Modern.az

Tanınmış jurnalist Mailə Muradxanlı vəfat edib

Tanınmış jurnalist Mailə Muradxanlı  vəfat edib

Media

12 İyun 2010, 10:08

Tanıınmış televiziya jurnalisti, tərcüməçi, dramaturq, publisist, Mailə Muradxanlı bu gecə dünyasını dəyişib. Bu barədə Modern.az-a mərhumun bacısı qızı, jurnalist Aygün Muradxanlı məlumat verib. Məlumatda bildirlir ki, M.Muradxanlı son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirmiş. Müalicə olunmasına baxmayaraq, həkimlər onu həyatda saxlaya bilməyiblər. Yaxınları bildiriblər ki, mərhum son vaxtlaradək özünü gümrah hiss edirmiş. Xəstəlik onu qəfil yaxalayıb. Son bir neçə gündə həkim nəzarəti aldında olub. Həkimlər onda daxili qanaxmanın qarşısını ala bilməyiblər.   Mailə Balabəy qızı Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olub. 1946-cı ildə ailəliklə Bakıya köçüblər.  Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirən M.Muradxanlı 1957-1962-ci illərdə ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsil alıb. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru (1962-1967) kimi başlayıb. Sonralar ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləyib (1972-1994). 1994-cü ildən sonar AzTV-də ədəbi dram verilişləri Baş redaksiyasında baş redactor işləyib. Mailə Muradxanlı son illər ANS telekanalında çalışırdı, "Zərif çərşənbə" verilişinin aparıcılarından biri idi. O, aktyor Elxan Cəfərovun və jurnalist Lalə Cəfərovanın anasıdır.

M.Muradxanlı, ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olub.  "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış edib. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulub (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilib. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir. Azərbaycan Mədəniyyət Nazirliyinin ilə bir neçə pyesi Azərbaycan dilinə çevirib.

 

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1965), Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalistidir (1989).

Allah rəhmət eləsin! Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir