Xaricdə yaşayan bir neçə anti-azərbaycanlı ünsürün Vaşinqtonda heç bir əxlaq normalarına sığmayan, aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı otelin qarşısında törətdikləri hərəkətlərin məqsədli şəkildə şişirdilməsinə start verilib. Kimlər dayanır bunun arxasında? Əlbəttə ki, o insanları ora göndərən ABŞ-dəki şovinist erməni dairələri!
Təbii ki, həmin dairələr bu qurama prosesin necə sonuclanacağını yaxşı bilirdilər. Bilirdilər ki, Prezidentin güclü mühafizə xidməti var və onların gözündən yayınıb otelə daxil olmaq əsla mümkün deyil. Ona görə də ssenari sadəcə görüntü üçün hazırlanmışdı; bir neçə aşağı əxlaqlı insanın aqressiv qışqırtısı, kobud kəlmələri üzərindən Azərbaycan Prezidentinin əleyhinə işləyən bir kampaniyanı tirajlamaq əsas niyyət idi.
Hamı yaxşı anlayır ki, belə hadisələr təsadüfi xarakter daşımır. Əgər ortada bir uğur, qələbə varsa, bunu gözdən salmağa cəhd göstərən kifayət qədər bədxah tapılacaq. İstər ölkə xaricində, istər ölkə daxilində. Azərbaycanın nüfuzu artır, beynəlxalq platformalarda davamlı təmsil olunur, xarici dövlətlərlə isti münasibətlər qurur, xüsusilə böyük güc olan ABŞ ilə indiyə qədər olmayan strateji tərəfdaşlığın əsası qoyulub və bütün bunlar ilk növbədə erməni şovinistlərini, lobbisini, Azərbaycanı sevməyən dairələri dərindən narahat edir. Bu baxımdan son vaxtlar informasiya müstəvisində aparılan təzyiq kampaniyaları, ayrı-ayrı aksiyalar məqsədli şəkildə gündəmə gətirilir. Aqressiv davranış, qeyri-etik ifadələr və təxribat cəhdləri diqqəti uğurlardan yayındırmaq və informasiya gündəmini manipulyasiya etmək məqsədi güdür.
Çox gözəl bilirik ki, hər bir aksiyanın arxasında pul faktoru dayanır. Lobbi şəbəkələrinin aktiv olduğu ölkələrdə siyasi xarakterli aksiyalar pul hesabına təşkil edilir. Təəssüf ki, soyu, kökü özümüzdən olan bəziləri də pulun əsiri olaraq, bədxahların əlində alətə çevrilərək düşmən cəbhədə dayanırlar.

Ermənilərin əlaltısı formasında öz xalqına və dövlətinə qarşı çıxan bu yaramazlara ilk dəstək verənlərin kimliyinə diqqət etsək, mənzərə kifayət qədər aydın olacaq. İnsidentə birinci reaksiya ABŞ-də fəaliyyət göstərən ANCA (Armenian National Committee of America) tərəfindən gəldi. Bu o təşkilatdır ki, həmişə Azərbaycanın beynəlxalq aləmdə daha sərt şəkildə tənqid olunmasına, ölkəmizə hüquqi müdaxilələrin edilməsinə maraq göstərib. Eləcə də Azərbaycanın strateji müttəfiqləri və ABŞ Konqres üzvləri üzərində təsir vasitəsilə öz prioritetlərini həyata keçirməklə məşğul olub.
ANCA-nın ardınca anti-milli ünsürlərə Azərbaycanın düşməni Frenk Pallone qahmar çıxdı. Bu ad Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Pallone erməni lobbisi tərəfindın idarə olunan, ANCA-dan maliyyə alan bir şəxsdir. Erməni-amerikan lobbi qurumları, o cümlədən ANCA tərəfindən dəstəklənən siyasətçilər sırasındadır. O, bu təşkilatların təşəbbüslərinə açıq dəstək verib və onların gündəmə gətirdiyi məsələləri Konqres platformasında səsləndirib.
Pallone Qarabağ münaqişəsi və sonrakı regional proseslərlə bağlı çıxışlarında Azərbaycan hökumətini tənqid edən bəyanatlar səsləndirib. Xüsusilə humanitar vəziyyət, mülki əhalinin hüquqları və regional təhlükəsizlik məsələlərində Bakını məsul tərəf kimi təqdim edən mövqe nümayiş etdirib. Konqresdə etdiyi çıxışlarda və sosial media paylaşımlarında o, ABŞ administrasiyasını Azərbaycana qarşı daha prinsipial siyasət yürütməyə çağırıb. Pallone bir sıra hallarda Azərbaycana qarşı sanksiyaların tətbiqi təşəbbüslərinə dəstək verib. O, ABŞ-nin təhlükəsizlik və hərbi yardım mexanizmlərinin məhdudlaşdırılması ilə bağlı çağırışlarda iştirak edib. Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin sərt şəkildə tətbiqinə tərəfdar olan siyasətçilər arasında yer alıb.
Xocalı hadisələrini inkar edən, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına çağırışı ilə tanınan, vaxtilə işğal altında olan torpaqlara səfər edən Pallonenin anti-Azərbaycan ünsürlərini qoruma ritorikası bütün bu sadalananlara görə o qədər də təəccüblü görünmür.
Beləliklə, həqiqət bundan ibarətdir ki, anti-milli ünsürlər şovinist erməni dairələrinin əlində alətə çevrilərək Azərbaycana qarşı eyni cəbhədə yer allblar və ən axırıncı yola getməyə qədər özlərini satıblar.
Qeyd etməliyik ki, satılmış həmin ünsürlər böyük beynəlxalq tədbirin keçirildiyi gün Vaşinqtonda ABŞ-nin təhlükəsizlik qaydalarını da kobud şəkildə pozublar. Azərbaycan Prezidentinin təhlükəsizlik xidməti ilə yanaşı, ABŞ polisi də prosesə müdaxilə edib, çünki dövlət başçılarının təhlükəsizliyi məsələsi ölkənin beynəlxalq öhdəliklərindən biridir. Bu baxımdan baş verən hadisə ev sahibi olan ölkənin təhlükəsizlik strukturları üçün də əlavə məsuliyyət yaradır və inanırıq ki, sifarişli təxribat cəhdi edənlərin hərəkətlərinə hüquqi müstəvidə də qiymət veriləcək.