Modern.az

“Sosial ipoteka üçün ayrılan 40 milyon manat İpoteka Fonduna köçürülüb”

“Sosial ipoteka üçün ayrılan 40 milyon manat İpoteka Fonduna köçürülüb”

İqtisadiyyat

16 May 2014, 12:59

Parlamentdə 2013-cü il üçün dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin təqdimatı davam edir. Modern.az-ın verdiyi xəbərə görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, bir çox göstəricilərə görə büdcənin uğurla icra edildiyin demək olar: “Buna görə də Hesablama Palatasının kollegiyası layihənin parlamentə tövsiyə olunmasını dəstəkləyir”.

Maliyyə naziri Samir Şərifov isə icmal büdcənin göstəriciləri barədə deputatlara məlumat verib. Onun sözlərinə görə, icmal büdcənin gəlirləri 23 milyard manat icra olunub. İcmal büdcənin xərcləri 22 milyard manat, 2012-ci ilə nisbətən 10,7 faiz çox icra olunub. Qeyri-neft sektorundan daxil olmalar 2012-ci ilə nisbətən 604 milyon manat (13 faizə yaxın) artıb. S.Şərifov bildirib ki, dövlət büdcəsinin xərcləri 2013-cü ildə proqnoza nisbətən 96,4 faiz icra olunub. Bu da əvvəlki ilə nisbətən 9,9 faiz çox icra deməkdir. Büdcə xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 33,3 faiz təşkil edib. Nazir xatırladıb ki, keçmiş SSRİ əmanət banklarında pulu olan vətəndaşlara fərdi birdəfəlik ödənişlərin verilməsi prosesi də ötən il başa çatıb. 2012-2013-cü illərdə bu məqsədlə 597, 4 milyon manat ödənilib. Dövlət büdcəsindən bu məqsədlə ötən il 324 milyon ayrılıb. Sosial ipoteka üçün ayrılan 40 milyon manatlıq vəsait tam olaraq İpoteka Fonduna köçürülüb.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir