Modern.az

Bələdiyyələrin kadr problemləri və onların həlli yolları

Bələdiyyələrin kadr problemləri və onların həlli yolları

4 May 2014, 12:24

Araşdırmalar göstərir ki, bələdiyyələrin mövcud kadr potensialı yerli özünüidarə­nin səmərəli təşkilini təmin etmək iqtidarında deyil. Bu, ilk növbədə bələdiyyə seçki­lərinin tam azad və ədalətli keçirilməməsindən irəli gəlir, kadr potensialının zəifliyi son nəticədə əhalinin keyfiyyətli ictimai xidmətlər almaq imkanlarını aşağı sala bilər. 

Yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından biridir. Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və social-iqtisadi potensialından tam və səmərəli istifadə etmək və bu əsasda əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün təkçə dövlət idarəçilik organlarının mövcud olması kifayət deyil.

İdarəçilik növləri içərisində ən mürəkkəbi və çoxsahəlisi dövlət idarəçiliyidir. Dövlətin qarşısında çoxsaylı müxtəlif problemlər durur. Dövlət bəzən bu qədər müxtəlifliyi nəzərə almaq iqtidarında olmur. Bunun  üçün onun imkanları azlıq edir və düzgün paylaşdırılmır və nəticədə problemlər yaranır. Bu problemlərdən azad olunmağın ən faydalı yolu idarəçilik yükünün azaldılması və dövlət idarəetməsində idarə olunan obyektlərin bəzilərinə özünü idarəetmə imkanlarının verilməsidir.

Bu gün yerli özünüidarə dünya ölkələrinin əksəriyyətində konstitutsiya quruluşunun əsası, xalq hakimiyyətinin spesifik forması əhalinin yerli əhəmiyyətli məsələlərinin müstəqil həllinə qərar verən yerli özünüidarə orqanlarını seçmək və onlara seçilmək hüququnun verilməsidir.

1991-ci il oktyabr ayının 18-də dünyanın siyasi xəritəsinə yeni bir dövlətin- Azərbaycan Respublikasının adı daxil oldu. Yeni müstəqillik qazanmış Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğun olaraq ölkədə ictimai həyatın bütün sahələrində tədricən yeniləşmə, müasirləşmə prosesləri baş verdi. Bu proseslər bütövlükdə ölkədə, o cümlədən yerlərdə idarəetmə sisteminin yenidən qurulmasını tələb etdi ki, bu da demokratikləşmə prosesinin başlanğıcı kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına səbəb oldu.

Azərbaycan dövlətçiliyinin tarixində demokratik əsasda təşkil edilmiş və sistemli fəaliyyət göstərən yerli özünüidarə orqanı olmayıb.

Bu məsələ ilk dəfə mərhum prezident Heydər Əliyevin şəxsən iştirakı  və sədrliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də keçirilən Azərbaycan Respublikası referendumunda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb.

Bələdiyyələrin formalaşdırılması, onların işinin təşkili, səlahiyyətləri, müstəqilliyinin təmin olunması məqsədilə 2 iyul 1999-cu ildə “Bələdiyyərin status haqqında”, “Bələdiyyələrə seçkilərin qaydası haqqında” və 15 oktyabr 1999-cu ildə “Bələdiyyələrin Nümunəvi Nizamnəməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edildi.

Lakin bələdiyyələrin yaranmasından artıq illər ötməsinə baxmayaraq, onlar bu gun də bir sıra problemlərlə qarşılaşırlar. Ayrı-ayrı bələdiyyələrin fəaliyyəti qismən istisna olmaqla, bütövlükdə respublika bələdiyyələrində canlanma hiss olunmur. Bunun başlıca səbəblərindən biri isə özünü idarəetmə sisteminin  inkişafında vacib olan kadr probleminin tam həllini tapmamasıdır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2008-ci il iyun ayında bələdiyyə sədrlərinin ikinci Ümumrespublika toplantısındakı çıxışında deyib: “Bələdiyyələrin inkişafı bələdiyyə üzvlərinin və qulluqçularının idarəetmə qabiliyyətindən, peşəkarlıq səviyyəsindən bilavasitə asılıdır. Onların müvafiq tədris kurslarına cəlb edilməsi ilbəil artır. Lakin bu artım daha çox olmalıdır. Bələdiyyələr və onların milli assosiasiyaları bu işdə diqqəti artırmalıdırlar”.

Bütövlükdə cəmiyyətdə demokratikləşmə prosesinin ümumi vəziyyətini əks etdirən bu problemlər bir tərəfdən obyektiv olaraq müstəqil dövlətçilik təcrübəsinin azlığı, yerli özünü idarəetmə sahəsində ənənələrin olmaması, cəmiyyətdə demokratik şüurun və demokratiya mədəniyyətinin nisbətən aşağı səviyyəsi, vətəndaş təşəbbüskarlığının zəifliyi ilə bağlı olsa da, digər tərəfdən əsasən bələdiyyə idarəçiliyi sahəsində yüksək ixtisaslı mütəxəssis kadrların çatışmaması ilə əlaqədardır.

Azərbaycanın zəngin təbii sərvətləri var. Onlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar. Təbii sərvətlərdən və daxili potensial imkanlardan istifadə edən hər bir qurum dövlər büdcəsinin və yerli bələdiyyə büdcəsinin formalaşmasında iştirak etməlidir. Lakin statistic faktlar göstərir ki, əksər bələdiyyələr öz büdcəsinə gəlir gətirmədiyi halda, dövlət tərəfindən  ayrılan dotasiyanın böyük hissəsi bələdiyyənin və onların fəaliyyətsiz icra strukturlarının saxlanılmasına yönəldilmişdir. Bu tamamilə yanlış yanaşmadır. Məlumdur ki, dövlətin ayırdığı dotasiya vəsaitləri bələdiyyə üzvlərinin və qulluqçularının maaşına, yaxud digər cari xərclərə deyil, məqsədli social proqramların həllinə sərf edilməlidir.

Bunlar həmin bələdiyyələrdə çalışan şəxslərin qanunları bilmədiklərini və təşkilatçılıq bacarıqlarının olmadığını göstərir. Bu problemlərin məqsədli həli üçün peşakar və işgüzar kadr potensialına ehtiyac yaranır.

Ölkədə yerli özünü idarəetmə sisteminin inkişafına manə olan səbəblərin böyük bir hissəsi davranış amili ilə əhalinin bələdiyyə idarəçiliyi prinsiplərini həyata keçirməyə kifayət qədər hazır olmaması ilə bağlıdır. Təəssüf  ki, uzun illər ərzində mövcud olmuş sistem respublikamızda özünüidarəetmə ideyalarını insanların şüurundan praktik olaraq tamamilə silə bilmişdir. Ona görə də bu gün vətəndaşların yerli özünü idarəetmə ilə bağlı səthi təsəvvürləri vardır. Əhali nəinki yerli özüunuidarəetmənin qanunla müəyyən olunmuş imkanları haqqında , həm də yerli özünüidarəetmənin həyata keçirilməsi sahəsində öz rolunun əhəmiyyəti haqqında çox şeyi bilmir. Məhz buradan da əhalinin idarəetmədən və yerli əhəmiyyətli məsələlərin həllindən ayrı düşməsi baş verir, hakimiyyət orqanlarına və elan olunan proqramlara ümumi inamsızlıq, yerli özünüidarəetmə orqanları ilə demokratik qarşılıqlı əlaqələr  sahəsindəvərdişlər yarana bilmir və yaxud dab u vərdişlər üçün faktiki təşəbbüslər yetərsizdir.

Azərbaycanın təhsil sistemində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə hazırlanan kadrların peşakarlıq və idarəetmə sahəsində lazımi biliklrər və praktiki vərdişlərə yiyələnmələrini təmin etmək məqsədilə bələdiyyələr üçün qabaqlayıcı kadr hazırlığı proqramları işlənib hazırlanmalıdır. Tədris planı idarəetmənin əsas funksional sahələrini, o cümlədən dövlət və bələdiyyə idarəçiliyinin xüsusiyyətlərini, beynəlxalq təcrübəni, maliyyə-iqtisadiyyatın, vergi sistemini dövlət tənzimlənməsi, dövlət və bələdiyyə qulluğunun idarə olunması, informasiya, hüquq, insan ehtiyatlarını idarə olunması və s. əhatə edilməlidir.

Hazırda biz ümud edirik ki, bütün bu işlər bələdiyyə institutlarının yenidən təşkili prosesinə təkan verəcək, bələdiyyələr öz ərazilərində yaşayan əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Leyla Quliyeva,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı