Modern.az

Azərbaycandakı banklarda əmanəti olanlara pis xəbər

Azərbaycandakı banklarda əmanəti olanlara pis xəbər

16 May 2014, 01:31

May ayının 19-dan etibarən Azərbaycanda qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirilir. Trend -ın məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun yaydığı rəsmi açıqlamada bildirilir:

"Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 2014-cü il may ayının 19-dan etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endiriləcəkdir". Məlumatda bildirilir ki, Fondun Himayəçilik Şurası 6 may 2014-cü il tarixində keçirilən iclasda qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 9 faizə endirilməsi barədə Mərkəzi Bankla razılaşdırmaqla qərar qəbul edib. Bu dəyişiklik 19 may 2014-cü il tarixindən qüvvəyə minir və bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilcək əmanətlər qorunmayan əmanət hesab ediləcəkdir. Fond bu dəyişikliklə əlaqədar olaraq hazırda bankda əmanəti olanlara da xəbərdarlıq edib: "Əlavə olaraq diqqətinizə çatdırırq ki, əmanət müqavilələrinin müddəti bitdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin günə qorunan əmanətlər üzrə maksimum faiz dərəcəsinə diqqət yetirin".

Xatırladaq ki, hazırda 42 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu banklardan birində və ya bir neçəsində sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır