Modern.az

Uşaqlar və əsgərlər oruc tutmamalıdır

Uşaqlar və əsgərlər oruc tutmamalıdır

Ölkə

19 Fevral 2026, 08:45

Bu gündən, 19 fevral 2026-cı ildən Azərbaycanda müqəddəs Ramazan ayı başlayıb. Bu ay ölkədə dini və mənəvi həyatın ən aktiv dövrlərindən biri hesab olunur. İndi Ramazan yalnız ibadət ayı kimi dəyərləndirilmir. Hesab edənlər var ki, bu ay həmrəyliyin gücləndiyi zamandır.

Oruc ibadəti İslamın əsas şərtlərindən biri sayılır. Ramazan müsəlman dünyasında xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda oruc ənənəsi tarixi köklərə malikdir. Ancaq uzun illər, xüsusilə sovet dövründə dini mərasimlərə məhdudiyyətlər tətbiq olunmuşdu. Düşünün ki, oruc tutduğuna görə insanlar həbs edilir, işgənclərə məruz qoyulurdu. Buna baxmayaraq, ailə daxilində dini dəyərlər qorunub saxlanılıb.

Müstəqillik dövründən sonra dini azadlıqlar genişləndirildi.Nəticədə Ramazan ayının ictimai təzahürləri daha açıq görünməyə başladı.

Oruc tutanların sayının artıb-artmaması müzakirə mövzusudur. Rəsmi statistika bu sahədə dəqiq rəqəmlər təqdim etmir. Sosioloji müşahidələr isə müəyyən artım tendensiyasını göstərir. Xüsusilə gənclər arasında dini identifikasiya güclənir. Ancaq dünyəvi həyat tərzi sürənlərin sayı da az deyil.

Bəzi ekspertlər hesab edir ki, oruc dini sərhədləri aşaraq mədəni ənənə kimi qəbul olunur. İctimai şəbəkələrdə iftar paylaşımları geniş yayılır.

Ramazan ayı restoran sektorunda da xüsusi menyuların hazırlanmasına səbəb olub. Bu isə dini ayın iqtisadi mühitə təsirini göstərir.

Dünya müsəlmanları arasında vəziyyət müxtəlifdir. Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrdə oruc tutma səviyyəsi yüksək olaraq qalır. Avropa ölkələrində yaşayan müsəlman icmaları isə fərqli sosial mühitdə fəaliyyət göstərir. Fransa və Almaniya kimi ölkələrdə oruc fərdi seçim kimi həyata keçirilir. Bəzi Skandinaviya ölkələrində isə günün uzunluğu xüsusi çətinlik yaradır.

Uşaqların oruc tutması məsələsi ayrıca müzakirə mövzusudur. İslam qaydalarına görə oruc yetkinlik yaşına çatmış şəxslərə vacib sayılır. Bununla belə, bəzi ailələr uşaqları tədricən oruca alışdırırlar. Həkimlər isə azyaşlıların sağlamlıq vəziyyətinin nəzərə alınmasını vacib hesab edirlər. Xüsusilə inkişaf dövründə olan uşaqlar üçün uzunmüddətli aclıq riskli ola bilər.

Əsgərlərin oruc tutması da praktik suallardandır. Şəriət qaydalarına əsasən səfərdə olanlara güzəştlər tətbiq edilir. Ümumən uşaqlar və əsgərlərin oruc tutması dində mıcburi sayılmır.

Ümumilikdə Ramazan ayı həm dini, həm də sosial hadisə kimi qiymətləndirilir. Qlobal miqyasda isə bu ibadətin icrası ölkədən ölkəyə dəyişir.

Bütün hallarda Ramazan müsəlman dünyasında mənəvi yenilənmə dövrü hesab olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı