Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurasında yazıçılarla görüş olub

QHT-lərə Dövlət Dəstəyi Şurasında yazıçılarla görüş olub

Qarabağ

16 İyun 2010, 22:55

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Yeni Yazarlar və Sənətçilər Qurumunun müraciətinə əsasən bir qrup Azərbaycan yazıçısı ilə görüşüb.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşü giriş sözü ilə açan Şura sədri A.Quliyev ölkədə ictimai sektorun və vətəndaş fəallığının inkişaf məsələləri, eləcə də QHT-lərin həyata keçirdiyi mədəniyyətlə bağlı layihələr haqqında danışıb. A.Quliyev qeyd edib ki, Şuranın maliyyələşdirdiyi 15 prioritet istiqamət üzrə layihələr cəmiyyətimizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ictimai sektorun inkişafına diqqət və qayğısının təzahürü kimi qiymətləndirilir və onların sırasında mədəniyyətə aid məsələlərə xüsusi diqqət verilir.

A.Quliyev Şuranın maliyyələşdirdiyi prioritet istiqamətlərdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və müharibənin xalqımıza vurduğu maddi və mənəvi ziyanlarla bağlı həqiqətlərin bədii və publisistik təsvir vasitələrilə dünya ictimaiyyətinə çatdırılmasında istedadlı qələm sahiblərinin əvəzedilməz rolunu vurğulayıb.

Görüşdə çıxış edən yazıçı və şairlər Ağacəfər Həsənli, Aydın Uluxanlı, Aydınxan Əbilov, Bəsti Əlibəyli, Əlisəmid Kür, Eyvaz Əlləzoğlu, İbrahim İlyaslı, Kəramət Şükür, Murad Köhnəqala, Rasim Qaraca, Rəşid Göyçə, Sara Nəzirova, Şaiq Vəli, Tofiq Qaraqaya, Zahid Sarıtorpaq, Zirəddin Qafarlı və başqaları müxtəlif təkliflər irəli sürüblər.

Səsləndirilmiş təkliflər sırasından mədəniyyətə aid Qarabağ və vətənpərvərlik mövzusu ilə bağlı yazıçıların dəyərli əsərlərindən ibarət toplunun nəşri, vətəndaş cəmiyyəti ideyalarının təbliğində qələm sahiblərinin potensialından istifadə edilməsi, kitab təbliğatı ilə bağlı xüsusi televerilişin hazırlanmasına yardım, kitaba və bədii ədəbiyyata marağın artırılması məqsədilə oxucu yarışmalarının keçirilməsinə dəstək, bəzi ədəbiyyat dərsliklərinin monitorinqi, bədii ədəbiyyatın yaradılması və təbliği işinə özəl qurumların cəlb edilməsi, müasir ədəbiyyat portalının yaradılması və sair məsələlər əməkdaşlıq üçün maraq doğurub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir