Modern.az

Fransua Olland qanadı qırılmış “quş”u pərvazlandırdı

Fransua Olland qanadı qırılmış “quş”u pərvazlandırdı

13 May 2014, 12:18

Fransa prezidenti Fransua Ollandın ölkəmizə başa çatan səfəri və azərbaycanlı həmkarı ilə görüşü dövlətlərarası münasibətlər baxımından əhəmiyyətli səfər kimi xarakterizə olunsa da, onun müxalifət, həmçinin vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşünü bu kateqoriyanın geniş maraqları sarıdan  eyni dərəcədə qiymətləndirmək çətindir. Görüşün hansı müxalifət partiyası ilə, hansı müstəqil fikir sahibləri ilə keçirilməsini Prezident Administrasiyası deyil, Fransa səfirliyi müəyyənləşdirsə də  tərəflər arasındakı  dialoq,   nə müxalifətə siyasi gələcək üçün yaşıl işıq yandırılması deməkdir, nə də həmin dialoqda qoyulan məsələlərin Fransa tərəfindən ciddiliyə alınacağına zəmanət çəkisi daşıyır.  Çünki bu müxalifətin güclü,  vətəndaş cəmiyyətinin reytinqinin böyük olduğu zamanlarda belə, hansısa bir Avropa ölkəsinin yüksək səviyyəli rəsmisi, Avropanın, Qərbin  populyar qurumlarının rəhbərləri hakimiyyətin opponentlərinin hüzuruna  çıxıb onları, sanki onların tərəfində dururmuş kimi  dinləyib də,  Azərbaycandakı vəziyyətə alternativ baxışı əldə edib, müəyyən vədlər  verib də ,  sonunda hər dəfəsində əks düşərgənin yox, hakim düşərgənin yanında dayanıblar. Beləcə bu görüşlər necə illərdir, protokol xarakterli, formal qalmaqda davam edir.  

Ollandın müxalifətə göstərdiyi marağın kökündə dayanan əsas məqsədi anladan element bu görüşün formatına Sülh və Demokratiya institutunun direktoru Leyla Yunusun adının daxil edilməsidir. Söhbət Ermənistan-Azərbaycan münasibətlərində “xalq diplomatiyası” terminalogiyasının cəmiyyətdə doğurduğu reaksiyaları və ölkənin hakimiyyət iddiaçılarının bu tendensiyaya münasibətinin birbaşa əldə edilməsindən gedir.  Çünki Leyla Yunusu bu yöndəki roluna görə himayə edən Fransa Ermənistana arxa durmaq siyasətini müasir çağda  “xalq diplomatiyası” müstəvisində davam etdirməklə, bu geosiyasi mövzunu  aktual bir səviyyəyə qaldırmaq planları içərisindədir. Heç kəs zəmanət verə bilməz ki, Ollandın görüş təşəbbüsündə, başda Leyla Yunus olmaqla, Azərbaycanda ermənilərə “xalq diplomatiyası” adı altında kömək etməyə iradə ortaya qoymuş insanların ətrafına siyasi partiyalarla bir təhlükəsizlik çəpəri çəkməyə nail olmaq niyyəti dayanmır. Başqa sözlə, Leyla Yunusun həbs təhlükəsinin sovuşmasına, Rauf Mirqədirovun azadlığa çıxmasına dəstək kampaniyasının təşkilinin müxalifətin üzərinə bir vəzifə kimi qoyulması bu görüşün başlıca tezislərindən  biri olmasına şübhə doğurmur. Məlumdur ki,  Leyla Yunus və Rauf Mirqədirov məsələsində müxalifətin bəyənatları məhdud,  məzmun etibarıilə kasaddır. Bu müdafiədə isə təkcə  beynəlxalq dəstəyin mövcudluğu kifayət etmir, söhbət indiki halda Fransanın canfəşanlığından gedirsə, o, müxalifətin, vətəndaş cəmiyyətinin rolu ilə öz rolunu çulğalaşdırmağı ön plana çıxarır. Nəzərə alır ki, Leyla Yunus kimi asan yola gələn insanları hər vaxt tapmaq və təlimatlandırmaq mümkün olmur. 

Yoxsa ki, bu dialoqda  təşəbbüskar tərəf üçün, nə siyasi məhbus məsələsi önəmlidir, nə Avropa Birliyi ilə Azərbaycanın assosasiya sazişinə müxalifətin fikrini almağın zamanıdır, nə də müxalifətlə ciddi ilişkilər qurmaq cəhətdən vacib dövr  yaranıb. Geosiyasi ziddiyyətlər ucbatından Ukraynada yaranan xaosu, onun ətrafını bürüyən separatizm  səddini yarmağa Qərbin yetərli siyasi gücü mümkünsüz olduğu bir vaxtda, Azərbaycan timsalında  ikinci bir problemin təməlini qoymağa beynəlxalq aləmin nə iddiası var, nə də ki imkanı. Başqa tərəfdən, reallıq sübut edir ki, indiki halda Azərbaycanın yürütdüyü xarici siyasət,  həm ölkənin maraqlarına cavab verir, həm də yeni bir geosiyasi çarpışmanı hədsiz, yəni nisbətən uzaq gələcəyə qədər  ləngidir. Müxalifətin fürsət düşmüşkən, özünün xarici siyasət doktrinasını Avropanın təmsilçisi Fransa  qarşısında xırdalamasına rəğmən, bu dövlət çox dəqiq analiz edə bilir ki, Azərbaycan müxalifəti Ukrayna müxalifətindən əsla güclü deyil, onlar indiki iqtidarın Qərbi razı salacaq addımlarından daha artığını atmağa qadir deyillər, Rusiya ilə toqquşmalardan siyasi və mənəvi baxımdan salamat çıxmağa hazırlıqları kifayət qədər zəifdir.  Bu məsələlər fonunda “xalq diplomatiyası”na verilən önəmin artması  Azərbaycanın Avrointeqrasiya davasının Rusiya ilə aparılmasında üsulları rahatlaşdırmaqla, yəni, Qarabağ münaqişəsini xalqların özü vasitəsilə həll edib, rəsmi Moskvanın əlindən təzyiq metodlarını çıxarmaqla bağlıdır.    

Müxalifət tərəfindən görüşün  ümumi məzmunu barədə verilən rəsmi açıqlamanın tonu isə qanadı qırılan quşun birdən-birə pərvazlanıb uçmağa başlaması effektini doğurur. Ötən il epizodik olsa da,  Rusiya qarmağına düşməsindən və  prezident seçkisindəki məğlubiyyətindən, başlıcası, cəmiyyətdə özünə  olan inamın kəskin şəkildə sarsılmasından sonra belə bir səviyyədə görüşə müxalifətin,  doğrudan da ehtiyacı var idi. Bir tərəfdən, Milli Şura məsələsi Qərblə əməkdaşlığı zəiflətmiş, Avropa təmayülündə enmə xətti baş vermiş, məhz bununla da siyasi gələcəyində ciddi qaranlıq yaranmışdı. Digər tərəfdən, davamlı olaraq hakimiyyət pilləsinə qalxa bilməmək müxalifətin, həm sosial bazasının, həm də elektoratının itirilməsi  ilə acı sonuc vermişdi. Bu  görüş ictimai rəydə o demək oldu ki, klassik müxalifət öz  statusunda zəifləmiş olsa da, beynəlxalq səviyyəli görüşlərdə onların yerinə istər təbii, istərsə də süni şəkildə keçən hər hansı qüvvə müəyyən edilməyib. Beynəlxalq aləm müxalifətin əsas  subyektləri kimi onları tanımaqda davam edir. Görüş müxalifətin siyasi səhnəni tərk etməsi ilə bağlı cəmiyyətdən gələn fikirləri puça çıxardı, əksinə, təzə  rolların siyasi düzəndəki digər partiyalara yox, məhz onlara yenidən   həvalə edilməsi təəssüratlarını  möhkəmlətdi. Fransa prezidenti fərqinə varmadan belə, könhə  müxalifətə indiki halda ciddi ehtiyacı olan bu dvidenti verdi.   İrəli gedən nəticələr barədə düşünmək isə sadəlövlük olardı.   Çünki Azərbaycan hökumətinin Avropa ilə sıx qovuşmanı ləngitməsini tənqid edib, müxalifətin   Avrointeqrasiya  kursunda dönməzliyini beynəlxalq aləmin "gözünə" soxmaq sözdə qəhrəmanlıqdır, real mənzərədə qəhrəmanların başına gələnlər  Ukrayna  misalında  Qərb-Rusiya qarşıdurmasında aydın şəkildə ortadadır.      

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir