Modern.az

Böyük qələbəyə inamla

Böyük qələbəyə inamla

Aktual

5 May 2014, 21:57

Yaxın hərb tariximizin parlaq səhifələrindən biri, Horadiz əməliyyatından 20 il keçir


...12 iyul 2008-ci il. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsinin iştirakçıları Füzuli rayonuna səfər etmişdi. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə rayon ərazisində məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbəsi ilə tanış oldular, N saylı hərbi hissədə, cəbhə xəttindəki əsgərlərimizlə görüşdülər. Mən bu səfəri AzTV-nin “Xəbərlər” proqramının əməkdaşı kimi izləyirdim. Tədbirlərdən sonra Əli müəllim Cəbrayılın ermənilərdən azad edilən Cocuq Mərcanlı kəndinə gedib oradakı ailələrlə görüşməyimizi məsləhət gördü. Tərəddüd etmədən operator Tofiq Ağayev və bir hərbçi ilə cəbhə xəttinə, düşmənin bizdən zorla ayırdığı Vətən torpağının bir parçasına, Cocuq Mərcanlıya yola düşdük. Bu, həmin Cocuq Mərcanlı idi ki, 1994-cü il yanvarın 5-də yaxın hərb tariximizdə azadlıq döyüşü kimi qalan uğurlu “Horadiz əməliyyatı” zamanı ermənilərdən azad edilmişdi...

Yolboyu ürək dağlayan mənzərələr bir-birini əvəz edirdi. Kəndlər yaman gündə idi: ermənilər bu kökə salmışdılar, cəmi bir ilə var-dövlətini talayıb, torpağını yandırmışdılar. Milli Ordumuzda xidmət edən 19 yaşlı sürücünün bu yerləri beş barmağı kimi tanıması isə adama təskinlik idi sanki. O, şimal bölgəsində böyüsə də, bu yerlərin hər cığırına bələd idi: “Baxın, bu, Füzulinin Mirzənağılı kəndidir. Cocuq Mərcanlı ilə iç-içə olan bir kənddir. 1993-cü ilin oktyabrında işğal olunub, bir neçə aydan sonra, Horadiz əməliyyatı zamanı Milli Ordumuz erməniləri bu kənddən də qovub”.

...Bu da Cocuq Mərcanlı – Cəbrayılın bizdə olan yeganə kəndi. (Rayonun 96 kəndi hələ də erməni tapdağı altındadır – F.N.) 12 ailə yaşayır bu kənddə (Statistika 6 il əvvələ aiddir, indi, bəlkə, daha çoxdu onlar – F.N. ). Kəndləri azad olunan kimi öz xoşları ilə geri qayıtmışdılar, heç hara da getmək fikrində deyildilər. Sözün düzü, o vaxt düşmənlə üz-üzə, onun gözünə dik baxaraq öz ev-eşiyində yaşamağı hər şeydən uca tutan bu qeyrətli soydaşlarımızla görüş məni heyrətləndirmişdi, kövrəltmişdi, qürurlandırmışdı. Bu, yurd sevgisinin bütün sevgilərdən ucalığını sübut edən ali bir məqam idi! Bu, geri QAYIDIŞ idi!..

6 ildən sonra ilk dəfə idi ki, Füzuliyə, Horadizə gedirdim. Bu dəfə gördüklərim isə 6 il əvvəl Cocuq Mərcanlıda gördüyüm QAYIDIŞ deyildi, BÖYÜK QAYIDIŞ idi...

Horadizi qarış-qarış gəzdim. Qazaxlar, Mirzənağılı, Kərimbəyli, Böyük Bəhmənli, Bala Bəhmənli... kəndlərində oldum. Bu dəfə kövrəlmək, filan yox idi, sevinc, fəxarət hissi digər duyğulara hakim kəsilmişdi. Amma əvvəlcə gördüklərimdən yox, bildiklərimdən və eşitdiklərimdən yazacağam...   

Ən qədim insan məskənlərindən biri

İxtisasca jurnalist olan, uzun illərdir Füzuli RİH-də işləyən və “Qayıdış” qəzetinin baş redaktoru Məcnun Namazəliyevdən eşitdiklərim bildiklərimi üstələdi. Bu kişi elə bil canlı kitabdır. Qarabağın, onun bir parçası Füzulinin tarixini, yaxın dünənini şagird vurma cədvəlini əzbər bilən kimi bilir...   

Rayonun ilkin adı Qarabulaqdı. Sonra Qaryagin, daha sonra isə Füzuli adlandırılıb. Füzuli qədim tarixi, maddi mədəniyyət abidələri, memarlıq nümunələri ilə çox zəngindir. Azıx mağarasının adını çəksək, kifayətdir. Rayonun 15 kilometrliyində yerləşən bu mağara keçmiş SSRİ-də 1-ci, dünyada 4-cü qədim insan məskənidir. Təkcə bu fakt Azərbaycanın ən qədim insan məskənlərindən biri, sivilizasiyanın beşiyi olduğunu sübut edir.

Füzuli sovet dönəmində Qarabağın ən abad şəhərlərindən biri olub. Bir şəhər, bir qəsəbə, 82 kəndi olan rayonun 100 minə yaxın əhalisi vardı. Bu insanlar ürəklərindəki torpaq, yurd sevgisi ilə qurub-yaradır, əkib-biçir, rayona şan-şöhrət gətirirdilər. Füzulinin əmək qəhrəmanları bütün ölkə miqyasında tanınırdı. İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova daha çox məşhur idi. Məcnun müəllim deyir ki, rayonun 28 nəfər Sosialist Əməyi Qəhrəmanı vardı. Füzulidə sənaye sahələri də geniş inkişaf etmişdi. Bakı-Horadiz dəmir yolu və Bakı-Füzuli təyyarə reysi rayonun sosial-iqtisadi inkişafının göstəricisi idi. Rayon təhsilinin səviyyəsi, ədəbi-mədəni mühitinin qaynarlığı ilə də fərqlənib. Füzuli teatrının səhnəsində dahi Üzeyirin əsərləri oynanılıb, Hüseynqulu Sarabski sevimli Məcnun rolunu bu teatrın səhnəsində dəfələrlə oynayıb. 1940-1953-cü illərdə teatr bu ustad sənətkarın adını daşıyıb. Teatrın səhnəsində Seyid Şuşinski, Sidqi Ruhulla, Ağabala Abdullayev, Mürşüd Haşımlı kimi sənətkarlar yetişib. Xalq yazıçısı İlyas Əfəndiyevin əsərləri, həm də Füzuli teatrının səhnəsini zənginləşdirib. Bir sözlə, rayondan çıxan alimlər, ədəbiyyat, söz, sənət adamları da bu torpağa başucalığı gətiriblər. Füzulililər indi də bu torpağın yetirdiyi böyük ziyalılar, ictimai-siyasi xadimlərlə haqlı olaraq fəxr edirlər...

İnsanların taleyini, həyatını dəyişən müharibə...

20-ci əsrin sonlarında tarixə ən faciəli münaqişələrdən biri kimi daxil olan Ermənistanın Azərbaycana elan olunmamış müharibəsi milyonlarla insanın taleyini, həyatını dəyişdi, o cümlədən füzulililərin. Bu müharibə Füzuli sakinlərinin də dinc həyatına, rahatlığına, qaynar fəaliyyətinə, qazandığı nailiyyətlərə son qoydu...

1993-cü il avqustun 23-də ermənilərin genişmiqyaslı hücumları nəticəsində Füzuli şəhəri və ətraf kəndlər işğal olundu. Füzulidə Horadiz adlandırılan iki yaşayış məntəqəsi var: şəhərin yaxınlığında yerləşən Horadiz kəndi – bu kənd hazırda işğaldadır və Araz çayı boyu İranla həmsərhəd ərazidə yerləşən Horadiz qəsəbəsi. 1993-cü il sentyabrın əvvəllərindən bir neçə istiqamətdə Araz boyu yaşayış məntəqələrinə doğru irəliləyən ermənilər oktyabrın 23-də böyük strateji əhəmiyyətə malik Horadiz qəsəbəsini də ələ keçirirlər. Bundan sonra isə görməmiş kimi daraşırlar Horadizin canına, azərbaycanlıların var-dövlətini talayır, sənaye əhəmiyyətli müəssisələri, inzibati və yaşayış binalarını yandırır, neft bazasını, pambıqtəmizləmə zavodunu, dəmiryol vağzalını dağıdırlar...

Füzuli uğrunda qanlı döyüşlərdə minlərlə füzulili qəhrəmanlıqla vuruşdu, 736 nəfər şəhidlik zirvəsinə ucaldı, 181 nəfər itkin və girov düşdü, 1240 nəfər əlil oldu. Erməni işğalı rayona 5,5 milyard ABŞ dolları məbləğində ziyan vurdu, rayonun 84 yaşayış məntəqəsindən 62-si işğal olundu...

Erməni işğalının gətirdiyi fəlakətin ən amansızı öz isti ocağının, yurd yerinin itkisi idi. 55 min nəfərdən çox füzulili doğma torpaqlarından qovuldu. İnsanların öz Vətənlərində yaşamaq, işləmək, qurub-yaratmaq haqqı əllərindən alındı, köçkünlük, didərginlik başladı. İllər uzunu qurulan abad şəhər xarabalığa çevrildi. Müharibə bu yurdun da gözəlliyini soldurdu. Bu gözəlliyin yerində altı üstünə çevrilmiş şəhər, məhv edilmiş insan həyatı qaldı...

 “Hər kəs müsəlləh əsgər olmalıdır...”

1993-cü ilin payızı. Bir tərəfdən erməni işğalının ağır nəticələri, dağıntılar, bir milyon qaçqın və məcburi köçkün, digər tərəfdən hökm sürən iqtisadi-siyasi xaos Azərbaycanı böyrü üstə qoymuşdu. Xalqın arxalandığı, güvəndiyi liderini – Heydər Əliyevi Prezident seçməsi bu gərginliyə bir işıq saldı. İnsanlar bu seçimləri ilə ölkəni bu ağır vəziyyətdən yalnız onun xilas edə biləcəyinə inanırdılar. Və yanılmadılar. Heydər Əliyev elə ilk gündən əhalini təşviş və qorxu hissindən qurtardı, müdrik qərarlar qəbul etdi. Ən vacib məsələ müharibəni dayandırmaq idi, çünki digər rayonların işğal təhlükəsi hələ də qalırdı. 1993-cü il noyabrın 2-də xalqa müraciət edən Heydər Əliyev hər kəsi torpaqların xilasına səslədi. “Hər kəs müsəlləh əsgər olmalıdır, bundan artıq vəzifə yoxdur” dedi. “Orduya çağırış” adı ilə tarixə düşən bu müraciət Füzuli sakinlərini də qələbəyə ruhlandırdı, qayıdışa inandırdı. Bu çağırış təkcə Füzulini yox, bütün ölkəni səfərbər etdi, bütün bölgələrdən igidlər Füzuliyə axışdılar, silaha sarılaraq döyüş meydanına atıldılar. Heydər Əliyevin o ağır günlərdə cəbhə xəttinə səfərləri əsgərlərə ruh verirdi. Bəli, məğlubiyyət sindromunu sındırmaq üçün hücum və qələbə hava-su kimi lazım idi. Heydər Əliyevin müdrikliyi bu missiyanı gerçəyə çevirdi...

Horadiz əməliyyatı – azadlıq savaşı...

1993-cü ilin dekabrında ermənilərin Füzulinin Arazboyu sonuncu kəndlərini işğal etməsi Beyləqanın işğalı üçün təhlükə yaratmışdı. Beyləqanın işğalı ağır nəticələr verə bilərdi, çünki digər işğal olunmuş rayonlardan olan məcburi köçkünlər Beyləqan və İmişlidə məskunlaşmışdı. Heydər Əliyev qəti qərar verdi: hücum və qələbə. Bu qətiyyət Azərbaycan Ordusunun əsgərlərinə qol-qanad verdi. Onlar qanlı döyüşə məhz “Vətən uğrunda”, “Heydər Əliyev uğrunda” şüarları altında gedirdilər. Azərbaycan Ordusu qısa müddətdə düşmənə ağır zərbələr vurdu. Həlledici döyüş 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə oldu. 4 istiqamətdən hücum edən Azərbaycan Ordusu erməniləri vahiməyə saldı, 702 saylı hərbi hissənin qəhrəman əsgərləri ermənilərə aman vermədi. Ordumuz 25 kilometr irəlilədi. Horadiz qəsəbəsi və Füzuli rayonunun 22 Arazboyu kəndi, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Azərbaycan Ordusu Xudafərin körpüsünə qədər irəlilədi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Düşmən böyük itki verərək döyüş meydanını məğlubiyyətlə tərk etdi, çoxlu sayda silah-sursatını meydanda qoyub qaçdı. Horadiz səmasında üçrəngli Azərbaycan bayrağı dalğalandı...

1993-cü il dekabrından yanvarın 6-dək davam edən Horadiz əməliyyatında Azərbaycan Ordusu 17 şəhid verdi, 43 əsgərimiz yaralandı. Pəhlivan Fərzəliyev, Rasim İbrahimov, Seymur Məmmədov, Elxan Zülfüqarov, Faiq Rəfiyev, Bəşir Kərimov öz adlarını tarixin səhifəsinə Azərbaycanın Milli Qəhrəmanı kimi yazdılar.

Horadiz əməliyyatı yaxın hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun Qarabağ müharibəsində həyata keçirdiyi ən uğurlu əməliyyat kimi tarixə düşdü. Bu əməliyyat, həm də onu göstərdi ki, Heydər Əliyev tək bir kəlməsi, tək bir sözü ilə minləri, milyonları öz ətrafına toplamaq qüdrətinə malik bir liderdir. Məhz insanları öz ardınca apara bilən belə bir liderin yoxluğu xalqımızın ağır məğlubiyyətlərinə, torpaqlarımızın işğalına səbəb olmuşdu...

Düşmənə daha ağır zərbə – Qayıdış...

Horadizin azad edilməsindən sonra ulu öndər Heydər Əliyev daha bir qətiyyətli qərar verdi: ermənilərin viran qoyduğu ərazilər bərpa edilməli, əhali öz doğma evlərinə qayıtmalıdır. Bu, düşmənə ikinci – daha ağır zərbə ola bilər. Beləcə, Prezident Heydər Əliyevin Sərəncamlarına əsasən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldü, bütün infrastruktura malik qəsəbələr salındı, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikildi, yollar, körpülər çəkildi, elektrik və suvarma sistemləri yaradıldı. 2003-cü ildə rayon ərasizində Qayıdış adlı 11 qəsəbə inşa edildi.

Horadizdə də ilk evlər bərpa edildi, abadlıq-quruculuq işləri aparıldı, ailələrin geriyə QAYIDIŞı başladı...

Ulu öndər Ordu quruculuğunda da dönüş yaratdı. 1994-cü ilin mayında cəbhədə atəşkəsə nail oldu, Ordu quruculuğu işini daha da sürətləndirdi. Müdrik dövlət xadimi yaxşı bilirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqların azad edilməsi, qaçqın və məcburi köçkünlərin yurdlarına qayıdışı güclü iqtisadiyyat və qüdrətli ordudan keçir. Həmin illərdə bütün istiqamətlərdə görülən işlər isə sonrakı illər üçün də möhkəm təməl oldu...

Horadiz şəhəri...

Füzuli RİH-nin başçısı Alı Alıyev da bu yurdun övladıdır, bu torpaqda doğulub, burada böyüyüb. Taleyi də, fəaliyyəti də bu torpaqla bağlıdır. Füzulinin ağır günlərini öz gözləri ilə görüb, erməni işğalının ağrı-acısını çəkib, Horadiz əməliyyatının qürurunu yaşayıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə aparılan quruculuq işlərindən, əhalinin öz doğma yurduna QAYIDIŞından böyük fərəhlə danışır...   

Cəbhəyanı və sərhəd rayonu olan Füzulidə daha genişmiqyaslı quruculuq işləri aparılıb. Dövlət başçısının Sərəncamları ilə rayonda yeni qəsəbələr, o cümlədən 5 qəsəbə 2104 evdən ibarət Zobucuq qəsəbəsi salınıb, Füzulidən olan məcburi köçkünlər həmin qəsəbələrə köçürülüb. Həmçinin işğaldan azad edilmiş kənd və qəsəbələrdə minlərlə ev bərpa edilib, öz sahiblərinin ixtiyarına verilib. Dövlət qayğısı onları yenidən Füzuliyə qaytarıb.

Prezident İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Sərəncamına əsasən Horadiz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Horadiz qəsəbəsinə şəhər statusu verilib, onun yenidən qurulması istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər Füzuli rayonunun inkişafı istiqamətində görülən tədbirlərin tərkib hissəsi idi. Prezident İlham Əliyevin Füzuliyə, Horadizə dəfələrlə səfər etməsi, burada aparılan abadlıq-quruculuq işlərinin gedişini nəzarətdə saxlaması, yeni obyektlərin açılışını etməsi onun düşmənlə üz-üzə mətin dayanan füzlililərə həssas münasibətinin göstəricisidir. Dövlət rəhbərinin: “Siz düşmənlə üz-üzə yaşayırsınız. Sizin kəndlərinizin bir hissəsi təmas xəttinə lap yaxınlıqda yerləşir. Yəni bu, böyük bir cəsarət tələb edir. Böyük fədakarlıq, vətənpərvərlik tələb edir. Siz bütün bu təhlükələrə baxmayaraq, öz doğma torpağınızda yaşayırsınız, yaradırsınız, abadlaşdırırsınız buraları, böyüdürsünüz, Azərbaycanı inkişaf etdirirsiniz, ona görə siz ən böyük hörmətə layiq olan insanlarsınız” fikri bütün füzulililərə qol-qanad verir.

Hazırda Füzulinin 120 min əhalisi var, onun 54 min nəfəri respublikamızın 8 rayon və şəhərində məskunlaşıb. 1994-2012-ci illərdə 66 min sakin doğma yurduna – Füzuliyə qayıdıb. 8 min nəfər Horadiz şəhərində, qalan əhali isə bərpa olunan kəndlərdə yaşayır. Bu isə o deməkdir ki, Füzuli yenidən tikilir, yenidən ucalır.

“Dünyaya sübut edəcəyəm ki, bu Vətən mənimdir...”

Horadiz müasir bir şəhər kimi gördüm: suyu, qazı, elektrik enerjisi, abad yolları, müasir iş yerləri, bir sözlə, mükəmməl infrastruktura malik bir şəhər kimi. Şəhərin gözəlliyi, abadlığı, təmizliyi, səliqə-sahmanı, qaynar həyatı ilk baxışda onun cəbhə bölgəsində olmasını, düşmənlə təmas xəttində yerləşməsini unutdurur. İnsanlar bu şəhərdə özlərini rahat hiss edirlər. Müxtəlif idarə və təşkilatlar üçün tikilən müasir binalar: YAP rayon təşkilatının inzibati binası, Heydər Əliyev mərkəzi, Gənclər Mərkəzi, Mədəniyyət sarayı, Muğam mərkəzi, İdman Kompleksi, şahmat məktəbi, istirahət mərkəzləri, otellər təkcə zahiri görkəmi ilə deyil, qaynar iş rejimi ilə də lap elə paytaxtdakı anoloji məkanlardan fərqlənmir. Heydər Əliyev parkı el şənliklərinin, bayramların, kütləvi tədbirlərin keçirilməsi üçün gözəl məkana çevrilib. Rayon gənclərinin nümayəndələri ilə Gənclər Mərkəzində söhbət edirik. YAP Füzuli Rayon Təşkilatı Gənclər Birliyinin sədri Tural Nəbiyev iftixarla deyir ki: “Biz öz yurdumuzu yenidən qurur və qoruyuruq. Prezidentimizin rəhbərliyi ilə aparılan abadlıq-quruculuq işləri o deməkdir ki, Qarabağa doğru irəliləyirik.” Rəvan Cəfərzadənin fikrincə isə: “Bu yurdun sakinlərinin ruhunu silah gücünə işğal etmək olmaz, qəlblərindəki Vətən sevgisini dondurmaq olmaz. Bu ruh, bu qətiyyət isə QƏLƏBƏni yaxınlaşdırır, böyük QAYIDIŞın yolunu qısaldır”.

Horadiz şəhər 3 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ildə tikilib. 240 şagird yerlik bu təhsil ocağı paytaxtdakı məktəblərdən heç nə ilə geri qalmır. Məktəbin şagirdlər Füzulinin işğalından sonra anadan olublar, amma öz Vətənlərinin tarixinə biganə deyillər. 10-cu sinif şagirdi Rəqsanə Əhmədova qərarında qətidir: “Tarixçi olmaq istəyirəm. Bu yerlərin tarixini dərindən öyrənib dünyaya sübut edəcəyəm ki, bu Vətən mənimdir.”

Füzuli rayonu tarix-diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialını yaradan Elçin Əhmədov isə Füzulinin daş yaddaşını uşaqların hafizəsinə köçürür. Onun öz torpağına böyük sevgi ilə topladığı qədim eksponatların hər biri bu məmləkət haqqında bir tarix danışır.

Bütün bu gördüklərim və eşitdiklərim Prezident İlham Əliyevin bir fikrini yada salır: “Ermənistanda hətta müxtəlif rəhbər dairələrdə belə bir fikir formalaşır ki, artıq 20 ilə yaxındır, danışıqlar gedir, hələ bir 10 il davam etsin, bir 10 il də davam etsin və biz burada sadəcə bir imitasiya ilə məşğul olaq. Vaxt keçdikcə azərbaycanlılar o bölgələri unudacaqlar, yeni nəsil dünyaya gələcək, o bölgə ilə bağlı olmayacaqdır. Bütün bu fikirlərin qarşısına Azərbaycan xalqı öz iradəsini qoyur. Ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz...”

Belə bir mədəniyyəti olan xalqın yurdunu basqı altında çox saxlamaq olmaz... 

Erməni işğalı Füzuli teatrını doğma səhnəsindən didərgin salsa da, Azərbaycan dövləti onları yenidən sevimli teatrlarına qaytarıb, sənət adamlarına gözəl bir teatr səhnəsi bəxş edib. Teatrın direktoru Vaqif Vəliyev deyir ki, hər il 4 yeni tamaşa hazırlayırıq. Teatrın aktyorlarının hamısı da yerli kadrlardır. Vətən sevgisi kimi sənət sevgisi də onların qəlbini tərk etməyib. Gənc aktyor Elçin Əhmədov fəxrlə “Füzuli teatrının bugünkü tarixini biz gənclər yazırıq” söyləyir.

Horadizdəki möhtəşəm Muğam mərkəzindən indi hər gün musiqi səsi eşidilir. Bu bənzərsiz musiqini, Azərbaycan muğamlarını, təkrarsız səsləri iki addımlıqda marığa yatan ermənilər də yaxşı eşidirlər. İndi bu Muğam mərkəzində də yeni istedadlı nəsil yetişir. Ötən il Heydər Əliyev Fondunun  dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən 4-cü muğam televiziya müsabiqəsinin bir seçim həftəsinin muğamın beşiyi Qarabağda, Füzulidə, məhz bu möhtəşəm Muğam mərkəzində keçirilməsi və Azərbaycan Televiziyası ilə birbaşa yayımlanması isə daha ciddi mesajlardan xəbər verirdi: belə zəngin mədəniyyətə, belə əsrarəngiz musiqiyə sahib olan xalqın yurdunu basqı altında çox saxlamaq olmaz...

Əsl vətənpərvərlik nümunəsi...

Horadiz İdman Kompleksində üzləşdiyimiz mənzərə isə həqiqətən, qürur duyulası bir mənzərədir: Qarabağın fəxri, karate üzrə iki dəfə Avropa, iki dəfə dünya çempionu İsrail Əsgərov Bakıdan Horadizə gəlib uşaqlara idmanın bu növünün sirlərini öyrədir, böyük sevgi ilə, yorulmadan onlarla məşq edir. Əsl vətənpərvərlik nümunəsi bax budur. Nəticə də ürəkaçandır: onun yetirmələri respublika, eləcə də dünya miqyaslı yarışlarda böyük uğurlar qazanırlar. Ümumilikdə, Horadiz İdman Kompleksində indi yüzlərlə uşaq və yeniyetmə idmanın müxtəlif növləri ilə məşğul olur.

İdman deyiləndə, həm də sağlamlıq yada düşür. Füzuli Müalicə Diaqnostika Mərkəzi isə sakinlərin sağlamlığına xidmət edir. Mərkəzin xidmətindən isə nəinki Füzuli və Horadiz şəhərinin sakinləri, eləcə də ətraf rayonlardan gələn insanlar istifadə edirlər. Xəstəxanada yaradılan şərait, tibbin ən son nailiyyətlərini özündə əks etdirən avadanlıq, 161 nəfərlik tibbi personal, 22 nəfərlik həkim heyəti əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verir. Hər gün bu Tibb Mərkəzində doğulan körpələr isə bu torpaqda şəhid olanların əvəzinə Tanrının Azərbaycana göndərdiyi təsəllidir, Füzulinin, Qarabağın gələcəyinə inamdır, ümiddir. Bu yurdun sabahkı sakinləri, qurucuları məhz bu körpələr olacaqlar.

“Məni Bakıdakı rahat işimdan ayırıb Horadizə gətirən doğma toprağıma sevgimdir…”

Prezident İlham Əliyevin Füzuli və Horadizdə yeni iş yerlərinin yaradılmasını, əhalinin məşğulluğunun təmin edilməsini diqqətdə saxlaması insanları, xüsusilə gəncləri öz torpağına, öz yurduna daha möhkəm bağlayır. Dövlət başçısının təşəbbüsü ilə yaradılan yeni istehsal sahələrindən biri də Qarabağ kəndindəki “Qarabağ Broyler” MMC-dir. Bu müəssisə ildə 2,5-3 min ton quş əti istehsal etmək gücünə malikdir. Burada 130 nəfərdən çox yerli sakin işlə təmin olunub. Onları işə aparıb-gətirmək üçün xüsusi avtobus ayrılıb, məvaciblərindən də razıdırlar. Müəssisənin rəhbəri Nəriman Əliyev Füzulinin Ayıbasanlı kəndindəndir. Füzulidəki faciələri öz gözləri ilə görüb, Horadiz əməliyyatında iştirak edib. Sonralar Bakıda işləyib, amma torpaq onu çəkib. Deyir, məni paytaxtdan bura gətirən doğma yurduma olan sevgimdir, gördüm ki, burada daha çox lazımam...

Qazaxlar, Kərimbəyli, Mirzənağılı kəndlərində gördüklərimiz isə bir başqa söhbətin mövzusudur. Millətimizin torpaq qeyrəti bu kəndəri yiyəsiz qoymayıb. Sakinlər az qala sərhədçilər, hərbçilərlə yan-yana yaşayırlar. İşğaldan azad olunandan sonra evlər bərpa olunub. Prezident İlham Əliyevin Sərəncamına əsasən Füzuli kəndlərindəki evlərin bərpası indi də davam edir. Qazaxlar kənd sakini Aynişan Mahmudova: “Dövlətimiz sağ olsun ki, evlərimizi bərpa edib, kəndin bütün əhalisi qayıdıb öz evində, obasında yaşayır.”

Kərimbəyli kəndində də hər kəs öz işindədir. Bu kənddə də heç kim həyatından, güzəranından narazı deyil. Deyirlər, qazımız, suyumuz, işığımız, dükanımız-bazarımız, nə lazımsa var, ən əsası, öz ata-baba ocağımızdayıq. Hamının başı işə-gücə qarışıb. Vəliyevlər ailəsi arıçılıqla məşğuldur, ötən il bu sahədən gözlədiklərindən çox məhsul götürüblər…

Kəndin Körpələr evi-uşaq bağçasına da baş çəkirik. Günorta çağıdır, gül balalar rahat uyuyurlar, axı iki addımlıqda Azərbaycan Ordusu, Azərbaycan əsgərləri var…

Bu kəndlərdə, həm də Azərbaycanın gələcəyi böyüyür, əsl vətəndaş kimi. Füzuli işğal olunanda doğulan uşaqlar indi igidlik yaşındadırlar və igidlik göstərməyə də hazırdırlar. “Ali Baş Komandanın əmrinə müntəzirik!” deyirlər…

Yeni ilə yeni ruhla…

Füzuli RİH-nin başçısı Alı Alıyev: “Düşmənlə üz-üzə olmasına baxmayaraq, füzulililər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını da uğurla həyata keçirirlər. 2013-cü ildə kənd təsərrüfatı məhsulları istehsalı üzrə göstəricilər də bunu təsdiq edir. Ötən il rayonda 110 min ton taxıl istehsal olunub, rayonun tarixində belə nəticə heç vaxt olmayıb. Bu uğurların əsas səbəbi Prezident İlham Əliyevin bu bölgəni daha çox diqqətdə saxlaması, bir də insanların öz doğma torpağına bağlılığındadır. 2014-cü ilə də yeni ruhla başlamışıq. Rayon İcra hakimiyyəti üçün inzibati bina, 10 hektar ərazidə Dövlət bayrağı meydanı, şəhidlərin xatirəsinə “Qəhrəmanlar” parkı, “31 mart soyqırımı” qurbanlarının xatirəsinə həsr edilmş abidə kompleksi, Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun çəkilişi, Qarabağ kəndi yaxınlığında alman texnologiyası əsasında iri südlük və ətlik heyvandarlıq kompleksi, 3-cü Zobucuq qəsəbəsində istehsal gücü gündə 40 ton olan çörək və un məmulatları zavodu, Horadiz şəhərində 100 çarpayılq uşaq bağçası, Veteranlar evi, toxuculuq fabriki, tarix-diyarşünaslıq muzeyi, Əhmədbəyli kəndində 350 şagird yerlik internat tipli musiqi təmayüllü gimnaziya və Qazaxlar kəndində 150 şagird yerlik tam orta məktəbin tikintisi davam edir, Heydər Əliyev parkının ərazisi genişləndirilir...”

