Modern.az

"Milli borinajlılar" - ali təhsilli fəhlələr

"Milli borinajlılar" - ali təhsilli fəhlələr

6 May 2014, 10:28

 Amerika yazıçısı İrvinq Stounun Niderland rəssamı Vinsent van Qoqun həyat və yaradıcılığına həsr olunmuş "Yaşamaq yanğısı" adlı bioqrafik povestində,  yaradıcılığı mənsub olduğu cərəyanın sərhədlərini aşmaqla, bütünlükdə dünya təsviri sənətinin parlaq səhifələrindən birini təşkil edən dünya şöhrətli fırça ustasının özünü rəssam kimi kəşf etdiyi bölgədən bəhs edən ayrıca bir fəsil var. Bu bölgə Belçikanın ucqarında yerləşən Borinajdır. Burada insanlar ağır zəhmət müqabilində həyatla ölüm arasında çarpışa-çarpışa, cüzi əməkhaqqı ilə dolanırlar. Çoxu da erkən yaşlarda ağır xəstəliyə tutularaq, səfalət içərisində dünyasını dəyişirlər. Buraya vaiz olaraq göndərilən van Qoq insanlara moizələrlə təsir etməyin mümkünsüz olduğunu anlayır və özünü bütünlüklə yaradıcılığa həsr edir.

Həyatımın başa çatmaqda olan tələbəlik dövründə paytaxtda kirayə yaşadığım üçün dəfələrlə milli "borinajlılar"la eyni süfrəni bölüşmüşəm. Hər birinin keçirdiyi ağır yaşam tərzinin canlı şahidi olmuşam. Həftəlik 30-40 manatla keçinən bir tələbədən borc istəyəcək qədər, səfil həyat sürən, sosial həyat burulğanının dərinliklərinə baş vuran bu şəxsləri gördükcə, Tanrının mənə bəxş etdiyi güzərana şükür etməkdən daha çox, bu şəxslərin həyat arzularını, yaşama həvəsləndirən stimulun nə olması haqda düşünüb-daşınmışam. Ağır zəhmət, uzun qidalanmadan keçən iş saatları, sığortasız əmək müqabilində gündəlik cəmi 10-15 manat əməkhaqqı alan bu şəxslərin canındakı ağrının, gecələr yatarkən inilti,  sızıltı ilə o tərəf- bu tərəfə qıvrıldıqlarının,  göz və qulaq şahidi olmuşam. Bəli, kapitalizm quruluşu hakimdirsə, mütləq o cəmiyyətin fəhlə sinfi də olmalıdır. Ancaq cüzi məvaciblə, ağır şərtlərlə, bu qədər ağır güzəran keçirmək, hansı humanizmə, bəşəri dəyərlərə sığar, axı... Onların sayı da lazım olduğundan çoxdur. Demək olar, yarısı ali təhsilli fəhlələrdir.


Sıradan bir işə qəbul olmaq üçün  hansısa  idarə və ya müəssisəyə müraciət etdikdə, əksər  hallarda "Səni bura kim göndərib" sualıyla qarşılaşırıq. İşə qəbul üçün əsas şərt də cavabın KİM! olmasıdır. Əgər o kim kreslodakına görə "heç kimdirsə" və ya cavab elə heç kimdirsə, qədəmin əksər hallarda ilk və son olur.  Bu sualın soruşulmadığı yeganə əmək sektoru isə tikinti sektorudur. Daş karxanalarıdır. Fəhləlikdir. Hamballıqdır!

Tələbə həyatımın ən ağır dövrü ucqar paytaxt kəndlərinin birində keçib.  Maddi imkan çatışmazlığından təhsil aldığım universitetin yerləşdiyi ərazidən təxminən 50 kilometr məsafədə, dostumun evində yaşayırdım. Günlərlə ifadə olunan bu kiçik zaman kəsiyində müxtəlif bölgələrdən olan şəxslərin sığınacaq tapdığı ( qeyd edim ki,  bir çox coğrafi xüsusiyyətlərinə görə orada yaşamaq insanın qərar verəcəyi son istinadgah ola bilər) bu ərazidə onlarla orta ixtisas, hətta ali təhsilli karxana fəhlələriylə ünsiyyətdə oldum. Hər biri yaşayış yeri seçimində olduğu kimi, iş seçimində də ən son addım atdıqlarını söyləyirdi. O zamankı İnşaat, hazırki Memarlıq və İnşaat Universitetinin məzunu olmuş, 45-50 yaşlarındakı şəxs hazırki vəziyyətini bəxtiylə bağlayacaq qədər, mühakimə qabiliyyətini itirmişdi. Həyatın ağır məşəqqətinə düçar olmuş bu şəxslərdən hər hansı dünyəvilik, bəşəri ideyalar gözləmək onların vücuduna, qabarın qalınlığından yara tökmüş əllərinə nəzər yetirdikdə, nə qədər absurd olduğu  təsdiqini tapır. Sısqa bədənli, simalarında xəstəliyin simptonları hiss olunan potensial meyitlərə baxdıqda,  insan özü də nihilizmə yuvarlanır.

Ali təhsilli fəhlə anlayışının populyarlığına görə Azərbaycan dünya ölkəri arasında ilk sıralarda qərarlaşır. Hər il Azərbaycan universitetləri müxtəlif istisaslardə 10 minlərlə mütəxəssis  hazırlayır. Bundan əlavə ali təhsilli fəhlə bolluğuna rəğmən, yüzlərlə orta ixtisas məktəbləri fəaliyyət göstərir. Müəyyən ixtisasa yiyələnən şəxslərin çoxu Rusiyanın qara bazarına üz tutacaqsa, bazarda kartof-soğan satacaqsa, yük maşınına daş dolduracaqsa, nəyə lazımdır,  bu qədər mütəxəssis hazırlamaq.

Bir vaxtlar Azərbaycanda gömrük ixtisasları dəbdə idi, o vaxt istənilən yeni açılan özəl universitetdə, o cümlədən bir çox qalmaqallardan sonra bağlanmış bəzi “ali məktəblər”də də bu ixtisaslar var idi. Bir sıra özəl universitetlər hətta tibb fakültəsi də yaratmışdılar. İndi isə dəbə neft müəndisliyi minib. Bir ara Neft Akademiyası ilə yanaşı, bu ixtisas üzrə Qafqaz Universiteti də tələbə hazırlamağa başlamışdı. Eyni addımı Xəzər Universteti də atdı və neft menecerləri hazırlamağa başladı. Bu azmış kimi Dövlət Neft Şirkəti də öz daxilində Bakı Ali Neft Məktəbi yaratdı və qəbul planına ilk 3 ixtisas sırasında neft mühəndisliyini də əlavə etdi. Bununla da, hazırda Azərbaycan ali məktəbləri hər il 300-ə yaxın neft mühəndisi yetişdirir ki, onların iş tapması müşküldür. Çünki son 3 ildə ARDNŞ 20 min işçisini ixtisar edib və yaxın üç ildə də daha 20 min işçinin ixtisara gedəcəyi gözlənilir.

Hələ keçən əsrin 80-ci illərindən Azərbaycan ali təhsil müəssisələrinin məzunları təyinatla o zamankı mərkəz olan Rusiyaya göndərilirdi. Lakin o dövrlərdə belə, ölkədə pedaqoji kadrların işlə təmin olunmasında problemlər vardı. Baxmayaraq ki, ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan cəmi 3-4 ali təhsil müəssisəsi var idi. Hazırda texniki, iqtisadi istisaslar üzrə formalaşmış universitetləri çıxmaq şərti ilə, ölkə universitetlərinin əksəriyyətində müxtəlif fənnlər üzrə müəllimlik ixtisası mövcuddur. Müəllimlər Institunun ucqar Qazax da daxil olmaqla, onlarla bölgədə filialı açılıb. Bütün bunlara rəğmən, hələ də orta məktəblərdə coğrafiya və informatika fənnlərini qeyri-ixtisaslı müəllimlər tədris edir. Hara gedir, loru dildə desək, axırı necə olur axı, bu diplom almaqla rəsmi mütəxəssis statusu qazanan şəxslərin? Təhsil aldığım məktəbdə 6 il ərzində tədris olunan coğrafiya dərsini ayrı-ayrı fənn müəllimləri tədris edirdi. Onların arasında hətta dil-ədəbiyyat müəllimi də vardı.

Diplomlu fəhlə mühitinə,  təhsilin mahiyyətinin maddiyatda deyil, katersisdə, mənəvi yüksəlişdə təcəssümünə tapması ilə haqq qazandırmaq olar ki,  bu da mövcud quruluşa nəzərən, həddən artıq utopist görünür. Təhsil də bir kapitaldır. Elmi kapital. O müvafiq mənfəət gətirmirsə, yararsızdır. Bu qədər təhsilli  fəhlə kontingentinə malik olmaqla qürur hissi keçirmək, yalnız meşşan maraqlarından tamamilə məhrum olub, utopik idealizmə qapılmaqla mümkün ola bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!