa çıxması  nazir Oqtay Şirəliyevi, o cümlədən böyük həcmdə dövlət pullarının mənimsənilməsi ittihamları Azad Rəhimovu rayon görüşlərində əhali qarşısına istər-istəməz kompleksli çıxarır. Hər iki nazirin keçirilən görüşlərində səmimi atmosferin yaranması ciddi şübhə doğurur. Çünki məlumdur ki, Səhiyyə nazirinə şikayətlər əsasən, pulsuz dərmanların xəstələrə verilməyib satılması faktları ilə bağlı  olur. Əgər nazir beş-on bu cür şikayətçiyə bir dəfə dərman verdirməklə, öz işini bitmiş hesab edirsə,  bu, onun nə işgüzar imicini formalaşdırır, nə də ona həvalə olunan işin tam icra edilməsi deməkdir.

Əyalət görüşlərində xoşagəlməyən məqamlardan biri maariflənmə səviyyəsi aşağı olan vətəndaşlarla bağlıdır. Məlumatlara  görə, nazirlərin qəbulunda insanlar bəzən bilərəkdən, bəzən bilməyərəkdən öz problemlərini hansı instansiyanın qarşısında qaldırdığını unudurlar. Məsələn, tutalım, Qaçqın və Məcburi Köçkünlərin işi  üzrə Dövlət Komitəsinin sədri  Əli Həsənovdan Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri  Kərəm Həsənovun səlahiyyətinə aid məsələnin xahişi edilir. Eləcə də başqa nazirdən bir başqa nazirə aidiyyatı olan işin tapşırılması istənilir. Bununla da, həm görüşlərdə mənasız vaxt itkisi yaranır, həm də xoşagəlməyən mənzərə ortaya çıxır...

Müxtəlif dövrlərdə belə bir ənənə olub: hökmdarlar təğyiri- libas olub bazarlarda, əhalinin gur olduğu yerlərdə gəzişər, məmləkət əhlinin nə danışdığını öz qulaqları ilə eşidər, sonra  qəsrinə qayıdıb  hökm fərmanlar verərdi. Hökmdarların komandasının təğyiri-libas ənənəsi isə, deyəsən, heç vəzirlərin timsalında belə, olmayıb. Belə formal, görüntü səciyyəsi daşıyan hazırkı əyalət görüşlərinin ən yaxşı alternativi - bəlkə qeyri-ciddi səslənə bilər, bu günkü dünyanın şərtləri ilə gülünc alınar-, nazirlərin təğyiri-libas olmaqla problemləri də, özləri barəsində xalq düşüncəsini də əməlli-başlı öyrənmək metodu ola bilər.

Adını çəkmək istəmədiyim jurnalist həmkarlarımdan biri deyirdi ki, Rəsul Quliyev Milli Məslisin spikeri olanda onunla müsahibə götürən zaman soruşub ki, xanım, siz bilərsiniz, xalq necə yaşayır? Deyir, mən qayıtdım ki, yaxşı yaşamır, problemlər çoxdur. Soruşdu ki, bəs bizim haqqımızda, şəxsən mənim barəmdə nə deyirlər?Mən də dedim ki, hamını tənqid edirlər, o cümlədən sizi də. Halbuki həmkarım xalqın durumundan sözlə ürək parçalayan tablo yaratsaydı belə, Rəsul Quliyev “bədbəxt” adlandırdığı xalqın gerçək vəziyyətini yüz dəfə eşitməklə yox, bir dəfə görməklə daha yaxşı anlaya bilərdi. Odur ki, cənab nazirlər, fəaliyyətinizin müsbət və mənfi tərəflərinin cəmiyyətdə yaratdığı gerçək mənzərəni bütün çılpaqlığı ilə görmək üçün təğyiri-libas olmağa necə, hazırsınızmı?!

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır