Modern.az

Fransua Ollandın “Qafqaz turnesi”: Bakıda yeni sülh sazişinin detalları müzakirə OLUNACAQ

Fransua Ollandın “Qafqaz turnesi”: Bakıda yeni sülh sazişinin detalları müzakirə OLUNACAQ

10 May 2014, 15:46

Əsas hədəf Ermənistan yox, Azərbaycandır...


Mayın 11-dən 13-nə qədər Fransa prezidenti Fransua Olland Cənubi Qafqaz regionuna səfər edəcək. Səfərin ilk və davamlı dayanacağı Azərbaycan olacaq. Ukrayna hadisələri fonunda Avropa ölkələrinin enerji tələbətlarını ödəmək üçün alternativ mənbələr axtarması Ollandın Azərbaycana səfər etməsi ilə eyni vaxta düşür. Bu mənada Fransa prezidentinin Cənubi Qafqaz turnesində əsas mərkəzi məhz Azərbaycandır.

Olland vaxt nisbətində Azərbaycana daha çox yer ayırıb

Adətən regiona səfərlərində Ermənistanı ziyarət etməklə kifayətlənən əvvəlki Fransa prezidentlərindən fərqli olaraq Fransua Ollandın Qafqaz turnesində əsas maraq hədəfi Azərbaycandır. 10 illik hakimiyyəti dövründə bir dəfə olsun Azərbaycanı ziyarət etməyən Jak Şirak paralel olaraq Ermənistana müntəzəm səfərlər edirdi. 2007-ci ilin mayında səlahiyyət müddətinin bitməsinə az qalmış Şirak Azərbaycana səfər etməsinin anonsunu versə də, sonradan xəbər təsdiqini tapmadı. Nikolya Sarkozi və Jak Şirakdan fərqli olaraq Fransua Ollandın ilk olaraq Azərbaycana gəlməsi də məhz Azərbaycanın önəminin artdığına bir işarədir. Ermənistana 1 günlük, Azərbaycana isə bir neçə saatlıq səfər edən keçmiş prezident Nikola Sarkozidən fərqli olaraq yeni prezident vaxt nisbətində Azərbaycana daha çox vaxt ayırıb.

Paris üçün Gömrük İttifaqının üzvü olan Ermənistan əhəmiyyətsizdir

Səfər proqramına nəzər saldıqda daha bir arqument ortaya çıxır. Ermənistana səfər proqramı çərçivəsində Olland “erməni soyqırımı” abidəsinin ziyarət etməli, Fransanın milli qəhrəmanı Misak Manuşyanın Yerevanda abidəsinin açılışında olmalı və erməni əsilli Fransa estrada müğənnisi Şarl Aznavurun konsertində iştirak etməlidir. Göründüyü kimi səfər əsasən mədəni tədbirlərdə iştirakdan ibarətdir. Yəni səfərin praktik əhəmiyyəti böyük deyil. Yarım milyonluq erməni icmasına görə Ermənistanla xoş münasibətlər saxlamağa məcbur olan Fransa Azərbaycanla iqtisadi münasibətlərin inkişaf etdirilməsində daha maraqlıdır. Həm də məhdud bazara və zəif inkişaf etmiş sənayeyə malik Ermənistan ilk növbədə kapital gözləyir. Azərbaycan isə böyük kapitala malik onlarla özəl və dövlət şirkətlərinə sahibdir. Təsadüfi deyil ki, böyük sahibkar heyətinin müşaiyəti ilə Qafqaza gələcək Olland Fransa investisiyası hesabına tikilən və dünyanın ən böyük ticarət şəbəkələrindən sayılan “Carfur”un Yerevandakı bölməsinin açılışında iştirak edəcək. Qrant uman Ermənistandan fərqli olaraq Azərbaycan özü Fransaya investisiya yatırmağa və çox milyonlu müştərək layihələr həyata keçirməyə qadirdir. Bu işlərdə Heydər Əliyev Fondunun da müəyyən rol oynadığını vurğulamaq olar. Fond Fransada bir sıra iri xeyriyyə layihələri həyata keçirir. Bununla paralel Azərbaycan mədəniyyətinin Fransada tanıdılması üçün mədəni tədbirlər, festivallar keçirir. Yüksək mədəni zövqləri ilə bütün dünyada tanınan fransızlar Azərbaycan mədəniyyətini xüsusi maraqla qarşılayırlar. Heydər Əliyev  Fondunun fəaliyyətindəki kütləvilik də iki xalq və dövlət arasında münasibətlərin yaxınlşamasına səbəb olur. Ümumilikdə, səfəröncəsi situasiyaya nəzərə saldıqda Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqavilə imzalamış Gürcüstanda və hələ də öz seçimini etməmiş Azərbaycanla danışıqlar aparmaq Fransa üçün önəm kəsb edir. Tezliklə Gömrük İttifaqına üzv qəbul olunacaq Ermənistan bu mənada Fransa üçün əhəmiyyətsizdir. Sadəcə, protokol xatirinə qeyd olunur ki, Olland və Serj Sərksiyan Ermənistan-Avropa Birliyi əlaqələrini müzakirə edəcəklər.

Uolrikin “Madrid prinsipləri” ...

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Fransua Ollandın səfər proqramı barədə müəyyən məlumatlar verib. Onun sözlərinə görə səfər zamanı prezident Olland İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək. Olland Dağlıq Qarabağ münaqişəsi, iqtisadi məsələrə ətrafında müzakirələr aparacaq. Xüsusən nəqliyyat və turizm sahələrində birgə layihələrin müzakirə olunması gözlənilir. Fransa şirkətləri Azərbaycanın turizm sahəsinə maraq göstərir və Fransada təhsil alan tələbə kontingentinin artırılmasına nail olmaq istəyir. Xüsusilə diqqət cəlb edən məqam iki ölkə prezidentlərinin Azərbaycan və Mərkəzi Asiya enerji daşıyıcılarının alternativ yollarla Avropaya daşınması olacaq. “Şahdəniz” yatağındakı qazın Avropaya çatdırılması üçün hərəkət marşrutlarının müzakirəsi prezidentlərin diqqətində olacaq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin həllini diqqət mərkəzində saxlayacaq. Daim ermənipərəst mövqeyinə görə Azərbaycanda tənqid olunan Fransa bununla belə, hər zaman regionda sülhün əldə olunmasına çalışıb. Təsadüfi deyli ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında hərbi əməliyyatların dayandırılmasında Fransa əsas vasitəçi olub. Çox güman ki, Fransa və Azərbaycan prezidentləri amerikalı həmsədr Ceyms Uorlikin səsləndirdiyi və əsas məqamları “Madrid prinsipləri” ilə eyni olan yeni sülh sazişinin detallarını müzakirə edəcəklər. Bütövlükdə, yuxarıda səslənən arqumnetlərə əsaslanaraq Ermənistanın çoxillik mütəffiqi Fransanın Qafqazda öz orientasiyasını dəyişərək, Azərbaycana meyl etdiyini görürük. Son illərədəki qarşılıqlı iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi Fransa-Azərbaycan əlaqələrini yeni mərhələyə daşıyıb. Fransua Ollandın Bakı səfəri məhz bu baxımdan çox önəmlidir.

Vüqar İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!