Bəli, füzulililər BÖYÜK QƏLƏBƏYƏ İNAMLA qurub-yaradırlar öz torpaqlarında. Bu inamı onlara verən Azərbaycan dövlətin gücüdür, Azərbaycan Prezidentinin diqqət və qayğısıdır. Azərbaycan Ordusunun qüdrətidir, Ali Baş Komandanın qətiyyətidir.

Yenidən qurulan Bakı-Horadiz Dəmiryolu stansiyasında gecə-gündüz qatarlar şütüyür. Söylədiklərimi öz gözlərinizlə görmək istəyirsinizsə, həmin qatarların birində məmləkətimizin bu parçasına səfər edın...

Böyük QAYIDIŞ…

Ermənilər Füzulidə tariximizə, mədəniyyətimizə aid çox abidəni dağıdıb məhv ediblər, amma həmin abidələrin iki addımlığında yaşayan füzulililərin ürəklərində Vətənin böyüklüyünə qoyulan abidəni uçura bilməyiblər. Azərbaycan Prezidentinin qətiyyət və iradəsi ilə yenidən qurulan Füzulinin, Horadizin bu günü bir daha təsdiq edir ki, qurub-yaratmaq, abadlaşdırmaq Azərbaycan xalqına, Azərbaycan dövlətinə xas olan böyüklükdür. Dağıtmaq, məhv etmək erməni xislətidir. Füzulinin bu günü ermənilərə göz dağı olmaqla yanaşı, onları daim qorxu içində də saxlayır. Onlar müvəqqəti tutduqları torpaqları, həm də ona görə dağıdırlar ki, oradan qovulacaqlarını yaxşı anlayırlar. Bilirlər ki, bu torpağın sakinləri mütləq öz yurdlarına qayıdacaqlar. BÖYÜK QAYIDIŞ tezliklə gerçəyə çevriləcək – insanların ürəyindəki torpaq, Vətən sevgisindən güc alan BÖYÜK QAYIDIŞ...

Prezident İlham Əliyev: “Mən əminəm ki, biz bütün rayonları işğalçılardan azad edəndən sonra hər yerdə böyük quruculuq-abadlıq işləri gedəcək, bütün infrastruktur bərpa olunacaq, evlər, məktəblər tikiləcəkdir. Biz bunu edəcəyik. Bu gün Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində gedən proseslər deməyə əsas verir ki, biz buna daha da böyük miqyasda nail olacağıq.”

Son söz…

Azadlıq savaşından – Horadiz əməliyyatından 20 il keçir. İndi nə Azərbaycan 20 il əvvəlki ölkə, nə də Azərbaycan Ordusu 20 il əvvəlki Ordudur. Azərbaycan sürətli inkişafı, siyasi çəkisi, iqtisadi qüdrəti, hərbi gücü ilə dünyanın maraq mərkəzinə, bölgənin lider dövlətinə, beynəlxalq birliyin dəyərli üzvünə çevrilib. Azərbaycan Avropa və Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi layihələrin təşəbbüsçüsü və təşkilatçısı, Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Azərbaycanın adı dünyada azsaylı kosmik ölkələri sırasındadır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bu üzvlük üçün dünyanın 155 dövlətinin dəstəyini qazanıb. Bu gün Azərbaycan Ordusu Qafqazın, bölgənin ən güclü Ordusudur. Bu Ordu işğal altında olan torpaqlarımızı azad etmək qüdrətinə malik bir gücdür...

Bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyev dünyanın söz sahibi olan liderlərindən biridir…

Azərbaycan vətəndaşları da 20 il əvvəlki insanlar deyil. Onlar bir gecədə erməniləri 22 kənddən qovan qəhrəman sələflərindən çox-çox güclüdürlər, MÜBARİZdirlər…  

Yəqin Ermənistan bütün bunların fərqindədir…

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi