Modern.az

Azərbaycanda 110 bələdiyyə ləğv ediləcək

Azərbaycanda 110 bələdiyyə ləğv ediləcək

6 May 2014, 13:31

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasın gündəliyində 2 məsələ – “Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanun layihəsinin müzakirəsi yer alıb.

Qanun layihəsi barədə məlumat verən komitənin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycanda bələdiyyələrin yaradılması üçün 2 şərt var: “Şərtlərdən biri bələdiyyələrin fəaliyyəti üçün ərazi olmalı və həmin ərazidə ən azı 5 nəfərin yaşamasıdır. Ona görə də Azərbaycanda bələdiyyələrin sayı çox idi”.

Komitə sədri onu da əlavə edib ki, ilk vaxtlar ölkədə 2757 bələdiyyə fəaliyyət göstərirdi: “Sonradan qənaətə gəlindi ki, kiçik bələdiyyələr özlərini lazımi səviyyədə göstərə bilmir. Buna görə də 2009-cu ildə bələdiyyələrin sayı 1716-ya endirildi. Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir”.

A. Rəhimzadə qeyd edib ki, bu gün bələdiyyələrə torpaq xəritələrinin verilməsində müəyyən problemlər mövcuddur:
“Bu, əsasən Bakıda böyük problemdir. Bunun da əsas səbəbi burada dövlət və bələdiyyə əmlakının ayrılmasında çətinliyin olmasıdır. Belə olduğu təqdirdə gərək xüsusi mülkiyyətdə, eləcə də bələdiyyələrin, dövlət sərəncamında olan torpaqlar ayrılsın. Təbii ki, bunun nəticəsi olaraq bələdiyyələr dövlət reyestrindən keçməli və onlara şəhadətnamələr verilməyəcək. Bu məsələni Ədliyyə Nazirliyinin Bələdiyyələrin iş mərkəzinin fəaliyyətini dinləyərkən qabarıq şəkildə müzakirə etmişik”.

Məlumat üçün bildirək ki, Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Ağdaş - 15, Astara, Xaçmaz, Qax, Samux, Balakən - 2, Füzuli - 3, Goranboy, Quba, Şəmkir, Tərtər - 4, Zaqatala - 6, Şamaxı - 8, Gədəbəy - 11, Qəbələ rayonu üzrə 19 bələdiyyə birləşdirilib.

Qeyd edək ki, hər iki qanun layihəsi müzakirələrin sonunda parlamentin plenar iclasına tövsiyə olunub.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir