
Azərbaycan tarixində kişiliyi, mərdliyi, əyilməzliyi ilə örnək bir ömür yaşamış, özündən sonrakı nəsilə qəhrəmanlıq nümunəsi qoymuş məşhur şəxsiyyətlər çox olub. Belə sayılıb-seçilən simalar Qazaxın Şıxlı kəndində olan Şıxlınskilər (Şıxoğlular) tayfasından da çıxıb. Mən Şıxlinskilər tayfasının böyük oğullarından biri, Azərbaycanın xalq yazıçısı, el ağsaqqalı İsmayıl Şıxlının "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağa haqqında məlumat vermək istəyirəm.
Cahandar ağanın nəsil şəcərəsi Şıxoğluları Kamaloğullular ilə bağlıdır. Cahandar ağa 1853-cü ildə Qazaxın II Şıxlı kəndində dünyaya göz açıb, Yusif ağanın oğludur.
Cahandar ağa 2 qadınla evlənmişdi. Birinci həyat yoldaşı Müqəddənisə xanımdan Şəmiddin ağa (1878-1930), Şəmistan ağa (1885-1914), Daniyal ağa adlı 3 oğlu və Minə xanım, Afiyat xanım adlı 2 qızı dünyaya gəlmişdi.
Cahandar ağanın ikinci həyat yoldaşı Güllü xanımdan Əbil ağa (1885-1914), Qiyas bəy (1887-1972), Həsən ağa (1894-1980) adlı oğulları, Səltənət və Məleykə adlı iki qızı doğulub.
Cahandar ağa 1910-cu ildə Kürün o tayından gələn bir dostunun dəvəti ilə ona qonaq gedən zaman rus əsgərlərinindən ibarət bir qrupun pusqusuna düşür. Ruslar Cahandar ağanı güllə-barana tuturlar. Cahandar ağa öz atının belində Kürü üzə-üzə ruslara qarşı tüfəng və tapançasından atəş açmağa başlayır. 5 rus əsgərini öldürür, lakin özü Kür sularında düşmən gülləsindən şəhid olur.
Cahandar ağanın qəbri II Şıxlıda Bakı-Tibilisi şose yolunun, Sınıq körpüyə yaxın hissəsində - yolun sağ kənarında yerləşən köhnə qəbirstanlıqdadır. Cahandar ağanın başdaşı bir az əyilmiş vəziyyətdədir. Üstündə tüfəng və xəncər şəkli əks olunub.
Azərbaycan tarixində böyük bir səhifəyə malik Şıxlınskilərin böyük oğullarından biri Cahandar ağanın qəbrinə və qəbir daşına biganəlik gördüm. Cahandar ağanın qəbir daşını tam düzəltmək, onun ətrafına hasar çəkmək gec də olsa, lazımdır. "Dəli Kür"ü oxuyan hər bir gənc Cahandar ağanın qəbrini və başdaşını əyilmiş vəziyyətdə gördükdə görəsən nə düşünər?
Əziz "Dəli Kür"ün oxucuları, Cahandar ağanın qəbrini və başdaşının şəklini sizə təqdim edirəm. Yolunuz Qazaxa, IIŞıxlıya düşsə, Cahandar ağanı ziyarət etməyi unutmayın.


Fəxrəddin Vəlizadə