Müasir Müsavat Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının bir qrup fəal üzvü toplantı keçirib. Partiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, toplantıda ölkə mətbuatında müxtəlif regionlardan olan tanınmış şəxslərin adından istifadə edərək şaiyələr dərc etdirən radikal qüvvələrin məqsəd və məramları müzakirə edilib.
“Qeyd edək ki, hər dəfə seçki vaxtı ölkədə xüsusi çəkiyə malik region kimi Qərbi Azərbaycandan olan narazıların, əsasən də sabiq səhiyyə naziri Əli İnsanovun adından istifadə edilir ki, bu da qərbi azərbaycanlıların narahatçılığına səbəb olur”-deyə partiyadan verilən açıqlamada qeyd olunub. Bildirilib ki, MMP-nin bugünkü toplantısında bu cür yalan informasiyalar dərc edən qəzetlər pislənib və bu hal qərbi azərbaycanlılarla hakimiyyəti üz-üzə qoymaq cəhdi kimi qiymətləndirilib.
Toplantıda qərara alınıb ki, Müasir Müsavat Partiyası süni şəkildə yaradılan və qərbi azərbaycanlıların adından istifadə edərək seçkini pozmağa çalışan bütün qüvvələrə öz yerini göstərmək üçün müxtəlif təzyiq formalarından istifadə etsin. Bunun üçün üç nəfərdən ibarət xüsusi komissiya da yaradılıb.
Modern.az