Modern.az

Təyinatın doğurduğu perspektivlər - xoş gəldin, Fərəh Əliyeva!

Təyinatın doğurduğu perspektivlər - xoş gəldin, Fərəh Əliyeva!

3 May 2014, 10:04

 2014-cü il bir çox universitetlərdə rəhbər dəyişikliyi ilə əlamətdardır. Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin ardından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni rektor təyinatı oldu. Ötən gün respublika prezidenti cənab İlham Əliyevin sərəncamı ilə XX əsr Azərbaycan ədəbiyyatının əsas sütunlarından biri İlyas Əfəndiyevin oğlu, yazıçı, dramaturq baş nazirin humanitar məsələlər üzrə müavini Elçin Əfəndiyevin qardaşı, filologiya elmləri doktoru, AYB-nin üzvü, əməkdar incəsənət xadimi Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edildi. Cənab  İlham Əliyevin başqa bir sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edildi.

Bir çox monoqrafiyanın, dərs vəsaitinin, elmi-publisistik məqalələrin müəllifi olan Fərəh Əliyeva tanınmış alim,  Bakı Dövlət Universitetinin professoru, mətbuat tarixinin araşdırmaçısı Şirməmməd Hüseynovun qızıdır. Azərbaycan publisistikasının əsas simalarından sayılan 89 yaşlı Şirməmməd Hüseynov 1988-ci ildən Bakı Dövlət Universitetində çalışır. Azərbaycan Demokratik Cümhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir. Şirməmməd Hüseynov indiyədək bir çox mükafatlara- "Nizami təqaüdü", "Qızıl qələm" mükafatı, Respublikanın əməkdar jurnalisti adına, Zərdabi adına mükafata, Y.Məmmədəliyev adına mükafata, M.Ə.Rəsulzadə adına mükafata layiq görülüb.

Fərəh Şirməmməd qızı Əliyeva bu vəzifəyə təyin olunanadək Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının dosenti və Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifəsini icra edirdi. Aktiv ictimai fəaliyyəti ilə seçilən Fərəh xanımı bir çox yaradıcılıq gecələrində, sərgi və festivalların açılış mərasimində  görmüşük. O, həmçinin beş ildir keçirilən, artıq ənənəvi hal alan Qəbələ Musiqi Festivalının da təşkilatçılarından biri və "Muğam dünyası" beynəlxalq muğam festivalının işçi qrupunun rəhbəridir.

Fərəh Əliyeva Azərbaycan musiqi tarixinin gizlində qalan faktlarını araşdırmış, onu yeni informasiya və tapıntılarla zənginləşdirmişdir. 1937-ci il repressiya qurbanı olan musiqiçilər - Xədicə Qayıbova və Sergey Panıyevin bioqrafiyasını hazırlayıb.

Göründüyü kimi, xanım rektorun Azərbaycan mədəniyyət  və incəsənətinin tarixi və nəzəriyyəsinin öyrənilməsində, bədii irsinin qorunmasında, təbliğatında rolu böyükdür. Sələfinə nisbətdə xeyli gənc olan, aktiv fəaliyyəti ilə seçilən Fərəh xanımın ölkə incəsənətinin məbədgahı olan təhsil ocağına rektor təyin edilməsi şübhəsiz ki, Azərbaycan incəsənətinin inkişafına müsbət mənada təsirsiz ötüşməyəcək. 20 ilə yaxındır tənəzzül dövrü keçirən incəsənətimizin çiçəklənməsi üçün yeni kadra, bu məbədgahı- təhsil ocağını  idarə edəcək yeni nəfəsə ehtiyac var idi. Kino sənəti sovet dövründə çəkilmiş filmlərin ümidinə qalıb. Son bir neçə ildə ölkədə bir dənə də olsun keyfiyyətli film çəkilməyib. Teatr sənəti demək olar ki, süquta uğrayıb. Problemin həlli üçün fundamental, geniş tərkibli birgə iş gərəkir. Aktyor və rejissorların hazırlanmasına cavabdeh olan yeganə təhsil ocağı isə məhz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir. Bioqrafiyasının zənginliyi, səmərəli iş fəaliyyəti ilə seçilən Fərəh xanımın təyinatı bunun üçün xeyli perspektivlər yaradır.

Universitetdə bir sıra həlli vacib olan problemlər var. Tədris sisteminin yenidən qurulması zəruridir.. Fakültələrin çoxusunda adicə proyektor belə, yoxdur. Müasir təhsil sistemi üçün tələb olunan dərs vəsaitləri çatışmır. Rəssamlıq fakültəsində informatika fənninin tədrisi üçün cəmi bir kompyuter var ki, o da xeyli köhnəlib. Nəzəri ixtisaslar üçün tələb olunan kitablar çox azdır. Çoxusu da xarici dildədir.

Universitetin istər maddi, istər texniki imkanlarının, istərsə də elmi-praktiki fəaliyyətinin genişləndirilməsi istiqamətində Fərəh Əliyevanın təyinatı böyük ümidlər yaradır. Azərbaycan mədəniyyəti və incəsənətinin fərəhli gələcəyi ümidi ilə, xoş gəldin, Fərəh Əliyeva!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı