Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" (Azərbaycan) – "Nyukasl" (İngiltərə) qarşılaşması da keçiriləcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək matç saat 21:45-də başlayacaq. "Qarabağ"-"Nyukasl" matçına CBC Sport telekanalında canlı baxmaq mümkün olacaq.
Oyunla bağlı müxtəlif fikirlər səsləndirilir. Xüsusilə də, baş məşqçi Qurban Qurbanovun bir neçə gün öncə verdiyi açıqlamalar bəzilərində oyunun nəticələri barədə pessimist ab-hava yaradıb.
Belə ki, Azərbaycan çempionatında "İmişli" ilə səfər oyunundan sonra Qurban Qurbanov “Nyukasl”la Çempionlar Liqası matçına hazır olmayacaqlarını deyib.
"Çünki 3-4 oyunluq gücümüzü bu gün sərf etdik. Futbolçuların bərpası çətin olacaq, alınmayacaq. Mən bu qədər düşünmürdüm. Açığı, bu klublar Liqaya gələndə onlara stadionu düzəltmək üçün bir il vaxt verildi. Bu da onlarda arxayınlıq yaradıb. Yenə də Qubaya gələndə meydançanı belə bərbad bilmirdim. Çox məyusam. Son zamanlarda heç vaxt belə məyus olmamışam”,-baş məşqçi deyib.
Modern.az-a açıqlamasında Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas bildirib ki, Qurban Qurbanovun çıxışı əksinə, oyunçuları həvəsləndirəcək:
"Qurban Qurbanov nə dediyini bilir. Əksinə, onun son çıxışları futbolçuları həvəsləndirəcək. Bu futbolçulara çağırışdır ki, istəsəniz oynayarsınız. Məsələn, “İmişli” ilə oyunun keçirildiyi meydança həqiqətən də yaxşı vəziyyətdə deyildi. Düzdür, “İmişli” orada oynayır və əziyyət çəkir. “Nyukasl”la oyundan qabaq belə bir meydançada oynamaq yaxşı hal deyildi. Amma nə etmək olar? Stadion yoxdur".

Ağdamlı deputat "Qarabağ"ın “Nyukasl”a qalib gələcəyinə inanır:
"Mən həmişə “Qarabağ”ın qələbəsinə inanmışam. Bu gün “Nyukasl”la oyunda da “Qarabağ” qalib gələcək. Oyunçularımız öz güc və ağıllarını ortaya qoyacaqlar, Qurban Qurbanov strategiyası var, bacardıqları qədər oynayacaqlar. Futbolda qalib gəlməklə yanaşı, məğlub olmaq da var. “Nyukasl”ın büdcəsi 1 milyard, “Qarabağ”ın büdcəsi isə 29 milyon avrodur. Bu faktorları da nəzərə almaq lazımdır. Amma bizim futbolçular ürəklə oynayacaqlar".
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyir ki, “Qarabağ” həqiqətən çox böyük şeylərə nail olur.
"Düşünürəm ki, bu barədə nəsə demək artıqdır. Pley-off mərhələsinə qədər gəliblər, bu, çox böyük bir şeydir. Pley-off-da hər iki klubun şansı da bərabərdir. Çünki bu gün “Nyukasl” da pik nöqtəsində deyil.
Komandanın daxilində böyük problemlər var. İngiltərə kubokunun 1/16 bir oyununda qələbə qazanmasına baxmayaraq, çempionatda işləri pis gedir. “Nyukasl” Premyer Liqada axır oyunlar çox zəif oynayır. Komanda daxilində problemlər böyükdür. Həm məşqçilərə, həm futbolçulara böyük təzyiq var. Yəni əvvəlki güclü “Nyukasl” yoxdur.
“Qarabağ” da bu gün pik nöqtəsində deyil. Bir komanda belə deyək, üç cəbhədə oynamaz. Həm Azərbaycan çempionatı, həm də Çempionlar Liqasında böyük güc sərf edir və komandanın rotasiya eləmək üçün böyük qüvvəsi yoxdur. Belə deyək ki, təxminən iki-üç oyunçu əsas heyətə yaxın sayıla bilər. Ona görə də bu rejimdə, bu fiziki güc altında oyunları keçirmək çətindir. Axır oyunlarda “Qarabağ” çox çətinliklə 1 top hesabı ilə qələbə qazanıb. Azərbaycan çempionatında ikinci yerə düşməsi də Qarabağın motivasiyasını bir az aşağı sala bilər. Düşünürəm ki, əvvəl nə problem varsa, hamısı qıraqda qalmalıdır. Bu gün Çempionlar Liqasının oyunu keçirilir və şübhəsiz ki, hər iki komanda maksimum nəticə qazanmaq üçün meydana çıxacaq".

Şahin Diniyev Qurban Qurbanovun açıqlamaları ilə bağlı isə bunları deyib:
"Düşünürəm ki, oyunun taleyi İngiltərədə oynanılacaq ikinci matçdan asılıdır. Birinci oyun öncəsi hələ dəqiq heç nə demək olmaz. Qurban Qurbanovun fikirlərinə gəldikdə, mən başqa bir məşqçi barədə nəsə deməyi etik saymıram. Amma onun “İmişli” ilə oyundan sonra dedikləri, tərs effekt də verə bilər. Yəni bu açıqlamalar futbolçulara motiviasiya da verə bilər”.
İdman jurnalisti, şərhçi Tural Məmmədli isə düşünür ki, digər baş məşqçilər də Qurban Qurbanovun bu fikirləri ilə razılaşmalıdır:
"Mənə elə gəlir ki, Qurban Qurbanov bu fikrə tez bir zamanda gəlməyib. Məncə, uzun müddətdir ki, məhz bu problemlərlə bağlı özünü saxlayb, fikir bildirmirmiş. Amma belə vacib və əhəmiyyətli oyun öncəsi ardıcıl yüklənmələr, zədə problemi və digər məsələlər artıq Qurban müəllimi də təngə gətirdi. Zənnimcə, onun fikri ilə digər məşqçilər də razılaşar və razılaşmalıdırlar da. Çünki meydançada vəziyyətin pis olmasına peşəkar yanaşsaq, bunun futbolçularda hansı zədələr yarada biləcəyini çox gözəl bilirik. Bu zədələr heç də qısamüddətli olmur.
Həm də nəzərə alaq ki, belə bir böyük oyundan - “Nyukasl”la qarşılaşmadan öncə futbolçuların bu qədər yüklənməyi, problemlər yaşamağı baş məşqçini də təngə gətirir. O baxımdan Qurban Qurbanovun açıqlamalarını məncə, başa düşmək olar”.

T.Məmmədli Qurban Qurbanovun açıqlamaları nəticəsində futbolçuların həvəsdən düşəcəyinə qəti şəkildə inanmadığını vurğulayıb:
"Əksinə, mənə elə gəlir ki, Qurban Qurbanov məhz futbolçuların sözünü hər kəsə çatdırıb. Yəni onun fikri həm də futbolçuların fikridir və "Qarabağ"ın üzvləri də sırf baş məşqçilərinin dediyi kimi, bu məsələdən heç də razı deyillər. Qurban Qurbanovun hər zaman öz futbolçularını necə düşündüyü və onlara individual yanaşdığını da çox gözəl bilirik. Düşünmürəm ki, bu açıqlama oyuna neqativ mənada təsir etsin. Amma sırf Qurban müəllimin dediyi məqamlar "Qarabağ"ın oyununda nə dərəcədə hiss olunacaq, bunu da dəqiq deyə bilmərəm.
"Qarabağ" bu il tarix yazır, əfsanəvi mövsüm keçirir və biz bu gün nağıl kimi qarşılaşma gözləyirik. Çempionlar Liqasında pley-off görüşü bizim üçün fantastikadır və ümidvarıq ki, futbolçularımız bütün məqamları unudub özlərinə aid ən yaxşı performansı göstərəcəklər”.