Modern.az

Ramil Usubov redaktorlara Hacıbala Abutalıbovla görüşməyi məsləhət görüb

Ramil Usubov redaktorlara Hacıbala Abutalıbovla görüşməyi məsləhət görüb

Media

17 İyun 2010, 10:11

Dünən Mətbuat Şurasının (MŞ) rəhbərliyi, bir sıra KİV quruluşlarının başçıları daxili işlər naziri Ramil Usubovla görüşüblər.  "Yeni Müsavat"ın məlumatına görə, görüşdə MŞ sədri Əflatun Amaşov, KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, MŞ İdarə Heyətinin üzvü Umud Rəhimoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu iştirak ediblər.
Daxili işlər naziri öncə KİV rəhbərlərinə onunla görüşə gəldikləri üçün təşəkkür edib. Daha sonra qanunsuz küçə ticarətinin ləğvi istiqamətində hakimiyyət orqanlarının son dövrlər həyata keçirdiyi tədbirlərlə bağlı qəzet redaktorlarından informasiya dəstəyi istəyən nazir yaranmış problemin köklərinə toxunub. R.Usubovun sözlərinə görə, son günlər prezidentin səyi ilə gündən-günə gözəlləşən Bakıya, xüsusilə də onun mərkəzi küçələrinə qanunsuz səyyar ticarət olduqca qeyri-estetik təsirlər göstərir, antisanitariya yaradır və digər neqativ faktorları ortaya çıxarır. Redaktorlara küçə ticarətinin yaratdığı vəziyyətlə bağlı nazirliyin hazırladığı foto-albom da təqdim olunub.
Nazir onu da qeyd edib ki, şəhərin mərkəzi hissəsində, hazırda təmir gedən Fəvvarələr meydanında və “Torqovı”da küçə ticarətinin yasaqlanması vacibdir, çünki bu məkan turizm baxımından əhəmiyyətli yerdir və orada vedrələrdə gilas, alça, limon və sair kənd təsərrüfatı məhsullarının satılması şəhərə qonaq gələn əcnəbilərin gözündə paytaxt barədə mənfi rəy yaradır, görülən işlərə kölgə salır. Nazir küçə ticarəti deyərkən şəhərin mərkəzində kənd təsərrüfatı mallarının, dondurma və su satışının, digər xırdavat əşyaların ticarətinin nəzərdə tutulduğunu vurğulayıb. Bildirilib ki, şəhərin mərkəzi hissəsində küçə ticarəti ilə yanaşı qəzet satışına da müəyyən məhdudiyyətlər qoyulub. Amma nazir xüsusi vurğulayıb ki, paytaxt boyunca polisə qəzet satışını məhdudlaşdırması ilə bağlı heç bir göstəriş verilməyib. O, belə bir hallar yaşanıbsa, qəzet redaktorlarını dinləməyə hazır olduğunu deyib.
Görüş boyunca MŞ rəhbəri və redaktorlar nazirə problemlə bağlı ətraflı məlumat veriblər. R.Usubov da danışılanlardan müəyyən qeydlər götürərək ayrı-ayrı rayonlarda qəzet satışına müdaxilə varsa, bunun özfəaliyyət olduğunu deyib. Nazir sonda məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovla danışacağını, lazımi tədbirlər görüləcəyini bildirib. Nazir şəhər polis rəhbərliyinə metroların çıxışlarında, şəhərin müəyyən nöqtələrində, dükanlarda, qapalı yerlərdə qəzet satışına mane hallarına yol verilməməsi, belə hallar olubsa, aradan qaldırılması barədə göstəriş verəcəyini deyib. O, səyyar satışla bağlı görülən bəzi işlərin də sırf şəhərin gözəlləşməsinə xidmət etdiyini, qətiyyən qəzetlərə ziyan vermək məqsədi güdmədiyini deyib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov, eləcə də vaxtilə mətbuat yayımı sektoruna rəhbərlik etmiş Vüqar Səfərli görüş zamanı bildiriblər ki, həyata keçirilən məhdudiyyətlər qəzetlərə ciddi ziyanlar vurub. Məsələn, “Yeni Müsavat”ın gündəlik tirajının azalması, “Azadlıq” və “Zerkalo” qəzetlərinin satışına ziyan dəyməsi də rəqəm və faktlarla nazirin diqqətinə çatdırılıb. KİV təmsilçiləri bildiriblər ki, paytaxtın təmizlənməsi ilə bağlı yaranan problemin həlli zamanı bu tədbirlərin qəzetləri çökdürməsini, əldə yayım sahəsində çalışan insanları işsiz qoymasını istəmirlər. Nazir də bunlarla razılaşaraq qəzetlərin bu prosesdən zərər çəkməsini istəmədiyini deyib. Bundan başqa, o, qəzet yayımından kənar qanunsuz satışın yığışdırılması istiqamətində KİV rəhbərlərindən kömək istəyərək onlardan öz təkliflərini müvafiq orqanlara göndərmələrini deyib. Nazir MŞ rəhbərinin Bakı meriyasının rəhbərliyi ilə görüşməsi təklifini irəli sürüb.
DİN başçısı ilə görüşdən sonra KİV rəhbərləri qərara alıblar ki, eyni məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla da görüşsünlər. Belə məlumatlar var ki, paytaxtda səyyar qəzet yayımının məhdudlaşdırılması təşəbbüsü şəhər rəhbərindən gəlib.
Əflatun Amaşov problemin həlli üçün Bakı meriyası ilə görüşəcəklərini deyib: “Növbəti belə görüş Bakı şəhər rəhbərliyi ilə gerçəkləşəcək. 4 il əvvəl də belə problem olanda Bakı rəhbərliyi ilə görüşdük və problemi həll etdik. Hər bir azərbaycanlı kimi jurnalistlər də istəyir ki, şəhər gözəl olsun, hamımız antisanitar satışın əleyhinəyik. Ölkə mediası bunun qarşısını almağa təbliğat baxımından hazırdır. Qəzet satışı üçün küçə satış stendlərindən istifadə edilməsi yaxşı olar. Biz də Bakı meriyası ilə görüşdə bu stendlərin hazırlanıb yerləşdirilməsi məsələsinin mümkünlüyünü müzakirə edəcəyik. Görüşdə qəzetlərin svetoforlarda satılmasını da müzakirə etdik. Bunun başqa formada həyata keçirilməsi labüd bilindi. Bir daha bildirmək istəyirəm ki, qəzetlərlə bağlı yaranan problem siyasi məsələ deyil. Bunu qəzetin satışına qadağa kimi başa düşmək olmaz”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir