Modern.az

İşğal olunmuş ərazilərimizin təbii-iqtisadi potensialı və onun müasir vəziyyəti müzakirə olunub

İşğal olunmuş ərazilərimizin təbii-iqtisadi potensialı və onun müasir vəziyyəti müzakirə olunub

16 İyun 2010, 16:27

Modern.az saytı xəbər verir ki, bu gün Azərbaycan Sosial Rifah Partiyası (ASRP) və “Dağlıq Qarabağın azərbaycanlı İcması” İctimai Birliyi Atatürk Mərkəzində Milli Mətbuatımızın 135 illiyi, habelə 2010-cu ilin “Ekologiya ili” və “Qarabağ ili” elan edilməsi ilə əlaqədar “İşğal olunmuş Azərbaycan ərazilərinin təbii-iqtisadi potensialı və onun müasir vəziyyəti” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada millət vəkilləri, ziyalılar, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, beynəlxalq nümayəndəliklərin, habelə müvafiq icra hakimiyyəti orqanlarının, nazirliklərin və ali tədris müəssisələrinin təmsilçiləri iştirak ediblər. ASRP sədri, millət vəkili Xanhüseyn Kazımlı Azərbaycanın 22 ildən artıq bir dövrdə müharibə vəziyyətində yaşamasına baxmayaraq, son illər həm iqtisadi, həm siyasi, həm hərbi sahədə, həm də beynəlxalq əlaqələrin qurulması yönündə böyük inkişafa nail olduğunu və  bu baxımdan, Dağlıq Qarabağ münaqişəsi zəminində proseslərin ölkəmizin xeyrinə, ədalətin bərpa olunması istiqamətinə yönəldiyini dilə gətirib. Onun sözlərinə görə, Azərbaycanın hərtərəfli, genişmiqyaslı işləri sayəsində təcavüzkar Ermənistanın beynəlxalq aləmdə uzun illərdən bəri sürdürdüyü bəhanələri tükənmək üzrədir. Bu ölkənin, belə demək mümkünsə, “arqumentləri”, danışıqları davam etdirmək potensialı azalmaqdadır. “Nə qədər ikili standartlar olsa da, artıq Azərbaycan dövləti öz qətiyyətli fəaliyyəti nəticəsində bütün dünyaya sübut edə bilib ki, bu ötən 22 il ərzində Ermənistan və onun havadarları tərəfindən hansı haqsızlıqlarla üzləşib və üzləşməkdədir”, - deyə X.Kazımlı söyləyib. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir partiya olaraq özlərinin də əmək sərf etdiyini söyləyib. Deputat buna misal olaraq bir müddət öncə Mətbuat Şurası ilə birgə “Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində” adlı beynəlxalq konfrans təşkil erdiklərini, bu tədbirin yekunu olaraq 13 ölkənin nümayəndələrinin imzası və razılığı ilə Avrasiya ölkələri üzrə “Beynəlxalq Mətbuat və İnformasiya Həmrəyliyi Mərkəzi” təsis etdiklərini vurğulayıb: “Bugünkü tədbirimiz və bir neçə gün öncə kütləvi informasiya vasitələrində getmiş olan müsabiqə elanımız da məhz həmin mərkəzin fəaliyyət istiqamətlərindən biri kimi qəbul edilməlidir”.

BDU-nun professoru Tapdıq Həsənov bildirib ki, işğal altında olan ərazilərimiz yer kürəsinin, o cümlədən ölkəmizin elə bir hissəsidir ki, onun alt qatı da, üst qatı da insanlara, bütün canlı və cansız varlıqlara daimi yaşamaq imkanları verir: “Məhz elə bu səbəbdəndir ki, indi ermənilər və onların himayədarları həmin işğal olunmuş əraziləri mün cür bəhanələr ilə öz qanuni sahibinə - Azərbaycana, azərbaycanlılara qaytarmaq istəmirlər. Münaqişə Dağlıq Qarabağ konflikti adlansa da, işğal arealı həmin ərazi ilə yekunlaşmır. Konkret olaraq, işğal olunmuş Azərbaycan ərazilərinin 62 faizi Dağlıq Qarabağa aid ərazilər deyil. Bununla yanaşı, Azərbaycanın Qazax bölgəsinin bir neçə kəndi, o cümlədən Naxçıvanın Kərki kəndi erməni işğalı altındadır. İşğal nəticəsində həmçinin Horadizdən Zəngilana qədər 198 kilometr uzunluğunda Azərbaycan sərhədləri pozulub”. T.Həsənov həmçinin bildirib ki, təkcə Sərsəng su anbarının qabağının kəsilməsi nəticəsində 80 min əkinə yararlı Azərbaycan torpaqları susuz qalıb və bunun da nəticəsində, təqribi hesablamalara görə, son 18-20 il ərzində ölkəmizə 325 milyon manat məbləğində ziyan dəyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarə rəisi Möhübbət Qurbanov bildirib ki, ermənilərin işğalı nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, təxminən 17 min kvadrat kilometri zəbt olunub ki, bu da 900-ə yaxın yaşayış məntəqəsi deməkdir. Onun bildirdiyinə görə, işğal olunmuş 1,73 milyon hektar ərazinin 595,6 min hektarı kənd təsərrüfatına yararlı torpaqlar, 247,4 min hektarı meşə ilə örtülü, 10,1 min hektarı isə həyətyanı sahələr təşkil edir. Nazirlik rəsmisi qeyd edib ki, təkcə 2001-2006-cı illərdə işğal olunmuş 5 rayonumuzda 23 yanğın hadisəsi törədilib. Bununla belə, 2006-2009-cu illərdə 95,141 min hektar torpaq sahəsi yandırılıb ki, bu da təxminən 175 milyon AZN məbləğində ziyan vurulması deməkdir: “Ümumiyyətlə, Azərbaycanın təbii sərvətlərinin dağıdılması və talan edilməsi nəticəsində ölkəmizə təxminən 23,3 milyard manat məbləğində ziyan vurulub. Son illər işğal olunmuş ərazilərə xarici şirkətlər tərəfindən qoyulan investisiyaların həcmi 6 dəfə artıb. Təkcə 1999-2002-ci illər ərzində xarici şirkətlər tərəfindən işğal olunmuş ərazilərə qoyulmuş investisiyaların məbləği 85 milyon AZN-dən çox təşkil edir”.

Millət vəkili Qənirə Paşayeva bu tədbirin və elan olunmuş müsabiqənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq qeyd edib ki, Azərbaycan, Qarabağ həqiqətlərinin tam araşdırılmış yazılar şəklində tək xarici ölkələrə çıxarılması deyil, həm də onların ölkə daxilində çoxaldılaraq yayılması çox önəmlidir: “Bu yazıların ölkə daxilində də yayılmasına çox böyük ehtiyac var. Çünki, bu, bizim ilk növbədə yetişməkdə olan gənc nəsillərimizə, gəncliyimizə lazımdır. Öncə onlar bu yazılarla tanış olmalı, bilməlidirlər ki, əsl Azərbaycan, Qarabağ həqiqətləri nədən ibarətdir və onlar Azərbaycan uğrunda hansı ruhda böyüməlidirlər. Bu məsələdə, heç şübhəsiz, medianın, kütləvi informasiya orqanlarının da rolu, fəaliyyəti əvəzsizdir, danılmazdır. İnsanlarımız, xüsusilə gənclərimiz məhz hər şeyi, hər bir məlumatı, bilgini daha çox mediadan, kütləvi informasiya vasitələrindən, internetdən əldə edirlər və əldə etməkdə maraqlıdırlar. Ona görə hesab edirəm ki, Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı geniş, təhlilli araşdırma xarakterli yazıların Azərbaycan daxilində media quruluşlarında yayılmasına böyük ehtiyac var”.

Millət vəkili eyni zamanda qeyd edib ki, araşdırma xarakterli yazıların ölkə xaricində də yayılması böyük önəm kəsb edir: “Biz ermənilərlə təkcə hərbi, siyasi, iqtisadi müstəvilərdə müharibə aparmırıq. Biz onlarla, həm də informasiya müharibəsi, savaşı aparırıq. Belə demək mümkünsə,  informasiya savaşı bu müharibənin ən mühüm hissələrindən, həlqələrindən biridir”.

Digər millət vəkili Həvva Məmmədova isə Azərbaycan, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində bu tipli, ancaq beynəlxalq konfransın keçirilməsini məqbul sayıb və əlavə edib ki, bu tədbirin ilk öncə qardaş Türkiyədə reallaşdırılması daha məqsədəmüvafiq olardı.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı