Modern.az

Aşıq Ələsgər muzeyi və utanc yerimiz

Aşıq Ələsgər muzeyi və utanc yerimiz

Aktual

19 May 2014, 00:10

Azərbaycan mədəniyyəti deyəndə ilk növbədə qoşa qanad kimi muğam və aşıq sənəti yada düşür. Əslində, muğam klassikası bizə nə qədər uzaq olduğu qədər də yaxındırsa, aşıq sənəti bir o qədər də uzaqdır.

Muğam bizə İslam və Quran qədərində müasir səslənirsə, aşıq-ozan sənəti xeyli qədimlərə söykənir. “Kitabi - Dədəm Qorqud” eposu yaranışından öz mifoloji və tarixi elementlərinə görə İslamdan xeyli əvvəlki əsrləri önə çəkdiyi kimi, sazın atası qopuzu da daha qədimlərə çəkir.

Bu mənada, Azərbaycan aşıq sənətinin yaşı bilinmədiyi kimi, onun keçmişi də sirr olaraq qalır. Üzdə olan budur ki, Aşıq Qurbanidən bəri təşəkkül tapmaqda olan bu sənətin məmləkətimizdə müxtəlif məktəbləri yaranıb. Göyçə, Borçalı, Gədəbəy, Təbriz, Şirvan və s.i. qolları kimi.

Və deyə bilərik ki, Azərbaycanın hər regionunda - şəhərində, rayonunda aşıq muzeylərinin yaranması labüddür və belə olduğu halda heç bir təəccüb doğurmaz. Amma çox təəssüf ki, sadaladığımız amillərə baxmayaraq belə tarixi ocaqlar hələ ki, yox səviyyəsindədir.

Məhz bu cür biganəlik və soyuqqanlılıq dövründə, YUNESKO-nun Azərbaycan aşıq-saz sənətini fenomen kimi qəbul etdiyi bir zamanda, Azərbaycan Aşıqlar Birliyinin rəsmən fəaliyyət göstərdiyi uzun onilliklər vaxtında qocaman sənətsevər Hüseyn Hacıquluoğlunun təşəbbüsü ilə yaradılan Aşıq Ələsgər muzeyinin öz çəkisi, öz yeri, öz dəyəri var. Həm də ən mühümü odur ki, bu muzey Hüseyn Hacıquluoğlunun adına olan şəxsi 5 otaqlı mənzilin 1 otağında təşkil olunub.

Həmin muzey “Aşıq Ələsgər” adıyla sizi çaşdırmasın. Çünki bu muzeydə nəinki Aşıq Ələsgərin, eləcə də Azərbaycanın müxtəlif aşıq məktəblərinin klassik və müasir nümunələri - elmə məlum olmayan yaradıcılıq əsərləri, səs yazıları toplanıb. Bu gün belə nümunələrdən müxtəlif aşıqların yaradıcılıq və yubiley gecələrində istifadə olunur. Və çox vaxt heç kəs bilmir ki, bu nümunələr bir tarixi sənəd olaraq Hüseyn Hacıquluoğlunun elmi araşdırmalarının, şəxsi təşəbbüslərinin, fədakarlıqlarının nəticəsidir.

Bizim üçün çox fərəhlidir ki, Azərbaycan aşıq sənəti dünya xalqalarının böyük marağına və sevgisinə səbəb olub. Məhz belə bir məhəbbətin göstəricisidir ki, Hindistan və Fransa respublikalarının səfirləri son aylar ərzində Aşıq Ələsgər muzeyinə gəlmiş, burdakı eksponatlarla, yəni, Azərbaycan aşıq sənətinin müxtəlif nümunələri ilə tanış olmuşlar. Onların aşıq sənətimiz barədə söylədikləri fikirlər xalqımıza bir daha öyünc yeri, şərəf və fəxarət bəxş edir.

Amma utanc yerimiz də var. Bu da Aşıq Ələsgər muzeyinin adi bir evin bir otağında məskunlaşmasıdır. Məgər, analoqu olmayan inkişaf yolu keçən Azərbaycan Respublikasında ökə səviyyəli və 3-4 otaqlı bir aşıq muzeyi təşkil etmək mümkün deyilmi? Halbuki, bu mənada Hüseyn Hacıquluoğlu nümunəsi də var.

Zənnimizcə, Mədəniyyət və Turizm Nazirliyi belə bir utanc yerini ən az vaxtda qürur yeri ilə əvəzləmək imkanındadır.

Aşıq Ələsgər muzeyinin yaradıcısı, rəhbəri Hüseyn Hacıquluoğlu bütün aşıqlarımızla fəxr etdiyini bildirir. Onun könlü daim aşıq sənəti ilə çırpınır. O, 2013-cü ilin iyulun 11-də Şamaxıda Aşıq Məmmədağanın 80 illik yubileyində iştirak və çıxış etmiş, aşığın bacısı Səmayə xanım barəsində qəzetlərə müsahibə vermişdir. Hüseyn Hacıqulu oğlu Şamaxıda çıxan “Şəffaflıq və Paklıq” qəzetində geniş məqalə ilə çıxış edərək Səmayə xanımı “qardaşını tarixlərdə yaşadan bacı” adlandırmışdır.

Fəxrəddin Orxan

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü