Modern.az

Misir Mərdanov: "Ramiz Mehdiyevin tənqidlərini qəbul edirik"

Misir Mərdanov: "Ramiz Mehdiyevin tənqidlərini qəbul edirik"

21 İyun 2010, 11:57

Xəbər verildiyi kimi, ötən həftə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib. Modern.az-ın məlumatına görə, nazirlərin, ali məktəb rektorlarının iştirak etdiyi müşavirədə Ramiz Mehdiyev ali təhsillə bağlı problemlərdən danışıb. R.Mehdiyev qeyd edib ki, Azərbaycan bu gün ən dinamik inkişaf edən ölkələrdən biri olmaqla, yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac duyur. Lakin dövlət qulluğuna qəbul olunmaq üçün verilən imtahanlar, eləcə də müvafiq şirkətlərin keçirdiyi sınaqlar ali məktəb məzunlarının heç də hamısının bilik səviyyəsinin günün tələblərinə cavab vermədiyini göstərir. Bütün bu problemlər ali məktəblərin fəaliyyətində mövcud olan qüsurlardan xəbər verir. Təhsillə bağlı hər bir insanı belə bir cəhət də narahat edir ki, kadr korpusu sürətlə qocalmaqdadır, onları əvəz etmək üçün Avropa təhsil standartlarını ölkəmizdə bərqərar etməyə qadir olan gənc kadrlar isə kifayət qədər deyildir. Ramiz Mehdiyevin fikrincə, bütün ali məktəblər Bolonya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapıb. "Məzunların xeyli hissəsi ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verən biliklər nümayiş etdirməyə qadir deyillər. Bütün bunlar ali məktəblərdə mövcud olan mənfi hallardan xəbər verir. Ali Attestasiya Komissiyasının işinin təhlili göstərir ki, elmi dərəcə almaq naminə ali məktəblərdən təqdim olunan dissertasiyaların sayı durmadan artır. Lakin Azərbaycanın təhsil sistemində çalışan alimlərin dünyada böyük nüfuza malik jurnallarda məqalələrinə nadir hallarda təsadüf edilir. Bununla yanaşı, hələ də ali məktəblərdə ictimai elmlərin tədrisi ilə bağlı tələb olunan dönüş yaranmamışdır". Modern.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov bu gün jurnalistlərə açıqlamasında R.Mehdiyevin dediklərinə münasibət bildirib:

“Hörmətli Ramiz Mehdiyevin həmin müşavirədə söylədiyi fikirlərlə mən 100 % razıyam. Biz onun söylədiyi faydalı tənqidləri tamamilə qəbul edirik. Doğurdan da təhsilimizin digər pillələrində bizim bildiyimiz çoxlu sayda problemlər var. Əsas məsələ ondan ibarətdir ki, biz problemləri bilirik və onun həlli istiqamətində mərhələlərlə tədbirlər görməyə hazırlaşırıq”. Mail Ağaxanov

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər