“Metropolitendə təyinatlar və ya işdənçıxma prosesi baş verməyib. Bunun üçün Nazirlər Kabinetinin “Bakı Metropoliteni” QSC-nin nizamnaməsini təsdiq etməsi lazımdır. Prezidentin sərəncamına əsasən, nizamnamə Nazirlər Kabinetinə təqdim edilməli, Nazirlər Kabineti təsdiq etdikdən sonra rəsmi olaraq təyin olunan şəxs fəaliyyətə başlamalıdır”. Bunu Modern.az-a açıqlamasında Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi.
“Hazırda nizamnamənin təsdiq olunmasını gözləyirik. Bu səbəbdən də bütün əvvəlki işçilər öz işinin başındadır. Qərar nə vaxt təsdiq olunacaqsa, o zaman mən də rəsmi fəaliyyətə başalayacağam”.
Qeyd edək ki, prezidentin 2014-cü il fevralın 27-də imzaladığı sərəncama əsasən, “Bakı Metropoliteni”nin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Yeni qurumun sədri vəzifəsinə bu təyinatadək “Bakıelektrikşəbəkə” ASC-nin sədr müavini işləmiş Zaur Hüseynov gətirilib.
Gülşən Raufqızı